İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzanı İranın gününə salmaq...

Tehran rejimi öz xalqını xoşbəxt edə bilmir, başqalarına gün ağlamağa çalışır

Dünya siyasi səhnəsində elə ictimai-siyasi quruluşlar, rejimlər, hakimiyyətlər var ki, ondan həm öz vətəndaşları, həm də başqaları faydalanırlar. Bir sıra hallarda isə belə sistemlər digər dövlətlər üçün örnəyə çevrilirlər. 

Məsələn, zamanında faşist Almaniyası çökəndən sonra yerində qurulan yeni Almaniya, müstəmləkə torpaqlarından əl çəkən Böyük Britaniya, SSRİ-nin dağılmasında əsas rolu oynamış Boris Yeltsin Rusiyası, Osmanlı dövlətinin yerində qurulmuş Türkiyə Cümhuriyyəti, imperialist iddiasından imtina edən Yaponiya, sovetləşməmək uğrunda müharibə etmiş Cənubi Koreya, Fransa müstəmləkəsinə qarşı mübarizə aparmış Əlcəzair, Mərakeş, Afrikanın başqa dövlətləri, habelə təslim olmayan Vyetnam, Əfqanıstan və başqalarının timsalında bunu göstərmək mümkündür. 

Ötən əsrdə İranda baş vermiş siyasi, sosial hadisələr də beynəlxalq aləmdə mütərəqqi proses sayılıb. Konstitusiyalı monarxiyanın qurulması, İranın demokratikləşməsi uğurunda muxtar hökumətlər (Azərbaycan Milli Hökuməti kimi) yaranması, yaxud Məhəmmədəli Müsəddiq hökumətinin fəaliyyətini misal göstərmək olar. 1979-cu ilin fevralında İranın panfarsist, şovinist pəhləvilər sülaləsindən xilas olması uğurunda baş vermiş inqilab da regional və qlobal baxımdan mütərəqqi hadisə sayılırdı. Ancaq bu hadisə beynəlxalq ictimaiyyəti məyus edən bir proseslə əvəzləndi. 

Sanki İran əhalisi “yağışdan çıxıb, yağmura düşdü”. Bir despotdan xilas olub, başqa, daha sərt, mürtəce rejimin idarəçiliyinə düşmək kimi. İnqilabın ilk ilində siyasi baxışlarına görə İrandan mühacirət etmiş insanların sayının iki milyon olduğu bildirib. Sonrakı illərdə eyni motivlə İslam Respublikasını çoxlu sayda vətəndaş tərk etməyə məcbur olur. Hazırda İranda doqquz minədək yəhudinin yaşadığına dair məlumat var. 1979-cu il inqilabından əvvəl isə onların sayı indikindən bir neçə dəfə çox idi. 1996-1999-cu ildə İran əsilli yəhudi Moşe Katsav İsrailin prezidenti olub. 

Bundan başqa, İslam Respublikası dini azlıqlar üçün də dözülməz ölkəyə çevrilib. İnqilabdan sonra təqib və təzyiqlərə görə, ölkəni minlərlə bəhai, zərdüşt dinindən olanlar da buranı tərk etmək məcburiyyətində qalıblar. 

Onların da dəqiq sayı bilinmir. Müxtəlif mənbələr onların minlərlə olduğuna dair məlumat yayıb. 

İnqilabdan sonra yaranmış İslam Respublikası fərqli fikirlilərə, azad düşüncəlilərə, dini azlıqlara, milli hüquqlarının təminini tələb edən fars olmayanlara, demokratik dəyərlərə üstünlük verənlərə, rejimin tətbiq etdiyi məcburi qaydalara əməl etməyənlərə həbsxana, məzarlıq oldu. 

Uzaq keçmişə getmədən, son illər İranda baş vermiş hicabla bağlı etiraz aksiyasını yada salmaq kifayətdir. O zaman əhali İslam Respublikasına, onun rəhbərliyinə münasibətini qəti şəkildə “Diktatora ölüm!”, “Xaməeniyə istefa!”, “Qadın, Həyat, Azadlıq!“, “Azadlıq, Ədalət, Milli hökumət!” kimi şüarlarla açıqladı. 

Üç il öncə məcburi hicaba əməl etmədiyinə görə Tehranın xüsusi orqanları tərəfindən Məhsa Əmini qətlə yetirilmişdi. Hakimiyyət ailəsinə ölümünün üçüncü ildönümündə anım tədbiri keçirməyə imkan verməyib. 22 yaşlı Əmininin guya hicab qaydasını pozduğuna görə saxlanandan sonra polisdə ölümü ölkədə böyük etirazlara səbəb olmuşdu.

Onun ailəsinə yaxın mənbə sentyabrın 16-da Azadlıq Radiosunun fars xidmətinə (Radio Fərda) deyib ki, İranın Saqqız rayonunda kəşfiyyat idarəsinin (ETTELAAT) rəsmiləri Məhsanın atası Əmjad Əminini çağıraraq, tədbir keçirməməklə bağlı xəbərdarlıq ediblər. Bununla belə, həmin tarixdə rayondakı yerli dükan sahibləri ildönümünü tətillə anıblar. 

Təhlükəsizlik qüvvələri Əmininin dəfn olunduğu Ayçi qəbiristanlığının girişini kəsərək, məzarı ziyarət etməyə imkan verməyiblər. Heç ailə üzvlərinə də qəbiristanlığı ziyarət etməyə icazə verilməyib. Bildirilib ki, hakimiyyət orqanlar qəbiristanlığa gedən yolları bağlamaq üçün yaxınlıqdakı su anbarından Saqqız çayına su buraxıb.

Oxşar tədbirlər ötən il, Əmininin ölümünün ikinci ildönümündə də görülüb.

Qeyd edək ki, onun ölümü İranda geniş etirazlara səbəb olmuşdu. Etiraz aksiyaları iki ilə yaxın sürmüşdü. Qadınlar baş örtüklərini çıxararaq dini rejimə, o cümlədən ali rəhbər Seyid Əli Xameneiyə qarşı şüarlar səsləndiriblər. Hakimiyyət orqanları etirazları zorakılıqla yatırdıb, 500-dən çox insan öldürüldüyü, 20 mindən çox etirazçının həbs olunduğu bildirilib. 

İran İnsan Hüquqları Təşkilatı sentyabrın 15-də yaydığı açıqlamada bildirib ki, 2022-c il sentyabrın 16-dan indiyədək İranda, 83-ü qadın olmaqla, azı 2910 məhbus edam edilib.

Bildirilib ki, Məhsa Əminin qətlindən sonra cəmiyyətdə hakimiyyət xofu, qorxusu yaratmaq məqsədi ilə edamlar bəzən açıq şəkildə icra olunub. Edam edilənlər arasında 37 siyasi və ideoloji məhbus, 14 etirazçı və dörd yetkinlik yaşına çatmayan İran vətəndaşı da olub. 

Hesabatda həmçinin İslam Respublikası güc strukturlarının 2023-cü ilin oktyabrında Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinə keçirilmiş etiraz aksiyasına pulemyot və avtomat silahlardan bir neçə saat ərzində azı 104 nəfər, o cümlədən 14 uşaq və 4 qadın olmaqla, öldürülüb. Həmin günü bəluclar “Qanlı cümə” adlandırır.

İnsan hüquqları təşkilatı bildirib ki, təkcə 2025-ci ilin ilk 8 ayında 730 nəfər edam olunub. 

Öz vətəndaşlarına qarşı belə əzazil hakimiyyət Qəzza zolağına, Suriyaya, Livana, Yəmənə, İraqa, Əfqanıstana, Azərbaycana, Bəhreynə, Pakistana və başqa müsəlman ölkələrinə mütərəqqi nə gətirə bilər ki? Yaxud, belə bir rejim fələstinlilərə Qəzza zolağını indiki vəziyyətinə salmaqdan başqa nə verər?

İran İslam Respublikası çoxdandır həm ölkə vətəndaşlarının, həm region xalqlarının, həm də beynəlxalq ictimaiyyətin bəşəri məqsədlərinə ziyan vurur. Bu rejim hətta özü-özünə qarşı çıxır. Davam etdikcə də özü özünü bitirəcək…//pressklub.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR