İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 91 qadına “model olacaqsan” deyib satıblar

Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov Milli Məclisdə insan alverinə qarşı mübarizədən danışıb.

Nazir müavinin verdiyi açıqlamada bildirilir ki, ötən il 91 nəfər insan alverinin qurbanı olub.

Musavat.com xəbər verir ki, Seyfulla Əzimov informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq cinayət işinin aşkarlandığını və cinayət işi başladıldığını bildirib:

“Ötən il insan alverinin təbliğatı ilə məşğul olan 156, cari ilin geridə qalan vaxtında isə 124 teleqram, instaqram və  “TikTok” hesabı bağlanıb”.

Qeyd edək ki, ötən il 91 nəfər insan alverinin qurbanı olub.

Seyfulla Əzimovun sadaladığı faktlardan aydın olur ki, insan alveri artıq köhnə filmlərdəki kimi sərhəddə yox, sənin cib telefonundadır. İnsan alverçiləri isə artıq sosial şəbəkələrə inteqrasiya olunub reklam dili ilə danışır, bəzən məşhur simalarla işbirliyində olur, “yüksək maaşlı iş” təklifləri ilə qurbanlarına tələ qururlar. Bu “iş elanları”nın çoxu gənc qadınlara ünvanlanır.

Nazir müavini 2024-cü ildə 44 rəqəmsal cinayət faktının aşkarlanaraq müvafiq tədbir görüldüyünü açıqlayıb.

Bu, aşkarlanan faktlardır.

Görəsən, aşkarlanmayıb “story”lərdə “yüksək maaşlı iş təklifi” verən neçə cinayətkar öz gələcək qurbanını gözləyir? Neçə gənc “model olmaq”, “xaricdə təhsil almaq” arzusu ilə tələyə düşüb?

NATİQ.jpg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan hüquq-mühafizə orqanlarının rəqəmsal sahədə aktiv mübarizəsi təqdirəlayiqdir:

“Cinayətkar qrupların sosial şəbəkələrdəki hesablarının izlənməsi, bağlanması və bu profilləri idarə edən şəxslərin ifşası çox vacib addımdır. Amma bu, yalnız aysberqin görünən hissəsidir. İnsan alverinə qarşı real mübarizə yalnız hüquqi mexanizmlərlə yox, həm də cəmiyyətin hər bir üzvünün məlumatlılığı ilə mümkündür.

Gənclər, xüsusən də gənc xanımlar bilməlidir ki, internetdəki hər təklif iş təklifi deyil. Valideynlər övladlarının kimlərlə yazışdığını, hansı səhifələri izlədiyini bilməlidir. Bu, sırf nəzarət tədbiri deyil, övladlarını qorumaq üçün vacibdir.

Məktəblərdə, universitetlərdə “insan alverinə yox” deyən çarxlar göstərilməli, real həyat hekayələri dinlənilməlidir. Çünki hər belə çarx xeyli vətəndaşı gələcəkdə insan alverinin qurbanı olmaqdan xilas edəcək”.

Natiq Ələsgərov bildirib ki, sosial şəbəkələrdə fırıldaqçılar saxta profillər yaratmaqla kimliklərini gizlədir və qurbanlara etibar hissi aşılaya bilirlər:

“İşsiz, aztəminatlı və ya xaricdə təhsil almaq istəyən gənclərə yalan vədlərlə yaxınlaşırlar. “Asudə iş”, “model işi” , “turizm sahəsində yüksək maaş” kimi cəlbedici elanlar yayırlar. Belə elanlara yeniyetmələr və gənclər emosional baxımdan daha həssasdır və tez inana bilirlər.

Bundan başqa, insanların çoxu onlayn təhlükələrə qarşı özlərini necə qorumalı olduqlarını bilmir. Linklərə klikləyir, şəxsi məlumatlarını paylaşırlar.

Bəzi platformalarda insan alverinə dair fəaliyyətləri vaxtında müəyyən edib bloklamaq üçün alqoritmlər zəifdir və ya gec reaksiya verir. Ona görə də məktəblərdə, universitetlərdə, işəgötürmə mərkəzlərində insan alverinin fəsadları və onun sosial şəbəkələrdəki formaları haqqında təlimlər keçirilməlidir. 

“Instagram”, “TikTok”, “YouTube” kimi sosial şəbəkələrdə vizual çarxlarla gənclərə real nümunələr göstərilməlidir. Rəqəmsal cinayətkarlıqla bağlı qanunvericilik təkmilləşdirilməli və sosial şəbəkələr vasitəsilə insan alverinə cəhd edən şəxslərə qarşı sərt cəzalar tətbiq edilməlidir.

Hüquq-mühafizə orqanları virtual izləmə və monitorinq sistemlərini genişləndirməlidir. “Facebook”, “Instagram”, “TikTok” kimi platformalar insan alveri ilə bağlı açar sözlərə nəzarəti gücləndirməli və şübhəli paylaşımları avtomatik silməlidir. İstifadəçilər üçün təhlükəsizliyə dair xəbərdarlıqlar, “təhlükə bildir” düymələri daha əlçatan olmalıdır”.

N. Ələsgərov deyib ki, insan alveri transsərhəd bir problemdir. Buna görə ölkələr arasında məlumat mübadiləsi, təhqiqat əməkdaşlığı və qlobal maarifləndirmə şəbəkələri qurulmalıdır:

“Ailələr uşaqlarının sosial şəbəkə istifadəsinə nəzarət etməli, onlarla bu mövzuda açıq söhbətlər aparmalıdır.

Müəllimlər və psixoloqlar şagirdlərin davranışındakı dəyişiklikləri müşahidə edərək vaxtında reaksiya verməlidir. Çünki insan alverçiləri ekranın arxasında gizlənir, rəqəmsal dövrün imkanlarından istifadə edib cinayətlərini rahatlıqla törədirlər”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR