Onlayn ictimai-siyasi qəzet
Son günlər sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında Türkiyə vətəndaşlarının bir qismi arasında “Azərbaycanlılar qardaşımız deyil” tipli çağırışların yayıldığı müşahidə olunur.
Müxtəlif profillərdən paylaşılan videolarda guya “Azərbaycanla qardaşlıq mənasızdır, əsl qardaş kürdlərdir” kimi fikirlər səsləndirilir. Həmin materiallarda açıq-aşkar Azərbaycan xalqı hədəfə alınır, saxta müqayisələrlə türk toplumunda parçalanma yaratmaq cəhdi edilir.
Bir neçə gün öncə də türkiyəli bloger öz TikTok səhifəsində Azərbaycan xalqı barəsində təhqiramiz fikirlər səsləndirib. O, xalqımıza xas olmayan cəhətləri sadalayaraq, qarayaxma kampaniyası aparıb: “Azərbaycanlıları sevmirəm. Onları sevmək məcburiyyətində deyilsən. Amma bunu anlamalısan ki, sənin həyatına heç bir faydası olmayan azərbaycanlılara qardaş deyirsən. Onların söyüşkənliyi, təhsilsizliyi, kasıblığı sənə bir şey verməz. Amma səninlə eyni torpaqda yaşayan kürdlər işində, ticarətində, qonşuluğunda sənə fayda verər. Sən Azərbaycanı, sadəcə, televiziyadan izləyirsən. Amma yanındakı kürdlə hər gün eyni havanı alırsan. Ən böyük yanlış budur: gerçək qardaşı görmürük, heç bir faydası olmayanı ucaldırıq. Artıq gözünü aç. Gerçək qardaşın yanındakı xalqdır, uzaqdakı romantik qardaş nağılları deyil”.
Daha sonra o, digər paylaşımında da yazıb: “Türkmənistan, Özbəkistan, Qazaxıstan gözəl ölkələr ola bilər, amma mənim qardaşım deyillər. Mənim qardaşım bu torpaqlarda yaşayan, eyni çörəyi böldüyüm, əsgərlikdə çiyin-çiyinə dayandığım kürdlərdir. Azərbaycanlılar mənə nə verdi? Siyasətçilər nağıl danışdı, qardaşlıq mahnısı oxudular. Mənə Azərbaycan romantizmindən danışmayın. Mənim qardaşım kürdlərdir”.
Əlbəttə, bu cür kampaniyalar təsadüfi deyil. Əslində Türkiyə ilə Azərbaycanın son illərdə qurduğu strateji müttəfiqlik, hərbi-siyasi ittifaq, “Bir millət, iki dövlət” fəlsəfəsi bölgədə müəyyən qüvvələrin planlarını pozur. Qarabağ Zəfərindən sonra Türk dünyasının daha da yaxınlaşması, Zəngəzur dəhlizinin aktuallaşması, Türk Dövlətləri Təşkilatının güclənməsi həm Qərbdə, həm də regiondakı bəzi dairələrdə ciddi narahatlıq yaradıb.
Məsələ burasındadır ki, sosial şəbəkələrdə yayılan bu tipli “anti-Azərbaycan” mesajların müəllifləri sadə blogerlər deyil, daha çox xaricdən yönləndirilən, sifarişlə hazırlanmış təxribatçı kontentdir. Məqsəd açıqdır: türk-kürd münasibətlərini Azərbaycan məsələsi üzərindən manipulyasiya etmək, qardaş xalqlar arasında inamsızlıq toxumu səpmək, Türkiyə-Azərbaycan birliyini sarsıtmaq.
Rauf Arifoğlu: “Belə yaramazların cavabını türk milləti özü verir” |
Əslində tarix və reallıq bütün bu iddiaları darmadağın edir. Çünki Azərbaycan və Türkiyə xalqları eyni etnik, dini, mədəni köklərdən gəlir. Onları birləşdirən ortaq dil, tarix və taledir. Qarabağ müharibəsində Türkiyə dövlətinin və xalqının Azərbaycana dəstəyi bunun ən parlaq nümunəsidir. Həmin günlərdə milyonlarla Türkiyə vətəndaşı küçələrə çıxaraq “Can Azərbaycan!” şüarları səsləndirirdi.
Sosial şəbəkələrdə dolaşan bu tipli təxribatçı mesajlar əslində bir “kimlik savaşı” yaratmaq məqsədi güdür. Halbuki həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti yaxşı anlayır ki, bu ssenarilərin arxasında ya erməni lobbisi, ya da bölgədə Türk birliyindən qorxan qüvvələr dayanır.
Damarında türk qanı olan, milli kimliyinə sahib çıxan bir insan bu təxribatlara uyarmı? Cavab aydındır - yox. Çünki Azərbaycanla Türkiyənin qardaşlığı romantik nağıl deyil, real tarixi və siyasi həqiqətdir.
Rauf Arifoğlu
“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, yayılan bəzi videolarda Azərbaycan xalqı, eləcə də ümumən Türk dünyası haqqında aşağılayıcı ifadələrin işlədilməsini narahatlıqla izləyir: “Bu materialların müəllifi olan blogerin mahiyyət etibarilə antitürkçü mövqedən çıxış etdiyi, türk varlığını - istər uyğurları, istər özbəkləri, qazaxları, qırğızları, türkmənləri, istərsə də Azərbaycan və Anadolu türklərini hədəfə aldığı açıq görünür.
Onun nə Azərbaycanı tanıdığı, nə də ölkəmizdə olduğu barədə heç bir fakt yoxdur. Videolarından da aydın görünür ki, məqsədi maarifçilik yox, türkləri təhqir etmək və “kürd faktoru”nu süni şəkildə qabartmaqdır. Bu şəxsin hər çıxışında 50 milyonluq “kürd sayı” iddiası ortaya atılır, halbuki dünya miqyasında belə bir rəqəm reallığa uyğun deyil. Əslində isə bu, türk xalqlarının nüfuzunu azaltmaq məqsədi güdən təbliğatdır.
Ən mühümü odur ki, həmin şəxsin yaydığı nifaq dolu mesajlara cavabı bizdən daha çox türk qardaşlarımız özləri verir. Onun paylaşımlarının altında yazılan rəylərdə həm türklər, həm də kürdlər açıq şəkildə bildirirlər ki, Azərbaycan onların qardaşı və dostudur".
R.Arifoğlunun sözlərinə görə, Türkiyə və Azərbaycan qardaşlığı təkcə şüar deyil, tarixin, müharibələrin, faciələrin sınağından çıxmış bir həqiqətdir: “Böyük türk blogerləri, milyonlarla izləyicisi olan yaradıcı insanlar Azərbaycana səfər edir, Bakını, ölkəmizin inkişafını və insanlarımızın qonaqpərvərliyini heyranlıqla təqdim edirlər. Bu, əsl reallıqdır və heç bir təxribatçı bu həqiqəti dəyişə bilməz.
Biz Azərbaycan olaraq həm Anadolu türklərinin, həm də bütöv Türk dünyasının yanındayıq. Nifaq yaratmaq istəyən belə yaramazların cavabını isə ən gözəl şəkildə türk milləti özü verir".
Tənzilə Rüstəmxanlı
Mövzu ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı da qəzetə danışıb: “Bu cür çıxışların, videoların qətiyyən Türkiyənin və türk ziyalılarının heç birinə aidiyyəti yoxdur. Əmin olun ki, bunu yenə də kürdlərin özünə ən böyük pisliyi etmək istəyən PKK zehniyyətinin nümayəndələri edir. Həmçinin ermənilərə ən böyük pisliyi edən erməni diasporunun zehniyyətidir. Müəyyən zaman aralığında belə məsələləri ortaya atıb çağırışlar edir. Qafqazda Türkiyənin mövqeyinin ən güclü olduğu bir vaxtda qızışdırıcılıq etməklə Azərbaycanla Türkiyənin arasını vurmaq istəyirlər.
Türkiyədə yaşayan kürdlər Türkiyə vətəndaşıdır. Kürdlər Türkiyəni bölmək istəyən güclərin maşası olmadıqca, həm türklərin, həm də azərbaycanlıların qardaşlarıdır. Biz Türkiyənin bütövlüyündən yana olan kürdlərə qardaş deyirik.
Bloger deyir ki, azərbaycanlılar savadsızdır. Halbuki Azərbaycan bölgədə təhsil səviyyəsi ən yüksək olan dövlətlərdən biridir. Onun söylədikləri boş və cəfəng fikirlərdir. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir. Bizi bağlayan tək dövlətlərarası münasibətlər deyil, bir-birimiz üçün verdiyimiz şəhidlərin ruhudur. Bu birlikdəliyə heç bir zehniyyət kölgə sala bilməz".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ