Onlayn ictimai-siyasi qəzet
Gələn ilin büdcə layihəsində bələdiyyələrə ayrılacaq vəsaitin həcmi açıqlanıb. Musavat.som Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə layihəsinə istinadən xəbər verir ki, bələdiyyələrə veriləcək dotasiya məbləği 7 milyon 500 min manat, subvensiya isə 1 milyon 550 min manat nəzərdə tutulub. Cari ilin dövlət büdcəsində də bələdiyyələrə eyni məbləğlərdə dotasiya və subvensiya ayrılmışdı.
Artıq 36 ildir ki, Azərbaycanda yerli özünüidarəetmə orqanı kimi bələdiyyələr yaranıb. Lakin bu dövr ərzində bələdiyyələr özünü doğruldub, yerli problemləri həll edə bilən idarəetmə qurumuna çevrilə bilmədi. Bunu fərqli səbəblərlə izah edirlər - kimi deyir, səbəb bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçməməsidir, bəziləri problemləri bələdiyyələrin səlahiyyətlərinin məhdud olması ilə izah edir, bəziləri isə bələdiyyələrin inkişaf etməməsini onların çox kiçik və bundan dolayı maliyyə vəsaitinin az olmasında görür.
Bir neçə ildir ki, bələdiyyələrin DSMF-yə və digər orqanlara külli miqdarda borcları olması barədə ciddi müzakirələr aparılır. Bununla bağlı Prezident Administrasiyanın müvafiq sektoru da bir sıra addımlar atıb.
Bələdiyyələrin maliyyə mənbələrinin məhdud olması onların güclü institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Təbii ki, kənar maliyyə mənbələri genişləndikcə büdcə vəsaitlərinə tələb də azalmalıdır. Bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asılılığını gücləndirir.
Qeyd edək ki, Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb.
Ədliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, bununla əlaqədar müvafiq məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.
Xatırladaq ki, yanvarın 14-də baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması barədə sərəncam imzalamışdı.
Ötən il noyabrın 25-də isə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Qanunu təsdiqləmişdi.
Vüqar Bayramov
Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, bələdiyyələrin şəffaf olması, öz fəaliyyətləri ilə bağlı vətəndaşlara mütəmadi məlumat verməsi vacibdir. Bizimmedia-ya açıqlamasında deputat qeyd edib ki, bir sıra ölkələrdə bələdiyyələr maliyyə hesabatlarını təqdim edirlər: “Azərbaycanda da bələdiyyələrin şəffaflığı gücləndirmək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən intensiv işlər görülür. Vətəndaşlarımızın da aktiv olması, bələdiyyələrdən məlumat alması önəmlidir. Bələdiyyələr vətəndaşlara hesabat verməlidir. Bələdiyyələr yerli idarəetmə orqanıdır. Vətəndaşların bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat almasına ehtiyac var. İnkişaf etmiş ölkələrdə, o cümlədən Şərqi Avropa ölkələrində olduğu kimi, vətəndaşlar bələdiyyə qərarları ilə bağlı təkliflər verməlidirlər. Buna görə də vətəndaşlar və bələdiyyələr arasında əlaqələr genişləndirilməlidir”.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, bələdiyyələrin yaradılması zamanı gələcək idarəetmə forması və s. məsələlər düşünülməyib. Onun sözlərinə görə, bələdiyyələrin illik 45-50 milyonluq büdcəsi işçilərin sayına bölünsə, işçilərin aylıq maaşı minimal əməkhaqqından bir qədər artıqdır: “Bələdiyyələrin maliyyəsi, statusu zəifdir. Ölkə bələdiyyələri inkişaf etdirmək istəyirsə, idarəetmə forması dəyişməlidir. Yerli icra hakimiyyəti orqanları kiçildilməlidir, səlahiyyətləri məhdudlaşdırılmalıdır. Sadəcə, yerli nümayəndəliklər olmalıdır. Yerli əhəmiyyətli bütün təsərrüfat işləri bələdiyyələrə ötürülməlidir. Bələdiyyələrə seçkilər indiki vəziyyətdə aktual deyil. Bələdiyyə üzvü olmaq istəyən şəxslərin sayı məhduddur. Bələdiyyələr müəyyən müddət ərzində torpaq alqı-satqısı ilə bağlı maraq cəlb edirdi. Daha sonra bələdiyyələrin bu sahədəki imkanları məhdudlaşdırıldı. Bələdiyyələrin yerli əhəmiyyətli hər hansı məsələdə xüsusi rolunun şahidi olmamışıq. Bələdiyyələrin vergi toplama imkanları da məhduddur. Əhali bu instituta inanmadığı üçün vergi verməyə maraqlı deyil. Bu institutun faydasını hiss etmədiyi üçün bələdiyyəyə əmlak, mənzil, torpaq vergisini ödəmək istəmir. Bələdiyyəyə inam, etibar yoxdur. Azərbaycanda bələdiyyələr institut kimi formalaşa bilmədiyi üçün onlara ciddi səlahiyyət verilmədi”.
X.Kərimli qeyd etdi ki, bələdiyyələrin inkişafı üçün qanunvericiliyə yenidən baxılmalıdır: “Mahiyyət ondan ibarətdir ki, mərkəzi hakimiyyət xüsusilə təsərrüfatla, problemlərin həlli ilə bağlı məsələlərdə idarəetməni yerlərdə bələdiyyələrə həvalə etməlidir. Görünən odur ki, mərkəzi hakimiyyət bunu etməkdə maraqlı deyil. Əgər belə niyyət yoxdursa, bəlkə də bələdiyyələrin ləğv edilməsi daha məqsədəuyğun olar. Bu suala konkret cavab tapmalıyıq - bələdiyyə bizə lazımdır, ya yox? Bu baxımdan islahatların keçirilməsi ilə bağlı siyasi qərar verilməlidir. 20-25 ildir mövcud olan bu qurum faktiki olaraq fəaliyyətsizdir. Bələdiyyələri fəaliyyət göstərən qurumlar kimi formalaşdırmalıyıq, bunun üçün də mərkəzi hakimiyyət yerli səlahiyyətlərdən imtina etməlidir. Demokratik seçkilər isə sonrakı mərhələdir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ