Onlayn ictimai-siyasi qəzet
Azərbaycandan Çin Xalq Respublikasına quş əti və quş əti məhsullarının ixracı ilə bağlı işlər intensiv şəkildə davam etdirilir.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı rəsmi məlumatda bildirilib. Qeyd olunur ki, AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq danışıqlar aparılır, qarşılıqlı razılaşmaların əldə olunması üçün onlayn görüş keçirilib. Tərəflər Azərbaycanın Çin bazarına çıxışı üçün zəruri tələbləri və prosedurları müzakirə ediblər. Bununla yanaşı, AQTA Çinə məhsul ixracına maraq göstərən yerli quş əti istehsalçıları ilə görüş keçirib, onlara Çinin idxal qaydaları və texniki tələbləri barədə ətraflı məlumat verib.
Mövzu ilə bağlı “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Musavat.com-a danışıb. O bildirib ki, bu istiqamətdə aparılan işlər Azərbaycan üçün mühüm imkanlar yarada bilər:
"Sevindirici haldır ki, belə nəhəng bazara, Çinə ixrac etmək şansımız yaranır. Hazırda 3 yerli şirkət yumurta məhsulları üzrə ABŞ bazarına ixrac həyata keçirir. Ümumilikdə isə Azərbaycan 10-dan çox ölkəyə ixrac edir. Daxili bazarda yumurta istehsalı 135-140 faiz səviyyəsindədir, yəni ehtiyacımızdan artıq istehsal edirik və ixrac üçün kifayət qədər məhsulumuz var. Quş əti istehsalımız isə hazırda 85-90 faiz təşkil edir. Yaxın gələcəkdə quş əti ixracına tam hazır olacağımızı düşünürəm”.
Mürvət Həsənlinin sözlərinə görə, Çin bazarına çıxış Azərbaycan istehsalçıları üçün böyük perspektivlər aça bilər: "Çin əhalisinin çoxluğu və bu ölkədə ətə olan yüksək tələbat Azərbaycan məhsulları üçün real ixrac imkanları yaradır. Bu, daxili istehsalın artmasına, təsərrüfatların genişlənməsinə, sektorda yeni investisiyaların cəlb olunmasına təkan verəcək. Çin kimi böyük bazarda mövcudluq əldə etmək sahənin gələcəyinə ciddi təsir göstərə bilər".
Mənzər NOVRUZLU,
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ