Onlayn ictimai-siyasi qəzet
Avtomobildən zibil atanlara 200 manat cərimə tətbiq olunur.
Musavat.com xəbər verir ki, Bakı-Ələt yolunda qeydə alınan xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sürücülərdən biri hərəkətdə olan avtomobilin qapısını açaraq zibili yola atıb. Görüntülər ictimai qınaq doğurub və ətraf mühitin çirklənməsi ilə yanaşı, hərəkət təhlükəsizliyi baxımından da ciddi narahatlıq yaradıb.
Belə hallar digər sürücülərin diqqətini yayındırmaqla yanaşı, qəza ehtimalını artırır. Yola atılan tullantı təkərlərin altına düşərək avtomobilin idarəetmədən çıxmasına, nəticədə yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında deyib:
“Avtomobildən atılan tullantı yol hərəkəti iştirakçılarının hər birinə ziyan verə bilər. Həm nəqliyyat vasitələrinə, həm də insan sağlamlığına xəsarət yetirmə ehtimalı var”.
Ekspertin sözlərinə görə, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsində ciddi maliyyə sanksiyası nəzərdə tutulub:
“Çoxları düşünür ki, cərimə 30 manatdır. Əslində isə fiziki şəxslər üçün 200 manat, hüquqi şəxslər – yəni şirkətə məxsus avtomobillərin sürücüləri üçün isə 4000 manat məbləğində cərimə tətbiq olunur”.
Qeyd edək ki, dünyanın bir sıra ölkələrində bu qayda pozuntusuna görə daha sərt tədbirlər görülür. Məsələn, Almaniyada avtomobildən zibil atan sürücülər 100 avrodan 500 avroya qədər cərimələnirlər. ABŞ-ın bəzi ştatlarında isə belə hallara görə həm yüksək məbləğdə cərimələr, həm də ictimai işlər nəzərdə tutulub. Türkiyədə avtomobildən tullantı atmaq 2 min lirədən artıq cərimə ilə nəticələnir.
Mənzər Novruzlu
Musavat.com
29 Avqust 2025
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ