İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddəki “baş casus” Bakını şərlədi - sərt təpki

Vaşinqton razılaşması Aİ missiyasının bölgədən gedişini ehtiva edir

“Gəldiyimiz zaman üç vəzifəmiz var idi: varlığımızla vəziyyəti sakitləşdirmək, ikincisi, insanlar arasında təhlükəsizlik hissi yaratmaq və etimadın yaranmasına kömək etmək”. 

Bunu Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter deyib. 

Onun sözlərinə görə, Azərbaycanla iş o qədər də uğurlu alınmayıb. Ritter deyib ki, sərhəddə erməni əhalisi ilə işləyirlər: “170 QHT ilə işləməyə çalışırıq, onların bəziləri ilə müntəzəm əlaqə saxlayırıq. Keçən ilin sonunda Avropa ideologiyasını təqdim etmək üçün sərhədyanı məktəblərə getməyə başladıq. Çoxlarının Aİ-nin nə olduğu barədə təsəvvürü yoxdur, əgər belədirsə, Rusiya televiziyalarında bu, xüsusilə gəncləri reallaşdırmağa çalışıb. AB-nin nə üçün yaradıldığı ilə maraqlanırlar”.

Sərhəddə kəşfiyyat və casus fəaliyyəti şübhə doğurmayan bu missiyanın başçısı Azərbaycanla işin uğurlu alınmadığını iddia edib. Nəyi nəzərdə tutduğu aydın olmasa da, Azərbaycan ərazisində də belə bir patrul xidmətinin yerləşməməsindən məyusluğu hiss edilir. Rəsmi Bakı isə ilk gündən buna razı olmamışdı. Ardınca missiya heyətin tərkibini və qalma müddətini uzatdı, amma Azərbaycanın rəyini almadan bu özbaşınalığa gedildi.

İndi isə bu missiya çıxıb getmək əvəzinə lüzumsuz replikalarını davam etdirir. Onsuz da bu jandarma xidməti Azərbaycanla şərti sərhədi tərk etməlidir. Birincisi, sülh sazişi paraflanıb, ikincisi, elə bu yaxınlarda baş nazirlərin müavinləri hər iki ölkənin ərazisində görüşərək delimitasiyanı müzakirə ediblər. Yəni missiyası guya atəşkəsin monitorinqi olan Aİ şəbəkəsinin fəaliyyətinə zərurət yoxdur, çünki hərbi eskalasiya riski sıfıra endirilib. O zaman missiya niyə gəldiyi yerə qayıtmır? Məqsəd Avropa İttifaqının Ermənistanda həm də bu ad altında mövcudluğunu təmin etməkdir?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin iştirakı ilə avqustun 8-də Vaşinqtonda imzaladıqları razılaşmada olan bir bənd əslində Avropa İttifaqı müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxması zərurətini yaradır: "8 avqust razılaşmasında belə bir bənd var: Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər". 

Elxan Şahinoğlu: "İranın Rusiya ilə strateji tərəfdaş olması bizi ciddi  düşündürməlidir"

Elxan Şahinoğlu

Bu bənd sərhədin müəyyənləşdirilməsi prosesinin davam etdirilməsi ilə yanaşı, Azərbaycanla Ermənistan sərhədində Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin dayandırılmasını da ehtiva edir. Avropa İttifaqı rəhbərliyi Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını dəstəkləyib. Bu o deməkdir ki, Avropa İttifaqı sazişdən irəli gələn tələbləri yerinə yetirməlidir. Avropa İttifaqının missiyasının lazımsız olduğuna dəlalət edən digər səbəb iki ölkə arasındakı sərhəddə sabitliyin mövcudluğudur. Belədirsə, həmin missiya hansı vəzifəni həyata keçirir? Avropa İttifaqı Ermənistandakı missiyasının varlığını davam etdirməkdə israrlı olarsa, bu Brüsselin Azərbaycanla münasibətlərinə mənfi təsir edəcək". 

Politoloq hesab edir ki, buna baxmayaraq, Ermənistanda Avropa İttifaqı müşahidə missiyasının ömrünə az qalıb: “Gələn il iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan hökuməti özü Brüsselə müraciət edərək missiyaya ehtiyac olmadığını bəyan etmək məcburiyyətində qalacaq. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan anlamamış deyil ki, sülh müqaviləsindən sonra da missiya Azərbaycanla sərhəddə fəaliyyətini davam etdirərsə, bu lazımsız gərginliyə yol açacaq. Avropa İttifaqı onsuz da özünün nümayəndəliyi, səfiri vasitəsilə, digər vasitələrlə Ermənistanda mövcuddur. Azərbaycanla sərhəddə müşahidə missiyasına ehtiyac yoxdur”

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR