Onlayn ictimai-siyasi qəzet
Bir biləydim bu "trol" kəlməsini taa Skandinaviyadan bu ölkəyə kim gətirdi, kim dillərə saldı, kim siyasi arenanın ən işlək sözünə, damğasına, töhmətinə çevirdi.
Bilib də bir şey edəsi deyiləm, sadəcə, maraqlıdır ki, kim olub o mərdiməzar.
Onun intellekti, terminsevərliyi üzündən bu gün ölkənin qəzet-kitab oxuyan kəsiminin hamısı bir-birinə “trol” deyir. Trolxanaya dönüb ölkə.
Kiminsə kimisə bir ağız tənqid etməsi mümkünsüz hala gəlib, dərhal “trol” kəlməsini yapışdırırlar alnına, yaxud da alının antonimi olan əzaya (eldən ayıbdır deyə, o nahiyənin adını yazmıram, söyüşə çevrilib artıq).
Mətləbə keçəndən sonra yadıma düşür ki, bu kəlmə (“troll”) Skandinaviya mifologiyasındakı fantastik məxluqları nəzərdə tutur. Təxminən bizdəki div, Asiyadakı yeti kimi.
Vikipediyada “trollar”ın izahı bu cürdür: “Şimal mifologiyasında insanabənzər mifik məxluqdur. Tipik olaraq insanlara düşmən olan, dağlarda kiçik qruplar halında yaşayan trollar tez-tez öz xəzinələrini evlərində qoruyur və insanlardan qaçırlar”.
Müasir siyasi terminologiyada isə qəsdən digər istifadəçiləri kobud, təhqiredici və ya təxribatçı mesajlarla münaqişəyə təhrik edənlərə “trol” deyirlər. Bu söz İsveçdən ölkəmizə gələrkən “L”-sinin birini itirib, “trol” olub.
Amma harada ağır seyid var, onun cəddinə and içə bilərəm ki, bu saat cəmi Skandinaviyada bu kəlməni bizdəki qədər işlətmirlər.
Bu iki səbəbdən ola bilər: ya xəritədə qaçan itə oxşayan yarımadada yerləşən ölkələrdə trolluq eləyən yoxdur, ya da onlar siyasi rəqiblərini tənqid edənlərə “trol” demirlər, məsələn, “kəskin danışan rəqib” deyirlər.
O gün yazıçı Kəramət AXCP sədri Əli Kərimlinin ünvanına tənqid səsləndirib. Dünənə qədər Kəraməti yerə-göyə sığdırmayan cəbhəçilər onu “trol” adlandırıb, üzərinə əks hücuma keçiblər. Kəraməti itdən alıb itə verənlər o qədər çox olub ki, yazıçı da onları bir kəlmə ilə təsnif edib: “Trollar”. O tərəfdən ReAL-ın qurucusu İlqar Məmmədov da onu trol elan edib, öz növbəsində ReAL-ın hazırkı sədri Natiq Cəfərlini da trolluqda ittiham edirlər. Trol trola qarışıb.
Bir onlar olsa, nə vardı ki? Ölkədə ən adi tənqidə məruz qalan şəxslər trol axtarışına çıxır və tapırlar. Hamının trolları var. Məmurlar, bəzi partiya liderləri, pullu müğənnilər trol qrupları saxlayır. Kim onlara bir söz desə, trollarını qısqırdırlar, onlar da “sifariş edilmiş” adamı intihara vadar etməyə çalışırlar. Bir dəfə bir jurnalist sosial şəbəkədə bir İH başçısı haqqında nəzə yazmışdı, düz 75 nəfər onun statusuna eyni bu cür şərh qeyd etmişdi: “Hörmətli başçı dövlətçiliyə sadiq, prinsipial, çalışqan və dürüst adamdır”. 75 dənə eyni şərh. Bunu bir-iki trol etməmişdi, həmin rayon büdcə təşkilatlarına çalışan gənc kadrlar yazmışdı. Tapşırıq beləydi.
Ancaq rəğbətindən, ictimai əsaslarla trolluq edənlər də var. Məsələn, bəzi futbol klublarının tərəfdarlar, fanatlar dəstəsinin əsəbi və söyüşcül üzvləri arada trolluq edirlər, rəqib komandanın şəxsi heyətində var-yox qoymurlar. Komandaları uduzubsa, hakimləri, udanda isə rəqiblərin fanatlarını abırdan salırlar. Onlar da cavab verir, nəticədə sosial şəbəkənin Suraxanı seqmentində “trol qırğını” düşür. Yayda Şərqi Avropa ölkələrinin bizim komandalara rəqib olan klublarının veb-səhifələri bizim fanatların söyüşləri üzündən dağılırdı. Avropalılar mat qalmışdılar ki, azərbaycanlılar niyə belə edir, komandaları udandan sonra da söyürlər.
Biz də özümüzə görə tiffoziyik axı, əvvəl-axır italyanları və ingilisləri futbol azarkeşi olmalarına peşman etməliyik. Oyunla yox ha, söyüşlə.
Qayıdaq siyasi arenaya. Əvvəlki illərdə də qarşı duran siyasi düşərgələrin fəalları, eləcə də bir blokda təmsil olunan müttəfiq partiyaların tərəfdarları bir-birini qırardılar, amma bir-birinə “trol” deməzdilər.
Amma təxminən 2000-ci illərdə vəziyyət dəyişdi. Xirtdəyə qədər şokoladın içində olan bir qrupa deyəndə ki, özünüzü batırmışınız, xorla cavab verirdilər ki, sizi hökumət öyrədib. Halbuki hökumət məhz onları öyrədirdi ki, müttəfiqinizi İrana işləməkdə ittiham edin.
Bax, məhz o vaxt milli trolçuluğun rüşeymi qoyuldu, adı isə sonradan Skandinaviya tərəflərdən gəldi.
Hazırda gərək heç kəsə güldən ağır söz deməyəsən, dərhal deyəcəklər ki, sən hökumətə trolluq edirsən. Əgər abırlı adamsansa, “yalançı elədir, belədir” də deyə, yaza bilməsən, ayıb olar. Bu da “trolluq şantajına məruz qalmaq”dır.
Sonra da deyirlər ki, tənqidi fikirlər azalıb, yox olub. Çünki bu ölkədə tənqidi nəinki sevmirlər, qəbul etmirlər, həm də ona qarşı ciddi mübarizə aparırlar. Trollar vasitəsi ilə.
P.S. Şəkildə: əsl trol. Yuxarıdakı şəkildə...
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ