İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı Suriya-İsrail danışıqlarının təfərrüatları məlum olur: Təl-Əvivin ağır şərtləri...

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ötən həftə sonu Azərbaycana səfəri zamanı Bakıda İsrail və Suriya rəsmiləri arasında görüş keçirilib. Bununla bağlı rəsmi xəbərlərdə deyilirdi ki, aprel ayında olduğu kimi, Bakıda İsrail və Suriya heyətləri arasında görüş keçirilib, əsas mövzu isə iki ölkə arasında gərginliyin azaldılması olub.

AHMED SON.jpg (97 KB)

Ancaq bu gün ərəb mediasında görüşlə bağlı daha ətraflı məlumat yayılıb. İddia olunur ki, Bakıda keçirilən görüş nəticəsiz başa çatıb. Çünki İsrail tərəfi Suriya hakimiyyətindən barışıq şərti olaraq 1967-ci ildə işğal olunmuş Colan təpələrindən əl çəkməsini tələb edib. İsrail təmsilçiləri Colan təpələri ilə yanaşı ötən ilin dekabrından bu yana İsrail qüvvələri tərəfindən işğal olunmuş 9 bölgədən, o cümlədən Dəməşqin müşahidə olunduğu Şeyx dağından çıxmaqdan imtina edirlər.

İsrail hakimiyyəti Suriya hökumətinin vədlərinə etimad etmədiyini açıq şəkildə bildirib. Bu səbəbdən də sərhəd bölgəsindəki israillilərin qorunması üçün ordunun Suriya ərazisində qalmasına qərar verilib.

Ancaq görüşlə bağlı daha maraqlı detalları İsrailin I24 saytı yayıb. Sayt Bakıda keçirilən görüşdə Suriya prezidenti Əhməd Əl Şaraanın özünün də iştirak etdiyini iddia edir. Xəbərdə qeyd olunur ki, Suriya tərəfdən görüşdə xarici işlər naziri Əsəd əş-Şeybani və İsraillə təhlükəsizlik müzakirələri üzrə cavabdeh şəxs olan Əhməd əd-Dalati iştirak edib.

İsrail tərəfdən isə baş nazir Benyamin Netanyahunun xüsusi nümayəndəsi ilə yanaşı, hərbi və təhlükəsizlik komandasının yüksək rütbəli şəxsləri olub.

BENYAMİN.jpg (55 KB)

Xəbərdən belə görünür ki, Bakı görüşü İsrail və Suriya arasında bu günə qədər olmuş ən yüksək səviyyəli görüş olub. Məsələ ondadır ki, İsrail və Suriya arasında barışıq prosesinin əsas müəllifi ABŞ-dır. ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları götürməsi qarşılığında əsas tələblərindən biri də İsraillə barışıq prosesinə qoşulmasıdır. Və o da məlumdur ki, hazırkı Suriya hakimiyyəti prinsipcə buna razılıq verib. Çünki bu halda Suriya ABŞ və Aİ ölkələrindən maliyyə yardımı alar, sanksiyalar götürüləcək.

Lakin İsrailin Bakıdakı şərtləri göstərir ki, Suriya hakimiyyəti qarşısında qoyulan şərtlər çox ağırdır. Suriya hakimiyyəti Colan təpələrindən imtina etməli və başqa sözlə işğalla barışmalı, qanuni ərazisindən imtina etməlidir. Bu isə çox ağır şərtlərdir. Bu səbəbdən də görüş nəticəsiz başa çatıb.

Ancaq bundan sonra baş verənlər də maraqlıdır. Belə ki, cümə günü Suriyanın şimal-şərqində, kürdlərin nəzarətində olan “Cəzirə” (ərəbcə ada, Dəclə və Fərat çayları arasında yerləşdiyi üçün belə adlanır – K.R.) bölgəsində kürd SDQ qüvvələri ilə yerli ərəb qəbilə silahlıları arasında toqquşmalar baş verib.

DRUZ.jpg (206 KB)

Bazar günü, yəni dünən isə Suriyanın cənubunda druzların kompakt yaşadığı Suveyda vilayətində yerli ərəb qəbilələri ilə druzlar arasında silahlı qarşıdurma baş verib. İlkin məlumata görə, toqquşma nəticəsində 30 nəfər ölüb, 100-ə yaxın yaralı var. Mərkəzi hökumət əraziyə əlavə hərbi qüvvələr göndərib, hazırda Dəməşq-Suveyda avtomobil magistralı bağlanıb.

Yerli druz jurnalist Rayan Maruf hadisənin məzhəb toqquşması olduğunu yazıb. Jurnalist qeyd edib ki, ilk dəfə bu ərazidə məzhəblər arasında toqquşma baş verir və tezliklə dayanmasa bölgə “qan gölünə” dönə bilər.

Suriya hökuməti döyüşlərin dayandığını bildirsə də, bölgədə gərginlik davam edir. Bu məsələnin pis tərəfi silahlı qarşıdurmanın məzhəb bəhanəsi ilə baş verməsidir. Bu bölgədə daha əvvəl də druz əhali ilə yerli bədəvi ərəb tayfaları arasında gərginlik olub, ancaq ilk dəfə bu səviyyədə silahlı toqquşma baş verib.

Məlum olduğu kimi, druzlar Suriyada sayları 700 min nəfərə çatan şiə-İsmaili təriqətinə mənsub qrupdur. Suveyda vilayətində kompakt yaşayan druzların bir hissəsi Livanda, bir qismi isə İsrail tərəfindən işğal olunmuş Colan rayonunda yaşayır. Druzlar İsraillə yaxşı əlaqələrə malikdir, hətta bu ilin əvvəlində Dəməşq və druz qüvvələri arasında qarşıdurma baş verəndə İsrail druzları dəstəkləyib.

SURİY.jpg (51 KB)

Belə görünür ki, Suriya hakimiyyəti İsrail və ABŞ-ın həssas yanaşdığı druz və kürdlərə qarşı yerli bədəvi qəbilələrdən istifadə etməyə çalışır. Çünki şimal-şərqdəki kürd separatçılarını Vaşinqton, druzları isə İsrail dəstəkləyir. Əhməd Əl Şaraa anlayır ki, druz və kürd separatizmini Dəməşq artıq güc tətbiq etməklə aradan qaldıra bilməz. Çünki bu halda Vaşinqton və Təl-Əvivlə qarşı-qarşıya gələ bilər. Separatizmin davam etməsi isə Dəməşqin əl-qolunu bağlayır. Dəməşqin əlində bu qruplara qarşı yeganə təzyiq vasitəsi isə yerli radikal dini görüşlərə malik bədəvi qəbilələridir. Bu qrupların kürd və druzlarla toqquşması Suriya hakimiyyətinin manevr imkanlarını genişləndirir, başqa sözlə, masada əlini gücləndirə bilər. Əks təqdirdə Şara hökuməti Qərbin və İsrailin təzyiqi ilə qarşı-qarşıya qalacaq.

Ancaq burada riskli məqam məzhəb və etnik gərginliyin nəzarətdən çıxaraq yeni bir vətəndaş müharibəsinə səbəb olmasıdır. Buna görə də Dəməşq hələlik məsələyə ehtiyatlı yanaşır və hadisəni yatırmaq üçün əraziyə dərhal əlavə qüvvələr göndərir. Maraqlı bir detal isə kürdlərlə ərəb qəbilələri arasındakı gərginlikdir. Türkiyədə PKK-nın silahı yerə qoyması fonunda Suriyada kürd separatizminə qarşı silahlı təzyiqin artması həm də Ankaranın maraqlarına cavab verir. Bu məsələdə indi Əhməd Əl Şaraanın güvənə biləcəyi yeganə güc Türkiyədir.

Lakin indi qarşıda dayanan əsas tapşırıq separatizmə qarşı yaranan bu gərginliyin Dəməşq tərəfindən hansı ustalıqla idarə olunmasıdır. Çünki etnik və dini zəminli gərginlik dövlətlər üçün indi ən böyük təhlükəsizlik qayğısıdır.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR