İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda məktəbdə qalmaqal – Direktor əvəzedicisi ilə dalaşan müəllim xəstəxanaya düşdü – VİDEO

Xəzər rayonunda məktəb rəhbərliyi ilə müəllim arasında gərginlik qalmaqalla nəticələnib. 216 saylı məktəbin ingilis dili müəllimi Sədaqət Babayeva direktor əvəzi Çinarə Cəbrayılova ilə mübahisədən sonra xəstəxanaya düşüb.

Bu barədə Musavat.com-a danışan Sədaqət Babayeva bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.

Müəllimin sözlərinə görə, mübahisəyə səbəb onun dünən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etdiyi şikayət olub:

“Onu Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etdiyimə görə məni bu gün otağına çağırdı. Söhbət mübahisəyə çevrildi. Məni elə bir həddə çatdırdı ki, əsəbiləşdim, ürəyim tutdu. Təcili yardım çağırıldı, məni xəstəxanaya apardılar”.

Sədaqət Babayeva deyib ki, direktor əvəzinin davranışı uzun müddətdir onu psixoloji təzyiq altında saxlayır:

“Elə bir yer yoxdur ki, onun qanunsuzluqlarından şikayət etməyim. Elm və Təhsil Nazirliyinə də müraciət etmişəm. Onun məndən nə istədiyini anlamıram. Qeyri-qanuni şəkildə mənə töhmət verir. Deyir ki, niyə aprel ayında müsahibədə iştirak etmisən, məktəbi biabır etmisən. Hər şeyə qarışır, hətta “WhatsApp” statusuma belə irad tutur. Deyir, bu videonu niyə paylaşmısan, bu şəkli niyə qoymusan”.

Müəllimin iddiasına görə, direktor əvəzi himayədarlarına arxalanaraq özünü toxunulmaz hesab edir:

“Yüksək vəzifəli qohumları var, deyir, mənə heç kim heç nə edə bilməz. Məktəbdə hər gün stress içindəyəm. Sakit işləmək mümkün deyil”.

216 nömrəki məktəbdən sözügedən məsələ ilə bağlı Musavat.com-a bildirilib ki, ingilis dili müəlliminin davranışları ilə əlaqədar bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə təhsil müəssisəsinin rəhbərliyinə şikayət olunub:" Nəticədə ingilis dili müəlliminə "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

04.11.2025-ci il tarixində məktəbin direktor əvəzi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, məktəb Həmkarlar Komitəsinin sədri qeyd olunan ingilis dili müəllimi ilə söhbət aparıblar. Söhbət zamanı müəllim məktəbin kollektiv üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib, müəllimlərin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirib, "Təhsilverənlərin etik davranış Qaydaları"na uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda nalayiq hərəkətlər etməsinə baxmayaraq məktəb rəhbərliyi onun ifrat emosional vəziyyətini və halının pisləşdiyini nəzərə alaraq təcili tibbi yardım çağırıb.

Qeyd olunan müəllimin davamlı xarakter almış bu kimi hərəkətləri məktəbdaxili pedaqoji mühitin və tədris prosesinin pozulmasına səbəb olur".

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR