İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılmasının arxasındakı “19 oktyabr ssenarisi” – Alqış Musayevdən şifrəli mesaj  

Musavat.com xatırladır ki, 19 oktyabr 2019-cu ildə özünü “Milli Şura” adlandıran müxalif kəsim Bakıda razılaşdırılmamış aksiya keçirməyə cəhd etmişdi. Cəmi 3 gün sonra – 23 oktyabrda isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırılaraq Elmlər Akademiyasına göndərilmişdi.

Yerli siyasi müşahidəçilər dəfələrlə iddia ediblər ki, bu iki tarix arasında birbaşa məntiqi bağlılıq mövcuddur. Əlahəzrət məntiq göstərir ki, 19 oktyabr aksiyası, əslində, Mehdiyevin 23 oktyabrda gözlənilən vəzifədən azad edilməsini ləngitmək, yaxud qarşısını almaq məqsədi daşıyırdı.

O dövr Azərbaycan üçün həssas mərhələ idi – ölkə Vətən müharibəsinə hazırlıq prosesinə start vermişdi və Prezident İlham Əliyev hakim komanda daxilində təmizlənmə siyasətinə başlamışdı.

Bu kontekstdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, hakimiyyətin o zamankı daxili çəkişmələri zamanı Ramiz Mehdiyevə qarşı çıxmış və vəzifədən uzaqlaşdırılmış Alqış Musayevin paylaşımı xüsusi diqqət çəkib.

Musayevin son paylaşımında o, açıq şəkildə Ramiz Mehdiyev və onun komandası haqqında belə bir mesaj verir: "19 oktyabr 2019 -cu ildə özünü" Milli şura" adlandıran müxalif kəsim Bakıda razılaşdırılmamış aksiya kecirməyə cəhd etdi...

WhatsApp Image 2025-10-22 at 12.05.59.jpeg (19 KB)

3 gün sonra, 23 oktyabr 2019 - cu ildə Ramız Mehdiyev Prezident Aparatından kənarlaşdırılıb sovet "kqb"- sinin "arxa bağca"sı sayılan Elmlər Akademiyasına göndərildi.

Bu iki tarix arasında bağlılıq varmı?

Əlahəzrət məntiq deyir ki, 19 oktyabrda Bakıda icazəsiz mitinq keçimək istəyi Mehdiyevin 23 oktyabrda vəzifədən uzaqlaşıdırlmasını əngəlləməyə hesablanmışdı. Bu o vaxt idi ki, Azərbaycan Vətən müharibəsinə hazırlaşırdı. İlham Əliyev komandada təmizlənmə prosesinin başlatmışdı..."

Mehdiyevzədələrdən olan Alqış Musayevin bu açıqlaması özündə suallar daşısa da, əslində məlumat xarakterlidir. Alqış Musayev demək istəyir ki, Mehdiyev və çevrəsi hakimiyyətdə qalmaq üçün ‘lazımlılıq effekti’ yaratmağa çalışırdı. Bunun üçün isə radikal müxalifəti – xüsusilə də Əli Kərimlini – mitinqlərə təşviq edir, beləliklə, ölkədə gərginlik və xaos görüntüsü formalaşdırırdılar. Bu, onların hakimiyyətə hələ ‘lazım olduqları’ təəssüratını yaratmaq üçün düşünülmüş plan idi".

Musavat.com yazarı hesab edir ki, baş redaktor haqlıdır. Doğrudan da həmin dövrdə Mehdiyevin təsir dairəsində olan qüvvələr ölkə daxilində ümummilli həmrəyliyin yaranmasına mane olur, cəmiyyəti parçalayırdılar. Halbuki Azərbaycan dövləti və Prezident İlham Əliyev qarşıda duran böyük hədəf – Vətən müharibəsi üçün siyasi və milli birliyin formalaşmasına çalışırdı.

2019-cu ildən etibarən bu məqsədlə Mehdiyev komandasının sistemdən təmizlənməsi, eyni zamanda müxalifət ilə siyasi dialoqun başlanması istiqamətində addımlar atıldı. Prezident Administrasiyasında müvafiq şöbə yaradıldı, partiyalar arasında qarşılıqlı anlaşma prosesi başladıldı.

Beləliklə, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinə Azərbaycan artıq tam siyasi həmrəylik şəraitində daxil oldu.

Musayevin mesajının alt qatında isə bu fikir dayanır: Ramiz Mehdiyevin hazırda dövlətə xəyanət maddəsi ilə istintaqa cəlb olunması təsadüfi deyil — bu, onun illərlə Azərbaycan dövlətinə münasibətinin məntiqi nəticəsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR