Onlayn ictimai-siyasi qəzet
Ermənistanın revanşist dairələrinin illərlə “Artsax” adlandırdıqları Azərbaycan torpaqlarını “iqtisadi dayaqları” kimi təqdim etmələrinin arxasında acı bir reallıq dayanıb.
Musavat.com xəbər verir ki, indi həmin dairələr etiraf edirlər ki, Ermənistanın taxıl ehtiyacının 60 faizi uzun illər işğal altında saxladıqları Qarabağ ərazilərindən təmin olunub.
Erməni sosial şəbəkələri və teleqram kanallarında yayılan məlumatlara əsasən, İrəvanda yaşayanların çoxu bu günə qədər illərlə yedikləri çörəyin ununun məhz Azərbaycan torpaqlarından gəldiyini bilmirmiş. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı kimi məhsuldar bölgələr Ermənistanın ət, un, meyvə-tərəvəz və su ehtiyacının əsas mənbəyi olub.
İşğal illərində Ermənistan təkcə taxıl deyil, həm də heyvandarlıq, meyvəçilik və üzümçülük sahələrindən gəlir əldə edib. Qarabağda saxlanılan mal-qara Ermənistanın ət ehtiyacının böyük hissəsini qarşılayırdı. Azərbaycanın meşə ehtiyatları isə amansız şəkildə talan olunaraq İrana və digər ölkələrə satılıb. Hətta kənd evlərinin daşları, qəbir daşları belə sökülərək aparılıb.
Bu gün Ermənistan cəmiyyətində səslənən “60 faiz taxıl” rəqəmi, işğal dövründəki iqtisadi asılılığın miqyasını açıq şəkildə göstərir. Bu, həm də Ermənistanın iqtisadi sabitliyinin Azərbaycan torpaqlarının hesabına qurulduğunun rəsmi təsdiqidir. İndi isə Ermənistan həmin torpaqlardan keçən taxıl tranzitinə sevinmək məcburiyyətində qalır.
Bu etiraflar göstərir ki, Ermənistan indi nəinki Qarabağ torpaqlarını, həm də illərlə taladıqları sərvətləri itirib. İqtisadi və ərzaq baxımından tam asılı vəziyyətə düşən ölkə, indi Azərbaycanın tranzit icazəsini “siyasi nailiyyət” kimi təqdim edir. Halbuki bu, əslində, Ermənistanın illərlə gizlətməyə çalışdığı reallığın – yəni Qarabağdan asılılığının rəsmi etirafıdır.
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ