Onlayn ictimai-siyasi qəzet
Bu gün 8 Maydır - cəmi beş il öncəyədək Şuşanın işğal günüydü, kədər günü, dərd günüydü. Bu gün qələbədən danışmaq bizi sıxmır, incitmir - tam tərsinə, 80 il öncənin 9 May qələbəsindən daha doğma, daha əziz və üstün 8 Noyabr - Zəfər Günümüz var!
9 May bizimçün – Azərbaycan xalqı üçün faşizm üzərində ümumbəşəri qələbənin günüdür. Bu tarix İkinci Dünya Müharibəsində azadlıq və ədalət adına savaşan xalqların birlik və həmrəylik simvoludur. Həmin birlikdə və tarixi qələbədə Azərbaycan xalqının imzası, əməyi, qızıl qanı və altun zəkası var. Bu gün qələbənin siyasi-ideoloji monopoliyadan çıxarılaraq, xalq yaddaşı və tarixi məsuliyyət müstəvisində yenidən dərk edilməsi zəruridir. İndi Parisdə yaxud Moskvada kimsə bizim haqqımızı dana bilər - ancaq bu nəyə yarar?- Biz bildiyimizi bilirik, tarix yazdığını yazıb, yazır, yazacaq və gələcəyin vicdanı fransızca yaxud bir başqa dildə oxunmayacaq - məhz ilahicə oxunacaq, anlaşılacaqdır.
Tarixin yükünü çiyninə alan xalq
Azərbaycan İkinci Dünya Müharibəsində çox - təkrar edirəm, çox böyük itkilər verib. Təsəvvür edin: o vaxtlar 3 milyon əhalisi olan respublikanın 600 mindən çox əli silah tutanı müharibəyə yollanıb. Bu həmin dönəmdə Azərbaycanın əhalisinin başı papaq, əli silah, dili söz, ayağı yer, gözü düşmən tutan vətəndaşlarının mütləq əksəriyyəti deməkdir! - Ən adi sayımla da başa düşmək olar ki, bu belədir; üstəlik, cəbhəyə göndərilənlərin tən yarısı geri dönməyib - ya həlak olub ya itkin düşüb… Geri dönənlərinsə bir qismi travmalı, yaralı və ömürlük yarımcan dönüb…
Bu rəqəmlər sadəcə statistik göstərici deyil, əlbəttə – necə deyərlər, bir xalqın varlıq savaşı, şərəf mücadiləsi və töhfə əzəmətidir.
Azərbaycanın hərb və elm cəbhəsində qəhrəmanlıqları
Azərbaycanın bir çox şanlı oğlunun haqqı tanınmasa sa, yenə 130-dan çox nümayəndəsi (o dönəmçün ən yüksək fəxri ad olan) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz orden-medallarla təltif olunub. Bir ayağı Hitlerin, bir ayağı Stalinin yanında, başları isə öz mənfur planlarında olan ermənilərə rütbə üstə rütbə, mükafat üstə mükafat verən Kreml, bizim bayraqdar qəhrəmanlarımızı (yumşaq desək) könülsüz-könülsüz görüb…
Polkovnik səviyyəli beş erməniyə marşal rütbəsi verən SSRİ hərbi-siyasi rəhbərliyi bizim marşal ləyaqətli və haqlı qəhrəmanlarımıza kor olub;
İsrafil Məmmədovun, Ziya Bünyadovun qəhrəman adı bir dəfə əllərindən alınıb, onlar yenidən qəhrəman adı qazanıb;
qanı və haqqı Ovanes Baqramyanın üzərində olan Həzi Aslanovun ikinci dəfə qəhrəmanlığı yalnız 90-cı illərdə rəsmiləşib, Mixaylonun qəhrəmanlığı da çox gecikdirildi, “Leninqrad göyləri”nin qoruyucu mələyi Hüseynbala Əliyevin haqq etdiyi fəxri ad isə ümumiyyətcə verilməyib…
“Qəhrəman şəhər” adı əsirgənən qəhrəman Bakı təkcə döyüşçü yox, həm də şəfa verən bir şəhər idi – 1 milyondan artıq əsgər burada urvatlı müalicə alıb, şəfqət görüb - 1 milyondan artıq!
Elm cəbhəsində də Azərbaycan fədakarcasına addımlayıb: akademik Yusif Məmmədəliyevin yaratdığı yandırıcı maye sonradan “Molotov kokteyli” kimi tanınaraq düşmənin texnikalarına od vurdu. Məmmədəliyevin yüksək oktanlı uçaq yanacağı icadı isə (keçmiş) Sovet qırıcı-bombardımançı uçaqlarının alman uçaqlarından daha sürətli və manevr qabiliyyətli uçuşunu təmin edib.
Bakının zavodlarında “Katyuşa” raketləri istehsal olundu – bu da müharibənin gedişinə təsir edən strateji amillərdən idi.
Bakı buruqları – Qələbənin yanacaq ocağı
Qələbənin mühərriki – neft ilə çalışırdı. O mühərriki isə Azərbaycan işə salmışdı. Müharibə dönəmində SSRİ-də hasil edilən neftin 70 (!) faizindən çoxu, benzinin 80 (!) faizi, motor yağlarının 90 (!) faizi Azərbaycanın payına düşürdü! Cəbhə üçün bu, silah qədər dəyərli idi. Azərbaycanın “lend-liz” daşınmalarında körpü rolunu oynaması isə qələbənin logistik dayağını təmin edirdi.
Qələbə irsini təhqir edənlər və unudulmaz həqiqətlər
Ancaq təəssüf ki, beynəlxalq dəstəkli bəzi dairələr tarixdən dərs almaq əvəzinə onu təhrif etməyə çalışmaqda israrçıdır. İrəvanın mərkəzində faşist cəlladı, satqın, əli bizim də qanımıza batmış Qaregin Njdeyə abidə ucaldan Ermənistan, əslində, özünü faşist ideologiyasının davamçısı kimi təqdim etmiş olur. Nijdelik Paşinyanın dönəmində də davam edir. Bu, təkcə tarixə deyil, bütün bəşəri dəyərlərə, o cümlədən ümumi Qələbəyə qarşı sayğısızlıqdır. Ayrıca, Ermənistan post-sovet dönəmində faşizmin biləvasitə ocağına çevrildi - Qarabağın 30 illik işğalı son bulsa da, acı və ağır izlər qalmaqdadır.
Tarix unudulmur, əlbəttə. Əlbəttə, 2020-ci ilin payızında Azərbaycan xalqı faşizmin başqa bir forması na – Moskva dəstəkli erməni işğalçılığına qarşı öz tarixi Zəfərini qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günə işğal altında olan ərazilərimiz azad edildi. Bu Zəfər həm də o ideologiyanın iflası idi ki, uzun illərdir güc və zorakılıqla tarix yazmaq istəyirdi.
Şəhidlər ölmədi, Vətən bölünmədi!
Bəli, 9 May yalnız keçmişin xatırlanması yox, həm də gələcəyə verilən barış, ədalət və dirəniş ismarıcıdır. Azərbaycanın İkinci Dünya Müharibəsindəki rolu təkcə keçmişə aid deyil – bu, şərəfli bir örnək, qürur qaynağı və unudulmaz dərsdir. Qələbəyə gedən yol hər zaman haqqın, əməlin və zəkanın yolu olub – o yolda Azərbaycan xalqı həmişə olub, bu gün də var, sabah da olacaq. Çuvaşlar demiş: Epir pulna, pur, pulatpar (Epir pulnă, pur, pulatpăr)!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
09 May 2025
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ