Onlayn ictimai-siyasi qəzet
Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Ermənistan hələ də iştirakını təsdiqləməyib, Azərbaycan isə ilkin təklifdən imtina edib. Nazir qeyd edib ki, müsabiqədə 20-dən çox ölkə iştirak edəcək.
İnternet resurslarında yayılan məlumatlara görə, “İnterviziya” mahnı müsabiqəsi ilk dəfə 1977-ci ildə Polşanın Sopot şəhərində keçirilib. Bu yarışma əsasən sosialist blokunun - SSRİ, Polşa, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, Almaniya Demokratik Respublikası və digər sosialist ölkələrinin iştirakı ilə təşkil olunurdu. Əsas məqsəd isə Qərbdə məşhur olan “Avroviziya”ya qarşı “sosialist alternativi” yaratmaq idi.
Müstəqillikdən sonra Azərbaycan “Avroviziya” müsabiqəsinə qoşuldu və 2008-ci ildən başlayaraq hər il iştirak etməyə başladı. 2011-ci ildə “Ell & Nikki” dueti ilə qalib gəlməyimiz ölkəmizi beynəlxalq mədəniyyət xəritəsinə yazdı və Bakıda keçirilən 2012-ci il “Avroviziya” müsabiqəsi Azərbaycanın imicinə mühüm töhfə verdi.
Nəhayət ki, Rusiya 2025-ci ilin sentyabrında Moskvada “İnterviziya”nı yenidən bərpa etmək fikrinə düşdü. Siyasətçilər bu cəhdi Qərblə mədəni rəqabətin bir forması kimi qiymətləndirir. Moskva bunu, sadəcə, musiqi yarışması kimi yox, həm də “Qərb təsirinə qarşı mədəni ideoloji layihə” kimi təqdim edir.
Müsabiqədə “20-dən çox ölkə”nin iştirakının təsdiqləndiyi bildirilir. Lakin bəzi ölkələr, o cümlədən Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri əsasən daxili səbəblərdən və hazırlıq vaxtının çatmamasından dolayı yarışmada iştirak etməyəcəklərini açıqlayıblar.
Bəs Azərbaycanın “İnterviziya” müsabiqəsindən imtina etməsi hansı səbəblərlə bağlı ola bilər? Bu, sırf mədəni seçimdir, yoxsa siyasi motivləri də var?
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında deyib ki, Rusiya Prezidenti Vladimir Putin Qərbin müxtəlif strukturları ilə rəqabət aparmağa çalışır: “Məsələn, Putinin 2000-ci illərin əvvəllərində formalaşdırdığı Avrasiya İqtisadi Birliyi Avropa İttifaqının bənzəri kimi düşünülüb. Halbuki reallıqda Avrasiya İqtisadi Birliyinə üzv ölkələr Avropa İttifaqı ölkələri müqayisə oluna bilməz. Avropa İttifaqının oturuşmuş maliyyə qurumları mövcuddur, mütəmadi toplantılar keçirirlər. Avrasiya İqtisadi Birliyi üzvləri arasında maraqlar fərqlidir. Kreml vaxtilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da NATO-ya bənzərlik əsasında təsis edib. Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da NATO ola bilmədi”.
Politoloqun fikrincə, Kreml bunun ardınca Avropanın “Avroviziya” yarışmasına alternativ olaraq “İnterviziya” təsis edib: “Bu da onunla bağlıdır ki, Rusiya sanksiyalara görə "Avroviziya" yarışmasından kənarlaşdırılıb. Kreml indi çalışır ki, “İnterviziya” yarışmasına mümkün qədər çox ölkənin müğənnisi təşrif buyursun. Kremlin digər layihələri kimi bu layihənin də uğur qazanacağı şübhə doğurur. Rusiyanın xarici və təhlükəsizlik siyasəti dəyişmədikcə, dost və tərəfdaşları düşmənə çevirdikcə, Kremlin müxtəlif, o cümlədən mədəniyyətlə bağlı layihələrinə məhdud sayda iştirakçı qatılacaq".
Pərvin Səfərov
Müğənni Pərvin Səfərov isə “Yeni Müsavat”a açıqlamasında bildirib: “Əlbəttə ki, Azərbaycanımızı beynəlxalq arenalarda görmək və təmsil etmək hər bir azərbaycanlı üçün, o cümlədən mənim üçün böyük qürurdur. Lakin əgər məsələ siyasi xarakter daşıyırsa, bu halda dövlətimizin verdiyi qərar və maraqları hər şeydən üstün tutulmalıdır. Azərbaycan bu gün dünya arenasında siyasi, idman və incəsənət sahələrində mühüm nailiyyətlər əldə edərək, öz qüdrətini sübut etməkdədir.
Mən dəfələrlə Moskva şəhərinə səfər etmişəm. Bir azərbaycanlı müğənni kimi orada tez-tez oluram. Təəssüf ki, son zamanlar münasibətlərdə yaranmış gərginlik bu səfərlərdə də özünü göstərir. Hər dəfə hava limanında pasport yoxlanışında uzun saatlar gözlədilirik. Sonuncu dəfə hətta telefonumu əlimdən aldılar, məni 8 saat saxladılar, sosial şəbəkə hesablarımı yoxladılar. Məqsəd isə sadə idi: görəsən, Rusiya əleyhinə hansısa fikir, yaxud siyasətə dair bir paylaşım etmişəmmi? Bu, sadəcə, mənim başıma gəlməyib.
Hətta sonuncu dəfə hava limanında gördüm ki, “Dinamo”nun dəvəti ilə Rusiyaya gedən “Neftçi” klubunun azyaşlı futbolçularını məşqçiləri ilə birlikdə saatlarla saxlamışdılar. Bu kimi münasibətlər, sözsüz ki, çox yorucudur və xoşagəlməzdir. Elə buna görə də bir daha vurğulayıram: mən dövlətimizin qərarını tam dəstəkləyirəm. Bu, belə də olmalıdır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ