Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Lideri İlham Əliyev hazırda növbəti uğurlu səfərini reallaşdırır. Dövlət başçımız Qazaxıstandadır. Dünya bir daha İlham Əliyevə göstərilən yüksək etimadı və diqqəti izləməkdədir.
Təsadüfi deyil ki, ölkə başçısını qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev şəxsən Astana şəhərinin Beynəlxalq Aeroportunda qarşılayıb.
Bu isə dünyada nadir hallarda müşahidə edilir. Belə ki, adətən dövlət başçılarını səfər etdikləri ölkələrin rəhbərlərindən daha çox rəsmi şəxsləri qarşılayırlar...
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri tarixi hadisədir:
“Bu səfər iki ölkə arasındakı əlaqələrin gələcək inkişafında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr bu gün ən yüksək etimad və möhkəmliklə xarakterizə olunur. Bu möhkəmliyin təməlində təkcə son illərin diplomatik fəallığı deyil, onilliklər ərzində formalaşmış tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi dəyərlər və mədəni ənənələr dayanır.
Prezident müsahibəsində də bildirdi ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Digər tərəfdən, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil də mövcuddur. Bu, ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Ən önəmli nüans ondan ibarətdir ki, iki dost ölkənin liderlərinin – Kasım-Jomart Tokayev və İlham Əliyevin səyləri sayəsində Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.
Bu il qarşılıqlı ticarət dövriyyəsi 547 milyon ABŞ dollarına çatıb ki, bu da 2–3 il əvvəllə müqayisədə 2,5 dəfə çoxdur. Nizamnamə kapitalı 300 milyon ABŞ dolları olan Birgə İnvestisiya Fondu yaradılıb. Qardaşlıq əlaqələrinin ən gözəl təcəssümü kimi Astana Azərbaycan Respublikasının Qarabağ bölgəsinin bərpasına dəstək göstərir. Qazaxıstan Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edib.
İki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir, humanitar əməkdaşlıq da genişlənir. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri dövlətlərimiz arasında sosial-iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Bu səfər sənaye kooperasiyasının inkişafına, birgə infrastruktur layihələrinin reallaşdırılmasına və Avropa ilə Asiyanı Azərbaycan üzərindən birləşdirən nəqliyyat dəhlizinin təşviqinə güclü təkan verəcək. Qazaxıstan ictimaiyyəti bu səfəri səmimiyyətlə qarşılayır.
Əminik ki, birgə inkişaf və ortaq gələcək üçün ölkələrimizin böyük potensialı mövcuddur.
Müsahibədə xüsusi vurğulanan digər strateji məqam iki ölkə arasında imzalanmış tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illik yubileyidir. Ötən illər ərzində təqribən 170 sənəddən ibarət hüquqi baza formalaşıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələr üzrə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.
Bu sənəd iki ölkə arasında uzunmüddətli və davamlı əməkdaşlığın etibarlı hüquqi təməlini qoyub. Azərbaycan ilə Qazaxıstan yalnız ikitərəfli çərçivədə deyil, beynəlxalq təşkilatlar daxilində də bir-birini fəal şəkildə dəstəkləyir.
BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, CICA və digər platformalarda ortaq mövqelər nümayiş etdirilir. Bu, həm siyasi həmrəylik, həm də regional və qlobal məsələlərdə ortaq maraqların müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. İkitərəfli münasibətlərin ən dinamik elementlərini isə iqtisadi-ticari əlaqələr təşkil edir.
Prezidentin vurğuladığı kimi, iqtisadi əməkdaşlığın spektri son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Ölkələr arasında etimad əsasında formalaşmış biznes əlaqələri və dövlət səviyyəsində aparılan məqsədyönlü siyasət sayəsində qarşılıqlı ticarət, investisiya və logistika əməkdaşlığı sürətlə artır. Bu günə qədər Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumunun qeydiyyatdan keçməsi xüsusi fakt kimi göstərilir. Bu, yalnız iqtisadi göstərici deyil, Azərbaycan biznes mühitinə olan yüksək etimadın ifadəsidir.
Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb.
Göründüyü kimi, tərəflər arasında çoxsahəli əməkdaşlıq platforması formalaşıb. Ölkələr arasındakı iqtisadi əlaqələr ilə yanaşı, mədəni və humanitar sahədə də ciddi əməkdaşlıq müşahidə olunmaqdadır.
Cənab Prezidentin qeyd etdiyi kimi, ötən onilliklər ərzində Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub”.
Cavanşir ABBASLI
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ