İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan İrəvana jest: onlar təhvil veriləcəkmi?

Simonyanın istədiyi 10 erməni iki halda azad oluna bilər  

Bakıda keçirilmiş 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyan geriyə mesajlarla qayıdıb. “Hraparak” nəşri Simonyanın Bakı səfəri ilə bağlı bəzi təfərrüatı öyrənib. 

İddialar görə, səfər zamanı A.Simonyan ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Ermənistan tərəfinin Bakıdan geri almaq istədiyi 10 nəfərin siyahısını Azərbaycan tərəfinə verib. 

Siyahıdakılar bunlardır: Erik Qazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan, Mədət Babayan. 

“Hraparak” yazır ki, Andranik Simonyan səfər zamanı Bakıda mühakimə olunan Qarabağ separatçılarının rəhbərləri olmuş 8 nəfərdən heç birinin azadlığa buraxılması və geri qaytarılması barədə danışmayıb. İddia olunur ki, adları çəkilən 10 nəfərin azadlığa buraxılması müqabilində Azərbaycan tərəfi də bəzi şərtlər irəli sürüb. 

Erməni mediasının iddiaları ilə bağlı nə rəsmi Bakı, nə də rəsmi İrəvan açıqlama yayıb. Simonyanın onları azad etmək xahişi barədə hər hansı detal da üzə çıxmayıb. Lakin maraqlıdır ki, adıçəkilən ermənilərin heç biri qondarma rejimin vaxtilə rəhbərliyində olmuş canilər deyil.  

Bu informasiyalar nə qədər səhih görünür və onların Ermənistana ekstradisiyası mümkündürmü? Azərbaycan qarşılığında hansı şərti irəli sürə bilər? 

Vüqar İskəndərov: Azərbaycanda dini etiqada böyük hörmətlə yanaşılır -  AZƏRTAC

Vüqar İskəndərov

“Hazırda medianın yayımladığı məlumatlar yalnız erməni mənbələrinə əsaslanır və rəsmi təsdiq yoxdur”. Bu sözləri “Yeni Müsavat”a deputat Vüqar İskəndərov deyib. O qeyd edib ki, Azərbaycan diplomatiya, hüquq və beynəlxalq normalara uyğun şəkildə hərəkət edir: “Onların ekstradisiyası yalnız diplomatik kanallar və beynəlxalq hüquqi prosedurlar çərçivəsində mümkün ola bilər. Azərbaycanın mövqeyi aydındır: hər hansı qarşılıqlı razılaşma yalnız qanun, milli təhlükəsizlik və qarşılıqlı ədalət prinsiplərinə uyğun ola bilər. Bizim üçün prioritet Azərbaycanın hüquqi və strateji maraqlarıdır. Yəni əgər belə məsələlər müzakirə olunacaqsa, məhbus mübadiləsi və ya digər diplomatik öhdəliklər yalnız qanuni və şəffaf çərçivədə həyata keçiriləcək. 

Şərtlərə gəlincə, ümumiyyətlə, Azərbaycan üçün vacib olan həm daxili hüquqi prosedurların qorunması, həm də bölgədə sülh, sabitlik və normallaşma prosesinin dəstəklənməsidir. İkitərəfli münasibətlərin normallaşması yalnız hüquq, dialoq və qarşılıqlı etimada əsaslanan addımlarla mümkün olacaq”. 

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəyli isə həmin ermənilərin ölkələrinə təhvil verilməsinin iki yolu olduğunu bildirib: “Birinci yol həmin şəxslərin prezident tərəfindən əfv olunaraq Ermənistana qaytarılmasıdır. İkinci yol cəzalarının çəkilməmiş hissəsini Ermənistanda çəkmək üçün təhvil verilməsidir. Məhkum olunmuş şəxslərin vətəndaşı olduğu dövlətə təhvil verilməsi dövlətlər arasında bağlanmış ikitərəfli saziş və ya beynəlxalq müqavilələrlə nizamlanır. Azərbaycanla Ermənistan arasında ikitərəfli saziş yoxdur. Lakin müvafiq Avropa Konvensiyası var və həm Azərbaycan, həm də Ermənistan həmin konvensiyaya qoşulub. Bu sənədə görə, məhkum olunmuş şəxslər cəzalarını çəkmək üçün vətəndaşı olduğu dövlətə diplomatik danışıqlar vasitəsilə və müəyyən olunmuş prosedurlardan keçməklə təhvil verilə bilər. Yəni Azərbaycan tərəfi ölkəmizdə cinayət törətdiyinə görə məhkum olunmuş erməni kökənli şəxsləri həmin Avropa Konvensiyasına uyğun olaraq Ermənistana təhvil verə bilər”. 

Q.Əlibəyli Araik və digərlərinin adlarının çəkilməməsini belə izah edib: “Onların mühakiməsi başa çatmayıb və istinad olunan Avropa Konvensiyasına görə, Ermənistana təhvil verilməsi qeyri-mümkündür. Ermənistanda da yaxşı başa düşürlər ki, Azərbaycan mühakiməni dayandırıb onları təhvil verməz. Həmin şəxslər insanlıq əleyhinə və müharibə cinayətlərində ittiham olunurlar ki, bu da onların Ermənistana təhvil verilməsini istisna edir. Məsələnin siyasi tərəfi də ola bilər. Görünür, Ermənistan hakimiyyəti Qarabağda separatçılara rəhbərlik etmiş şəxslərdən yaxa qurtarmağa çalışır”. 

Cavanşir ABBASLI, 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR