Onlayn ictimai-siyasi qəzet
Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində evdə baş verən partlayışla bağlı yeni detallar üzə çıxıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, spirtli içkilərin qablaşdırıldığı həmin evi Fərahim adlı iş adamı 3-4 gün bundan öncə sex kimi icarəyə götürüb.
Hadisənin baş verdiyi gün partlayış nəticəsində həlak olan Elvin Məmmədov gecə növbəsində imiş. Buna görə də o, xalası oğlu Nihad Əşrəfovu yanına çağırıb ki, işdən onunla birgə çıxsın.
Hadisə yerində bir nəfər xanımın olduğu da bildirilir. O, içki şüşələrinin üzərinə etiket vururmuş.
Partlayış baş verən zaman N. Əşrəfov qapıya yaxın olduğu üçün xəsarət alsa da, sağ qalıb. Hazırda iş adamı Fərahimin yerinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır. Hadisə vaxtı evin həyətində lüks avtomobil olub. Avtomobilin iş adamına məxsus olduğu bildirilir. O, partlayışdan sonra nə mərhumun, nə də zərərçəkmişin ailəsi ilə görüşməyib.
Qeyd edək ki, hadisə nəticəsində evdə olan Elvin Məmmədov hadisə yerində dünyasını dəyişib.
Onun xalası oğlu Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Vəfat edən Elvin Məmmədov Ağdamda dəfn edilib. 35 yaşlı Elvin ailəli və iki uşaq atası idi.
Şahanə Rəhimli
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ