Onlayn ictimai-siyasi qəzet
Tibb elmləri doktoru, professor Südeyf İmamverdiyev (BakuPost) açıqlamasında deyib ki, səhiyyə müəssisələrinə gələnlərə xəstə kimi yox, bankomat, yəni maliyyə mənbəyi kimi baxılır. Onun sözlərinə görə, əgər hər kəsin dünyada olduğu kimi, tibbi sığorta kartı (yaşıl kart) olsa və tibb işçilərinin maaşı vahid tarif cədvəlinə görə verilsə, sığortadan asılı olmasa, belə acınacaqlı vəziyyət yaranmaz.
İmamverdiyev bildirib ki, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən adıçəkilən kartlar məqsədli şəkildə pasiyentlərə verilmir: “Ki, tibbi sığortaya ayrılmış və hər ay işçilərin maaşından tutulan vəsait bax beləcə, kimlərəsə sərf edilən şəkildə "silinsin". Kimi dindirirsən, hamı tibbi xidmətdə olan yarıtmaz vəziyyətdən danışır. Bütün problemlərin kökü məhz bu vəsaitin necə xərclənməsi, xəstənin əlindən məqsədli şəkildə alınmasıdır. Tibb işçilərinin maaşına sığortadan əlavələr təcili tibbi yardımda tətbiq edilən şəkildə digər səhiyyə müəssisələrinə də aid edilsəydi, fikrimcə, vəziyyət qismən də olsa müsbətə doğru dəyişərdi. Deyirlər ki, həkim çatışmır. Qanunvericiliyə görə, ali tibbi təhsili olub diplomu olan şəxs tibbi fəaliyyətlə məşğul ola bilər. Bəs işə qəbul niyə imtahanla aparılır?"
O da qeyd edilib ki, gigiyena, epidemiologiya, kommunal gigiyena (bura kanalizasiya sistemi də aiddir) ixtisasları üzrə rezidentura nəzərdə tutulur, ancaq bir çağırışda kardioloq, birində ginekoloq, birində pediatr, birində travmotoloq və s. olmağa çalışan təcili tibbi həkimi üçün isə nəzərdə tutulmur.
Vaqif Qarayev
İlərin təcrübəli həkimi, tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İcbari tibbi sığortadan ən çox gözləntisi olan həkimlərdən biri mənəm. İcbari tibbi sığortanın iki tərəfi var - həm əhaliyə xidmət edən tibb personalı, həm də insanlar. Mənim ən böyük gözləntim nə idi? Həkimlərlə xəstələr arasında olan əlavə ödənişlərin, rüşvət hallarının sığortanın hesabına aradan qaldırılması idi və deyə bilərəm ki, böyük ölçüdə bu, aradan qaldırılıb. İkinci məsələ isə odur ki, əvvəllər insanlar tanış həkim axtarırdılar, kimə getməli olduqlarını bilmirdilər. İndi isə artıq əhali bilir ki, hara müraciət etməlidir və nə etməlidir.
Amma hamı kimi mən də dövlət tibb müəssisələrindəki növbələrdən narazıyam. Əslində bütün dünyada tibbi sığortanın tətbiq edildiyi dövlət müəssisələrində növbə var və bu, qaçılmazdır. Sadəcə, təcili müdaxiləyə ehtiyacı olan xəstələr növbəyə salınmamalıdır, onlar dərhal qəbul olunmalıdır. Bizdə isə pasiyent əvvəl qeydiyyatdan keçir, sonra həkimin yanına gəlir, həkim onu müayinəyə göndərir, o, yenidən qeydiyyata qayıdır, hansı kabinetə yönləndiriləcəksə, ora təkrar növbəyə durur, cavabı gətirəndən sonra yenə növbəyə dayanır. Məncə, bu proses mərkəzləşdirilə bilər - xəstə bir dəfə qeydiyyatdan keçsin və artıq təkrar-təkrar növbələrə durmaq məcburiyyətində qalmasın".
Həkim qeyd edib ki, dünyanın hər yerində sığorta tətbiq olunan sistemlərdə müəyyən çətinliklər olur: “Bizdə də olacaq, sadəcə, ədalətli şəkildə idarə olunmalıdır. Əhali də, tibb personalı da bu sistemə uyğunlaşmalıdır. Şəffaflıq var, irəliləyiş də var, amma daha yaxşı ola bilər. Bir də mənim düşüncəmə görə (bilmirəm nə dərəcədə doğrudur), əgər sığorta pulunu dövlət verirsə, onda bu vəsait özəl tibb müəssisələrində də istifadə oluna bilər ki, yük dövlət xəstəxanalarının üzərində qalmasın.
Onsuz da bizdə kifayət qədər özəl tibb müəssisəsi var və onların çoxunda yüksək səviyyədə müayinə aparılır. Məncə, növbələrin qarşısını almaq üçün sığorta xidmətlərindən özəl tibb müəssisələrində də istifadə edilməlidir. Bu, mənim şəxsi fikrimdir. Təbii ki, bu işin içində olanlar, qərar verənlər bunu bizdən daha yaxşı bilirlər və necə tətbiq olunacağını da onlar müəyyən edirlər.
Sonda iki əsas məsələni qeyd etmək istəyirəm: birincisi, qeydiyyat prosesi mərkəzləşdirilsin ki, xəstə hər dəfə təkrar qeydiyyata durmasın. İkincisi, dövlət müəssisələrindəki növbələrin yükünü azaltmaq üçün özəl sektor da prosesə cəlb olunsun. Üstəlik, bölgələrdən Bakıya çox böyük axın var. Çünki rayonlarda həkim çatışmazlığı var, bunu danmaq olmaz. Avadanlıq və müayinə metodları da iri şəhərlərlə eyni səviyyədə deyil. Bu səbəbdən insanlar məcburən Bakıya gəlirlər və növbələr daha da artır. Hər dəfə deyilir ki, filan rayonda iş görüləcək, filan yerdə şərait yaradılacaq. Reallıqda nə qədər edilir bilmirəm, amma edilsə, əlbəttə, çox yaxşı olar".
Bütün bunlar göstərir ki, Azərbaycanda icbari tibbi sığorta sistemi hələ tam oturuşmayıb və nəzərdə tutulan sosial funksiyanı tam yerinə yetirə bilmir. Sistemin daha səmərəli işləməsi üçün struktur islahatları, şəffaflığın artırılması, tibbi xidmətlərin mərkəzləşdirilmiş qaydada təşkili və xüsusilə də regionlarda tibbi infrastrukturun gücləndirilməsi vacibdir. Əgər bu problemlər köklü şəkildə həll olunmasa, sistemin əsas məqsədi - əhaliyə keyfiyyətli və bərabər tibbi xidmət təmin etmək reallıqda kağız üzərində qalacaq.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ