Onlayn ictimai-siyasi qəzet
Heyvanlar arasında dabaq xəstəliyi yayılıb, nəticədə ətin qiyməti 2 manat ucuzlaşıb. Bu vəziyyətin el arasında hələ qədimdən təsviri vardır: “Əgər kasıb toyuğu kəsirsə, ya toyuq xəstədir, ya da kasıb”.
Əlbəttə, bunlar hamısı kənd təsərrüfatına dövlət qayğısının bariz nümunəsidir. Bir neçə il də xarici təhlükələri qabaqlamaq üçün sərhədlərimizi bağlı saxlasaq heyvanların koronavirusa, qarayara, dəli dana virusu, donuz, SPİD və sairə xəstəliklərə yoluxma ehtimalı artacaqdır, nəticədə ətin qiyməti AXC-Müsavat dövründəki qiymətlərə yaxınlaşacaqdır. Ondan sonra al antrikotu, vur şişə.
Qara zarafat bir yana qalsın, doğrudan da, axı bu “əlaqədar orqanlar” hara baxır? Dabağın yayılma arealına baxsaq görürük əsasən sərhəd rayonlarıdır: Lənkəran-Astara, Qazax-Ağstafa, Qax-Balakən, İmişli-Beyləqan, Xaçmaz və sairə. Deməli, böyük şübhə var ki, bu xəstəliyin virusları xaricdən gəlib. (Sözgəlişi, Zaqatala-Balakən bölgəsində fındıq bağlarını məhv eləyən, camaatı zibilə salan və hazırda fındığın qiymətini bahalaşdıran pis qoxulu böcəyin də Gürcüstandan gəldiyi deyilmişdi). Bəs o zaman epizootiya və epifitotiyaya məsul idarələr hansı işlə məşğuldur? Qurdalasan onlarla, yüzlərlə tip heyvan və bitki mənşəli viruslar, zərərvericilərlə mübarizə tədbirləri adı altında havayı maaş alır. Bunun da üzərinə gəl qida təhlükəsizliyi üzrə “çalışan” nəhəng aparatın soyğunçu dəstələrini...
Bir zamanlar əlaqədar orqanlar xalqa gözaydınlığı verirdilər, deyirdilər bizim heyvanların əti dünyada brend kimi tanınır, inşallah, Ərəb körfəz ölkələrinə, Avropaya, nə bilim, Çinə-Yapona ixrac edəcəyik, şeyxlər Beyləqan quzusu alacaq, Azərbaycan xalqının cibi dollardan dombalıb cırılacaq. Bağ belə, bostan elə... Nəticədə isə bu gün Monqolustandan dana bağırsağı, Argentinadan qoyun quyruğu, Hindistandan qoca camışların ətini idxal edirik. Hətta toyuq-broyler işini guya tam özümüz təmin etməyə başlamışdıq, ancaq bu yay dükanlarda xarici broyler məhsulları yenidən peyda olmağa başladı.
Əlbəttə, nigarançılığa əsas yoxdur. Əlaqədar orqanlar hər şeyi bizim əvəzimizdən fikirləşiblər. Məsələn, artıq xalqımızın əsəblərini sakitləşdirmək üçün Şamaxıda yoqa festivalı keçirilir. Camaat nəfəsini içinə alıb, bardaş qurub oturur. Burnunu tut, iy hiss eləmə, gözünü yum, nirvanaya gir. Ya da təpəsi üstdə dayanıb arıq inəklərin əmcəyinə tamaşa et. Sonrakı mərhələdə mıxın üstünə oturmaq, ağızdan alov çıxartmaq, zurna çalıb ilan oynatmaq kimi təmrinlərə keçəcəyik. Hindistanlılar ət yemir, inəyə səcdə edir, ölmürlər ki? Hələ əksinə, Ayın qütbünə peyk göndərmişdilər. Biz də ət yeməyi dayandıraq. Bəlkə bu dabaq xəstəliyi uca Şivanın xalqımıza xəbərdarlığıdır. Ki, ət yeməyi dayandırın, sizi Aya göndərim, orada Ay-ulduzlu bayrağınızı qaldırın, xoşbəxt olun, mahnı oxuyun, kino çəkin, çəmənlikdə dombalaq aşın, sevişin, ildırım çaxıb yağış yağanda da uşaq anadan olsun və sairə.
Oktyabrın 14-də Beyləqandan gələn xəbəri oxuyanda keçirdiyim hisslər isə heç yadımdan çıxmır. Təsəvvür edin, orada Ümumdünya Statistika Günü qeyd olunmuşdu! Bekarçılığın miqyasına baxın... Sitat: “Beyləqan İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısının müavinləri, aparatın əməkdaşları, rayon Statistika İdarəsinin rəhbərliyi və kollektivi, idarə və müəssisə əməkdaşları tədbirdə iştirak ediblər. Tədbiri RİH başçısı Ə.Əzizov giriş nitqi ilə açaraq Ümumdünya Statistika Gününün əhəmiyyətindən danışıb”.
Hərəsinin əlinə bir çomaq verib Beyləqan quzusu istehsalına yönəltmək lazım idi... Bəlkə o zaman statistika idarəsi də uydurma ilə qazan doldurmaqdan əl çəkərdi. Rayonda dabaq yayılıb, bunlar isə statistika bayramı keçirdir. Halbuki Yoqa Festivalı da keçirə bilərdilər. Yoqada ən tanınmış pozisyonlardan biri elə “Beyləqan vəziyyət” adlanır - Afaq xanımın məşhur personajı demişkən...
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ