Onlayn ictimai-siyasi qəzet
Rusiyalı bloqer Aleksandra Mitroşina dələduzluğun qurbanı olub və 56 milyon rubl itirib.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, keçmiş vəkilləri onu inandırıblar ki, adı İnterpolun və Rusiya Prezident Administrasiyasının “qara siyahısı”na düşüb.
Hekayə 2022-ci ildə vergi xidməti A.Mitroşina ilə bağlı təhqiqata start verəndə başlayıb. Borclarını ödəmək üçün bloqer vəkil Alisa Volxova və auditor Olqa Qoltsevanın köməyinə müraciət edib.
2023-cü ilin yazında Mitroşina öyrənib ki, ona qarşı vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. Vəkillər "məsələni həll edəcəklərinə" söz veriblər və borclar ödənildikdən sonra iddia ediblər ki, onların səyləri ittihamı dayandırmağa kömək edib.
Daha sonra Volxova Vanuatu vətəndaşlığı almağı təklif edib ki, Mitroşina "sərbəst səyahət edə bilsin". Bloqer bunun üçün 11 milyon rubl ödəyib. Lakin vəkil tezliklə onun İnterpolun “qara siyahı”sına salındığı üçün işin çətinləşdiyini iddia edib. “Problemi həll etmək” üçün vəkillər əlavə vəsait istəyiblər, lakin ona vətəndaşlıq heç vaxt verilməyib.
2024-cü ilin qışında Mitroşinanın hesabı borclarına görə dondurulub. Vəkillər onu vəsaitlərin bloklanmasından qorumaq üçün “müvəqqəti” hesablara 40 milyon rubl köçürməyə inandırıblar. Pul yoxa çıxıb.
2024-cü ilin yazında Volxova və Qoltseva bloqerin Prezident Administrasiyasının “qara siyahı”sına salındığını izah edərək yenidən 5 milyon rubl tələb ediblər. Qadın onlara inanaraq pulu köçürüb. Daha sonra o, dələduzluğun qurbanı olduğunu anlayıb və polisə müraciət edib.
Keçmiş vəkillərə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Hər iki qadın təqsirli olduqlarını etiraf edib və ev dustaqlığındadırlar. Aleksandra Mitroşina zərərçəkmiş kimi tanınıb.
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ