Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Brilliant Dadaşova sosial media hesabında paylaşım edib. Sənətçi Qaraçuxurda pulsuz dönər paylanılmasını qınayıb. Belə ki, ifaçının yayımladığı görüntülərdə azyaşlı uşaqların çoxluq təşkil etməsi diqqət çəkib: “Rayonlarda mal-qaranın ağzına yara düşüb. Uşaqlara bunu etməyin. Vicdanınız olsun”, - deyə B. Dadaşova paylaşımında yazıb.
Qeyd edək ki, əvvəlcə Ağcabədi, indi də Cəlilabad və Qaxda heyvanlar arasında yoluxucu virus yayıldığı bildirilir. Söhbət fermerlərin qorxulu yuxusuna çevrilən dabaq xəstəliyindən gedir. Heyvanların xəstələnməsi fermerlərdə narahatlıq yaradıb. Bəzi sahibkarlara ciddi ziyan dəyib. Cəlilabad rayonunun Uzuntəpə kənd sakini deyir ki, 30-a yaxın xırdabuynuzlu heyvanı tələf olub.
Artıq bir aya yaxındır ki, Qaxın Qaysarlı kəndində də heyvanlar arasında yayılan bu virus kəndli-fermerləri xeyli ziyana salıb. Onların sözlərinə görə, xəstəliyin fəsadları qaçılmazdır: məhsuldarlığı kəskin azalıb - süd verimi 50-70% aşağı düşüb. Heyvanların ağız boşluğunda, dırnaqlarda və bəzi nahiyələrdə yaralar əmələ gəlir. Bundan başqa, xəstə heyvan yem yeyə bilmir, hərəkəti çətinləşir, bəziləri isə bir müddət sonra ölür.
Xalq artistinin isə çağırışı ona işarə edir ki, xəstə heyvanların əti Bakıya gətirilir və dönərxanalara paylanır. Onsuz da dönər ətinin mənşəyi ilə bağlı tez-tez müxtəlif iddialar səslənir, xəbərdarlıqlar olunur. Son aylarda ayrı-ayrı regionlarda dönərdən kütləvi zəhərlənmələr də olub. Bu mənada diqqətli olmaq, dabaq xəstəliyi ilə bağlı yoxlamalar aparmaq əşhədü-ehtiyacdır.
Bəs hazırda bu problemlə bağlı vəziyyət nə yerdədir və dönərxanalara həmin xəstə heyvanların ətinin verilib-verilmədiyini necə müəyyən etmək olar?
Fərid Səfərov
Qida eksperti Fərid Səfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu xəstəlik əsasən ev quşları arasında yayılsa da, bəzi hallarda digər heyvan növlərinə də təsir edə bilər: “Dabaq xəstəliyi xüsusilə quşların sağlamlığına ciddi təsir göstərə bilər və bu da heyvanların sayında azalmaya səbəb ola bilər. Dabaq xəstəliyi heyvanların sayında azalmaya səbəb ola bilər. Xəstəlik nəticəsində heyvanların ölüm nisbəti arta bilər və bu da ümumi heyvan populyasiyasına mənfi təsir göstərə bilər.
Ət idxalı ilə bağlı məsələyə gəlincə, keçən il illə bu il arasında ət idxalında müəyyən dəyişikliklər müşahidə oluna bilər. Bu dəyişikliklər əsasən daxili istehsalın səviyyəsi, xəstəliklər və bazar tələbatı ilə əlaqədar ola bilər. Əgər xəstəlik nəticəsində daxili istehsal azalarsa, idxalın artması ehtimalı mövcuddur.
Ümumiyyətlə, dabaq xəstəliyinin yayılması həm heyvanların sağlamlığına, həm də iqtisadiyyata mənfi təsir göstərir. Bu səbəbdən müvafiq tədbirlərin görülməsi və məlumatlılığın artırılması vacibdir.
Dönərxanalara bu cür heyvanların ətinin verilməsi ilə bağlı bizim əlimizdə konkret sübut yoxdur. Amma bütün hallarda insanlar özlərini dönərdən imtina etməklə qoruya bilərlər".
Eyyub Hüseynov
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov qəzetə açıqlamasında bildirib ki, hökumətin biznesin inkişafı siyasəti ilə istehlakçı siyasəti uyğun gəlmir: ""İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra qanunda olan dəyişikliklərin hamısı istehlakçının zərərinə oldu. Təsadüfi deyil ki, ombudsmanın 101 səhifəlik illik hesabatında bir kəlmə də olsun istehlakçı sözü yox idi. Mən Milli Məclisdə müzakirələrdə bildirdim ki, istehlakçı hüquqları insan hüquqlarının tərkib hissəsidir.
Biznesə toxunulmazlıq şəraiti yaradılıb. Biznesi heç kim yoxlaya və müşahidə apara bilməz. Bu isə istehlakçı siyasəti ilə uyğun gəlmir. Həmçinin AQTA-nın yoxlama funksiyaları çox məhduddur. Qida sektoru çox vacib məsələ olduğu üçün mütləq hökumətin siyasəti dəyişməli və AQTA-ya istənilən vaxtı yoxlama səlahiyyəti verilməlidir. Onun belə bir imkanı olmadığı üçün vəziyyət bu yerə gəlib çatıb.
Təsadüfi deyil ki, danışdığımız mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 5 il bundan öncə əməliyyatlar apardı və həbslər oldu. Lakin yenə də ölmüş və ənənəvi olmayan heyvan ətləri Bakıya daşınır".
E.Hüseynov deyir ki, qida sektoru ilə bağlı ciddi ictimai nəzarət olmalıdır: “Hazırda bu, yox səviyyəsindədir. AQTA elə bir iş aparmalıdır ki, hər birimiz onun könüllüsünə çevrilək. Yararsız ət məhsullarının Bakıya gətirilməsi, satılması insanların gözünün qarşısında baş verir. Problem ondadır ki, ölkədə hər bir ətin satışına icazə var. Nazirlər Kabineti qərar verməlidir ki, Azərbaycanda ənənəvi olmayan heyvan ətlərinin satışı qadağan olunsun”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ