Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) çıxışında Göyçədən bəhs etməsi mərhum Heydər Əliyevin təxminən 25 il əvvəl, İran prezidenti Məhəmməd Hatəmi ilə görüş zamanı Xəzərə “Mazandaran gölü” deyən iranlı jurnalistə verdiyi cavabı xatırlatdı. O zaman dövlətimizin başçısı “Siz hörmətli jurnalist, sualınızda bir səhv buraxdınız. Mən istərdim ki, gələcəkdə belə bir səhvlər buraxmayasınız. Dünya xəritəsində Mazandaran gölü adlı bir göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram. Xahiş edirəm, mənə tanıdasınız”, deyərək fars şovinistlərini susdurmuşdu.

Hətta Hatəminin “Siz tərəfdə Xəzərə Qəzvin gölü, İranda isə Mazandaran gölü deyirlər. Amma heç bir tərəf narahat olmasın deyə, onun adını Xəzər dənizi qoyaq”, sözlərini də qaneedici saymayan Heydər Əliyev İran prezidentinin də səhvini düzəltmişdi: “Onun adı çoxdan Xəzər dənizidir. Xəzər dənizinin adını dəyişmək olmaz!”
Prezident İlham Əliyevin Azərbaycanın tarixi toponimlərinə necə həssas yanaşdığını dəfələrlə görmüşük. Məsələn, dövlətimizin başçısı 2020-ci ildə, Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin açılışında nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını da bildirmişdi: “Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb…Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.

Yaxud 2021-ci ildə, Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı da Ermənistan hakimiyyətinə ciddi xatırlatmalar etmişdi. İşğal dövründə ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yolunda - birbaşa Basarkeçər rayonuna gedən yolda dövlət başçımız demişdi ki, Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir.
“Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur”.
Prezident demişdi ki, indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə çağırılmalıdır.
Bu gün, 3 noyabrda dövlət başçımız AMEA tribunasından bir daha tariximizə işıq salan önəmli fikirlər söylədi. Bu çıxış həm də tarixi Zəfərimizin 5-ci ildönümü və Bayraq Günümüzün ərəfəsinə təsadüf etdi. Prezidentin Qərbi Azərbaycan mövzusuna xüsusi yer ayırması həm də o deməkdir ki, Azərbaycanın elan etdiyi hədəflər heç zaman dəyişməyəcək, həm də ona görə ki, bu, bizim haqqımızdır, hansısa razılaşmanın olub-olmaması bizi ümummilli hədəflərimizdən yayındıra bilməz! Həm də axı, bu hədəfləri sözü ilə imzası vəhdət təşkil edən, dedisə, icrasına nail olan hər bir azərbaycanlının Prezidenti elan edib.

Prezident Göyçə gölündən bəhs etdi. Sitat: “Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir”.

Dövlətimizin başçısının bu fikirlərinə Ermənistan rəhbərliyi maksimum həssaslıq nümayiş etdirməlidir. Bəli, tarixən “Mazandaran gölü” olmadığı kimi, “Sevan gölü” də olmayıb! İlham Əliyev bir daha xatırlatdı: “Göyçə gölü!” Ermənistan hakimiyyəti vaxtilə işğalda saxladığı toponimlərimizi nəhayət, öz adı ilə adlandırır, sarsaq-sarsaq adları yığışdırır. Təqdir edirik. Eyni münasibət indi Ermənistan adlanan, tarixi Azərbaycan torpaqlarındakı toponimlərimizə də göstərilməlidir. Göyçə gölü niyə “Sevan” olmalıdır ki?! Yaxud digər bütün adlar. Azərbaycanlıların tarixi yurd-yuvalarından deportasiyası ilə paralel həyata keçirilib adlarımıza qarşı genosid siyasəti!

Son vaxtlar Nikol Paşinyan cəsarətli mövqelər sərgiləməkdədir. Məsələn, iddia edir ki, türklərə qarşı nifrəti onlara ruslar aşılayıb. Düzdür, burada hay xisləti də az iş görməyib. Çünki tarixən haylar istifadəyə meyilli olduqları üçün onlardan alət kimi, maşa kimi istifadə ediblər, xüsusilə də türklərə qarşı. Amma Mariya Zaxarovanı hövsələdən çıxaran bu kimi açıqlamaları da təqdir edirik. Hər halda reallığa yaxınlaşma meyilləri hiss olunur. Amma sözdən işə keçmək lazımdır. Məsələn, Ermənistandakı Azərbaycan toponimlərinin bərpası istiqamətində cəsarətli addımlar atılmalıdır! Nikol Paşinyan ermənilərə başa salmalıdır ki, 1828-ci ildən sonra onların İran və Şərqi Anadoludan Azərbaycan torpaqlarına kütləvi köçürülməsinədək bu ərazilərdə türklər, azərbaycanlılar mütləq çoxluqda olublar. Hətta Çar Rusiyasının 1903-cü ildə nəşr etdirdiyi Qafqaza aid xəritələrdə Ermənistanın izi-toxu belə yoxdur. İrəvan mərkəz olmaqla haylara dövlət yaratmaq üçün verilən ərazi də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən haylara güzəşt edilib.

Məsələ bu qədər sadədir. Basarkeçər adının 1969-cu ildə “Vardenis”lə əvəzlənməsi, həmçinin 1929-cu ildə qoparılmış Nüvədinin Ermənistana verilməsinin düz 40 il sonra Azərbaycan SSR Ali Sovetində ratifikasiya olunması da tarixi faktdır. Həm də Heydər Əliyev hakimiyyətə gələn ərəfədə bu işləri bitirmək istəyiblər ki, sonra gec olar deyə...
Artıq vaxt yetişib: o yurdların əsl sahibləri də qayıtmalıdır, tarixi toponimlərin bərpasının müşayiəti ilə! Əgər Ermənistan rəhbərliyi doğrudan da sülh tərəfdarıdırsa, bunu əməldə sübut eləsin! Paşinyan hesab edirsə ki, onun sələfləri yanlış ediblər, Çar Rusiyasının, Sovet Rusiyasının, “KQB”nin sifarişlərini həyata keçirməklə iki xalq arasında düşmənçilik toxumu səpiblər, fəlakətlərə rəvac veriblər, buyursun, onların cinayətlərini, səhvlərini ortadan qaldırsın! Onsuz da gec-tez tarixi ədaləti bərqərar edəcəyik.
Prezident İlham Əliyev AMEA-dakı çıxışında Ermənistandakı narahatlıqlara da toxundu və çox qiymətli fikirlər söylədi. Sitat: “Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq”.

Azərbaycanlıların Qərbi Azərbaycana - Ermənistana ləyaqətli qayıdışı sülhün əbədi mövcudluğunun təminatıdır. Təbii ki, əgər İrəvandakılar gerçəkdən sülh istəyirlərsə... Sülh istədiklərini sübut etməkdən ötrü barmaqlarını çərtmələrinə ehtiyac yoxdur, yetər ki, Paşinyan İlham Əliyevin “ev tapşırıqları”nı icra etsin!
04 Noyabr 2025
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ