Onlayn ictimai-siyasi qəzet
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq simpozium keçirilir. "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" mövzusunda baş tutan tədbir Azərbaycan Dövlət Himninin oxunması ilə başlayıb.
Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konsessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və mütəxəssislərindən ibarət 40-a yaxın xarici qonaq iştirak edir.
İlk olaraq çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov öncəliklə hər kəsi salamladı: "Əziz qonaqlar, dəyərli alimlər, hörmətli simpozium iştirakçıları!
Hər birinizi “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumun açılış mərasimində səmimiyyətlə salamlayıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti dini, mədəni müxtəlifliyi qorumaqla, həm də ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaratmışdır. Bu siyasət müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayışını təmin etmək üçün sosial və mənəvi məsuliyyətin sərhədlərini dəqiq müəyyən edir. Biz haqlı olaraq tolerantlıq və multikulturalizm dəyərlərimizlə fəxr edirik. Azərbaycan dövlətinin dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır. Klassik İslam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, burada aparılacaq elmi diskussiyalar təcrübə mübadiləsi baxımından həm Azərbaycan alimləri, həm də digər iştirakçılar üçün faydalı olacaqdır.
Simpoziumun gündəliyinə daxil edilmiş mövzular təkcə akademik müzakirə predmeti deyil, eyni zamanda bəşəriyyətin gələcəyinə, mədəniyyətlərarası dialoqun perspektivlərinə təsir edən strateji məsələləri əhatə edir. Sürətlə dəyişən müasir dünyamızda elmi-texnoloji inkişaf, qloballaşma, informasiya axını, mədəniyyətlərarası əlaqələrin dərinləşməsi yeni fürsətlər yaradır. Lakin bu dəyişikliklər həm də müəyyən mənada xalqların ənənəvi dəyərlər sisteminə təsir göstərir. Biz indi çox konkret və olduqca vacib bir suala cavab axtarırıq: mənəvi irsə, ənənələrə, dəyərlərə toxunmadan yeni reallıqlara uyğunlaşmaq mümkündürmü? Bu sualın cavabı bizə həm də mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində müasir dini təhsil modelləri barədə aydın təsəvvür əldə etməyə imkan yarada bilər.
Bu təsəvvürləri dəqiqləşdirmək üçün başqa bir suala da cavab axtarmaq zərurəti meydana çıxır: müasir dünyanın hansı dini təhsil modelinə ehtiyacı var? Biz elə bir model tapmalıyıq ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin qorunmasını, multikultural və tolerantlıq ənənələrinin təşviqini, gənclərin yeni çağırışlar və reallıqlara uyğun yetişdirilməsini təmin edə bilsin. İctimai münasibətlər sisteminin çox vacib elementlərindən biri kimi çıxış edən dövlət-din münasibətləri fonunda dini təhsilin institusional əsaslarının qurulması ənənəvi dini biliklərin tədrisində rəqəmsal texnologiyalar, süni intellekt, innovativ təhsil metodları kimi vacib alətləri tətbiq etmək məcburiyyəti doğurur. Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm bir alətdir.
Rəqəmsal texnologiyalar əsrində biz şəxsiyyətin formalaşdırılması, ictimai inteqrasiya, sosial məsuliyyət və qlobal dialoqun əsas vasitələrindən biri kimi çıxış edən dini təhsil modeli qurmağa can atırıq. Çox aydın bir həqiqətdir ki, din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri, ənənələri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır. Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xəttin üzərində qurulmuş yeni bir model lazımdır. Bu model mənəvi dəyərlərin qorunması, sosial inteqrasiya və qlobal dialoqa hazırlıq kimi strateji vəzifələrin uğurla həyata keçirilməsində həlledici rol oynaya bilər. Çünki rəqəmsal texnologiyalar, mənəvi dəyərlər, qlobal çağırışlar, multikulturalizm, dini radikalizm kimi sosial-psixoloji amilləri nəzərə almadan uğurlu dini təhsil modeli yaratmaq mümkünsüz görünür.
Bu gün dünyada müxtəlif dini təhsil modelləri tətbiq olunur və onların hər birinin öz üstünlükləri və məhdudiyyətləri var. İslam dünyası mənəvi dərinliyi ilə, Qərb isə metodoloji strukturu ilə fərqlənir. Bu iki təcrübənin sintezi, qlobal səviyyədə inklüziv, lakin mənəvi əsaslara sadiq modelin yaradılmasına imkan verir.
Müasir dünyada artıq din təhsili sadəcə dini biliklərin aşılanması və dini maarifləndirmənin genişləndirilməsi vasitəsi deyil, həm də sülh, dialoq və sosial inteqrasiya üçün ən effektiv platformalardan birinə çevrilib. Biz müxtəlif dini təhsil modellərinin ən faydalı tərəflərini, səmərəli təcrübəni öyrənərək universal bir variant tapa bilərik. Bu elə bir model olmalıdır ki, heç bir xalqın, cəmiyyətin ənənəvi dəyərlərinə, tarixi keçmişinə, eyni zamanda dünyagörüşünə zidd olmasın. Eyni zamanda müasir çağırışları ehtiva edə bilsin. Bəlkə ümumiyyətlə bu axtarışlara ehtiyac yoxdur – hər xalqın öz modelini qoruması daha məntiqlidir? Bugünkü simpoziumun cavab axtardığı əsas suallardan biri də məhz bu olacaqdır.
İnanıram ki, bu simpozium hamımızı düşündürən məsələlərin müzakirəsi üçün çox faydalı bir platforma kimi yeni təhsil yanaşmalarının formalaşmasına təkan verəcəkdir.
Simpoziumun işinə uğurlar arzulayır və hörmətli qonaqlarımıza, eləcə də tədbirin təşkilinə töhfə verən hər kəsə təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun".
Milli Məclis sədrinin müavini Rəfail Hüseynov bildirdi ki, insanları yaxınlaşdırmaq dinlərin başlıca keyfiyyətidir: "Dini təhsil daim axtarışda olmağı vacib sayır. Ölkəmizdə dini təhsilin min illərə dayanan tarixi var. Bu təhsili daim ən yüksək səviyyədə davam etdirməliyik".
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov belə bir tədbirdə iştirak etməkdən şərəf duyduğunu söylədi: "Həyat göstərdi ki, din bu gün də çox böyük əhəmiyyətə malikdir. Dünya sistemində dinin çox böyük rolu var. Din həm də mədəni ocaqları saxlayır. Həyat göstərir ki, bu gün dinin çox böyük rolu var. Elm və Təhsil Nazirliyi olaraə, daim dini təhsilə böyük önəm veririk. Azərbaycanda hər zaman digər xalqların dininə hörmət etmişik. Biz erməni kilsəsini belə saxlamışıq. Halbuki, hamımıza məlumdur ki, ermənilər bizim məscidləri dağıdıblar, dini təhsil müəssisələrimizi məhv ediblər. Cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva hansı bölgəyə səfər edirlərsə, ilk növbədə, məscidləri ziyarət edirlər. Mən simpoziumin işinə uğurlar arzulayıram. İnanıram ki, gələcək baxımından bu tədbir dini təhsilin inkişafına yeni-yeni töhfələr verəcək".
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov: "Sovet dövründə ateizm dərsi keçirilirdi. Belə ağır illərdən keçmişik. İndi müstəqil ölkəyik. Bu gün din və dövlət münasibətləri sözün həqiqi mənasında nümunədir".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa modern təhsildən söz açdı: "Biz dini öz məkanına buraxmalıyıq ki, özləri müəyyən etsinlər ki, hansı təhsil daha uyğundur. Azərbaycanda bu istiqamətdə böyük işlər aparılır. İlahiyyat İnstitutunun yaradılması çox böyük bir addım idi. Biz bu modeli həm də idarəetmə forması kimi təbliğ etməyi dayandırmamalıyıq. Bu cür müzakirələr olduqca vacibdir. Biz qanunverici orqanın təmsilçiləri olaraq təklifləri dinləyib, Milli Məclisdə müzakirələrə çıxara bilərik".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da çıxışında gələcəkdə görüləcək işlərdən danışıb.
Cavanşir ABBASLI
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ