Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu vəziyyət xüsusilə də ucuz qiymətə satılan dönər məhsullarına olan münasibəti gündəmə gətirib və sosial mediada geniş müzakirələrə səbəb olub.
Xalq artisti Brilyant Dadaşova şəxsi sosial media hesabında valideynlərə çağırış edərək, övladlarının qidalanmasına daha diqqətlə yanaşmağa səsləyib. O, xüsusilə də keyfiyyətsiz və ucuz dönər məhsullarından uzaq durmağı tövsiyə edib.
Bütün bu narahatlıqlar fonunda ortaya çıxan sual budur: Ucuz dönərlər həqiqətən sağlamlıq üçün ciddi təhlükə yaradırmı?
Məsələ ilə bağlı şəhərdə fəaliyyət göstərən dönərçilər bildirirlər ki, AQTA bu kimi nüansları daim nəzərdə saxlayır:
"Ətə görə məsuliyyət daşıyırıq. Sertifikatlarımız da var. Hazırda müdriyyətdədir. Ət alarkən ilk növbədə onun təzə olmasına fikir veririk".
Məsələ ilə bağlı qida eksperti Məhsəti Hüseynova bildirib ki, ətdən insana bir çox viruslar keçə bilər:
"Ət alarkən onun mənşəyinə baxmaq lazımdır. Əti doğradığımız bıçaq gigiyenik və ayrı olmalıdır. Mütləq 70 dərəcədə bişməlidir ki, viruslar ölsün".
Mövzu ilə bağlı AQTA-dan bildirilib ki, ilin əvvəlində təsdiq olunmuş planlı yoxlamalar, eyni zamanda, daxil olan şikayətlər və mediada yayılan məlumatlar əsasında bazar və digər satış şəbəkələri də daxil olmaqla qida zənciri boyu yoxlama-nəzarət tədbirləri davam etdirilir. Yüksək riskli qida məhsulları hesab olunduğu üçün belə qida məhsullarının satışı qida təhlükəsizliyi norma və tələblərinə uyğun həyata keçirilməlidir. Bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş məhsullar satılmamalıdır. Qanunvericiliyə əsasən, bununla bağlı sahibkarlıq subyektləri, o cümlədən bazar rəhbərləri birbaşa məsuliyyət daşıyırlar./Milli.az/
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ