Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan parlament seçkilərinə sayılı aylar qalmış növbəti qələbəsini qazandı, bu dəfə onun üçün əsas qala olan Gümrüdə. Belə ki, bir neçə saat öncə məhkəmənin qərarı ilə Gümrü şəhərinin meri Vardan Qukasyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ötən gün səhərdən etibarən Ermənistanın nəzər-diqqətin yönəldiyi əsas ünvan olmuşdu. Məhkəmə Gümrü şəhərinin meri Vardan Qukasyanın həbsinə dair vəsatətinə baxırdı. Amma heç kim meri xilas edə bilməyib və az qala səhərə yaxın başa çatan məhkəmə iclası həbs qərarını çıxarıb.
Erməni mediası ötən gün ərzində Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətinə cəmlənmiş polis qüvvələri və merin tərəfdarları arasında yaşanan gərginliklərdən bəhs edirdi. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vardces Sarkisyanın sədrliyi ilə aparılan məhkəmə prosesinə müdaxilə imkanlarına yol verilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən elə Gümrü şəhər meriyasında saxlanılan Qukasyanın azad olunması tələbi ilə keçirilən aksiya da nəticəsiz başa çatıb. Maskalı çevik polis zabitlərinin giriş-çıxışı əngəlləməsi binanın qarşısına toplaşanların əl-qol açmasına imkan verməyib. Beləcə, xüsusi əməliyyat keçirən maskalı hüquq-mühafizə orqanları mer Vardan Qukasyanı saxlayaraq Yerevanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar.
Daha sonra mer Vardan Qukasyan da daxil olmaqla, səkkiz meriya əməkdaşının rüşvət almaq və vermək ittihamı ilə saxlanıldığı qeyd edilən bəyanat yayılıb. Saxlanılanlar arasında şəhərin baş memarı Genrix Qasparyan da var. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin hesabatında bələdiyyə sədri ilə baş memar arasında söhbətin lentə alınması da yer alıb. Gecə boyunca polis əməkdaşları ilə mülki şəxslər arasında yaranan qarşıdurmada isə 30-dan çox etirazçı saxlanılıb. Beləliklə, Gümrü meri, başının dəstəsi ilə birlikdə həbs edilib.
Gümrü sıradan bir şəhər deyil, Paşinyan üçün “olmazsa, olmaz”lardan idi. Bu ilin yazında Ermənistanın hakim partiyasının yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə Gümrü və Parkarda məğlub olması şok effekti yaratmışdı. Hesab olunurdu ki, bu, parlament seçkilərinə bir il qalmış Paşinyan üçün sonun başlanğıcıdır. Həm də söhbət Gümrüdən gedirsə, demək söylənilənləri boş vermək mümkün deyildi. Nikol Paşinyan da xüsusilə Gümrü məğlubiyyətini özü üçün təhlükəli proseslərin başlanğıcı sayırdı, ona görə də geridönüş üçün planların həyata keçirilməsi gözlənilən idi.
Cəmi 3 həftə əvvəl, oktyabrın 1-də baş nazir Nikol Paşinyan Milli Assambleyada demişdi: “Gümrü altı aydır ki, çoxlarının Vardanik kimi tanıdığı və ya ittihama görə, ictimai dəsmal oğurlayan şəxsin atası kimi tanınan klan tərəfindən idarə olunur ki, bu yaxınlarda açıq şəkildə Ermənistanın suverenliyini şübhə altına alıb. Biz Ermənistan Respublikasının suverenliyinə qarşı çıxanları siyasi və ictimai həyatdan qovmalıyıq”. Və bu da nəticə, “ictimai dəsmal oğrusu”nun klanı damlandı.
Nikol Paşinyan hakimiyyətinə ən böyük təhlükə Üç kilsədən – Eçmiədzindən, 2-ci Qareginin quldur dəstəsindən gəlmir. Hərçənd bu yaxınlarda istintaq daha bir dəstə keşişi həbsə atdı, əsaslı dəlil-sübutlarla. Paşinyan anlayır ki, Rusiyadan xüsusi təlimatlarla göndərilmiş, kilsənin donoru funksiyasını icra etmiş milyarder Samvel Karapetyanın hətta həbsxanadan ona meydan oxuması səbəbsiz deyil, bu, həm də Rusiyanın əsas təsir bazasından verilən təlimatlar əsasında ortaya çıxan dirənişdir. Elə “5-ci kolon”un oktyabr ayının ilk günlərindən aktivləşməsi, Robert Kpçəryanın Moskva səfərindən sonra “dirilməsi”, ötən həftə İrəvanda 30 min nəfərlik etiraz aksiyasının keçirilməsi də bəlli mərkəzdən verilən tapşırıq və təlimatların məntiqi nəticəsidir. Belə olduğu təqdirdə Rusiyanın yarım il əvvəl qələbə qazandığı əsas iki ünvanda nəzarəti ələ almaq Paşinyan üçün vacib məsələ idi. Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir. 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılan bu bazanın şəxsi heyətinin sayı 5 min nəfərdən çoxdur.
İrəvan və Gümrü qarnizonundan ibarət olan bazanın istənilən an hansısa bəhanə ilə proseslərə müdaxilə etmək imkanları var. Üstəlik, İrəvan qarnizonunda 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, Gümrü qarnizonunda isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayının olması, bazanın əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölüklərinin mövcudluğu Rusiyanın əlinin nə qədər uzun olduğunu göstərir. Heç şübhəsiz bazanın kontingentinin seçklərə təsir imkamları da kifayət qədərdir və hər kəs bunu Gümrüdə gördü. Belə olduğu halda təbii ki, ölüm-dirim seçkiləri sayılan 2026-cı il parlament seçkilərindən öncə Paşinyanın gözünə yuxu getməyəcəkdi. Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə Ermənistanın iki ölkə ilə sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu xatırlatmaqla reaksiya verən Kreml Gümrüdəki hərbi bazanın çıxarılması xəbərlərinə də hər zaman operativ reaksiya verərək Paşinyan komandası üçün xatırlatmalar edir. Rusiya Gümrüdə 2044-cü ildən sonra da qalmağı hədəfləyir və heç yerə getmək niyyətində deyil. Moskvada anlayırlar ki, Avropa İttifaqına can atan Paşinyan hakimiyyətinin ömrü uzandıqca günün birində rus hərbçilərinə də “von” komandası verilə bilər, ona görə də əvvəlcə Gümrüdə, sonra da İrəvanda “vint”ləri bərkitməyə qərar vermişdi. Bu yay Gümrü bazasını Ermənistan üçün “xilas yeri” adlandırıb burada aksiya keçirən rusiyameyillilərin aktivləşməsi də sıradan məsələ deyildi.
Qeyd etdiyimiz kimi, Paşinyanın ötən yaz uduzduğu digər ünvan Paraker idi. Bəs Parakarda nə baş verdi? Xatırladaq: bu ilin sentyabrında Parakar icmasının başçısı Volodya Qriqoryan qətlə yetirildi, özü də “Kalaşnikov” markalı avtomat silahla. Eyni zamanda Ermənistan polisinin Cinayət Axtarış Baş İdarəsinin əməliyyatçısı Karen Abramyan hadisə yerində öldürüldü. Qətldə şübhəli şəxs, keçmiş icma lideri Mqer Axtoyanın ferval ayında öldürülmüş əmisi oğlu, 29 yaşlı Qriqor Oqanyanın qardaşıdır. Amma niyə məhz Parakrda baş verdi bu qanlı hadisə? Sualın doğru cavabı yaxın illərdə çətin ki, verilsin.
Gümrü məhkəməsi merlə bağlı qərar verən saatlarda Nikol Paşinyan dəbilqəsini geyinib, velosiped yürüşünə çıxırdı. Bu barədə etdiyi paylaşım da maraq doğurdu. Paşinyan Gümrüdə çox usta tərpəndi və daha bir yüksəklik uğrunda “döyüş”də uğur qazandı. Davamını gətirə biləcəkmi? Hər halda küçələrdə velosiped sürərkən zirehli geyimini də unutmamalıdır, terror küləklərinin əsdiyi - bu arada Ermənistan parlamentində törədilmiş 27 oktyabr 1999-cu il terrorunun ildönümünə az qalıb - əllərdə hələ çox avtomatlar var, bunu 44 günlük müharibədən sonra özü də etiraf etmişdi və o silahların çoxu elə “5-ci kolon”un əlindədir...
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ