İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml "üçüncü dünya savaşı" elan etdi, ABŞ-ın sarsıdıcı zərbəsi gecikmədi: Rusiyanın "pis günləri" sona çatdı, "daha pis günləri" başladı

Mövcud situasiyada Rusiyanın savaş şantajına ABŞ və Qərbin eyni hərbi ritorikada reaksiya verməsi vəziyyətin hər an nəzarətdən çıxa biləcəyini göstərir... Çünki Kremlin hərbi təhdidlərini indi ABŞ-ın nəhayət ki, daha qətiyyətli mesajlarla cavablandırması Rusiyaya güzəştə gedilməyəcəyini təsdiqləyir...

Ukrayna savaşı qlobal müharibə istiqamətində inkişaf edir. Rusiyanın "neoimperialist iştahı" kollektiv Qərbi olduqca ciddi seçim qarşısında qoymağa başlayıb. Belə ki, kollektiv Qərb indi ya Rusiyanın "geopolitik kaprizlər"inə boyun əyərək, Kremlin Ukrayna üzərindən ABŞ və Avropa Birliyinin qarşısına qoyduğu kapitulyasiya aktı anlamı daşıyan "sülh şərtləri"ni qəbul etməlidir. Ya da "neoimperialist kaprizlər"indən geri çəkilməyən Rusiyaya sarsıdıcı zərbə ilə Kremlə durmalı olduğu yeri göstərməlidir. Və Qərbdə artıq anlayırlar ki, Rusiya ilə bağlı qəbul ediləcək qərarlarda hələlik üçüncü variant demək olar ki, mövcud deyil.

Onu da qeyd etmək lazımdır ki, Rusiya ilə bağlı ABŞ və Qərbin verməli olduğu qərarlar üçün üçüncü seçim variantı olmasa da, bütün bəşəriyyətin üçüncü dünya müharibəsinə sürükləməsini stimullaşdıran kifayət qədər ciddi faktorlar mövcuddur. Belə ki, Rusiyanin ətrafında "çənbər"in daraldığını anlayan və bundan çarəsiz vəziyyətdə ciddi əndişə keçirən Kreml bütün dünyaya üçüncü variant kimi məhz üçüncü dünya müharibəsini təklif edir. Və Kreml bunun indiki situasiyada Rusiyanın qarşısında qalan yeganə seçim variantı olduğunu qabardır.

3-cü-dunya-savashi-Снимок.JPG (59 KB)

Ancaq bununla belə, bəşəriyyəti üçüncü dünya müharibəsinə sürükləyən Rusiya dağıdıcı qlobal savaşın günahını və məsuliyyətini elə əvvəlcədən məhz ABŞ və Qərbin üzərinə yükləməyə də çalışır. Kremldən verilən təhdidkar açıqlamada bu, açıq-aşkar müşahidə olunur. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son açıqlamasında iddia edib ki, Ukrayna və onun tərəfdaşları "saxta bayraq" əməliyyatı həyata keçirməyə hazırlaşır.

Onun sözlərinə görə, Qərb hərbi strateqləri Rusiya ilə birbaşa müharibəyə başlamaq üçün konkret plan qurublar. Kreml təmsilçisinin iddiasında təsvir olunan həmin plana görə, guya vurulmuş bir neçə Rusiya PUA-sı bərpa edilərək, Rusiyanın hərbi zərbəsi kimi Polşa və Rumıniyada yerləşən NATO logistika mərkəzlərinə yönləndiriləcək. Ardınca isə Avropada genişmiqyaslı dezinformasiya kampaniyası aparılacaq. Mariya Zaxarova Kremlin uydurduğu bu "plana" onu da əlavə edib ki, guya belə bir ssenari təsdiqlənərsə, onda “üçüncü dünya müharibəsi artıq çox tezliklə başlaya bilər”.

Qərb siyasi dairələrində isə Kremlin uydurma ssenarilərə bağlı bu müəmmalı iddiaları Rusiyanın dezinformasiya ritorikasında yeni mərhələ kimi qiymətləndirilir. Kreml uzun müddətdir ki, kollektiv Qərbi “qızışdırıcı” addımlarda ittiham edirdi. Ancaq bu dəfə iddialar NATO məkanının birbaşa hədəfə alınacağına dair açıq mesajla müşayiət olunur. Və bu, o deməkdir ki, Kreml kollektiv Qərbi uydurma ssenarilərlə şantaj etmək cəhdi ilə əslində, hərbi-siyasi rəqiblərini üçüncü dünya müharibəsinə başlamaqla təhdid edir.

bccd17d7b5d0c8c35e7a9281dde6c98c-780x470.jpg (60 KB)

Təbii ki, Rusiyanın kollektiv Qərbə yönəlik "üçüncü dünya müharibəsi" ilə bağlı şantajı ABŞ və Ukrayna tərəfdən qətiyyən cavabsız buraxılmayıb. Belə ki, Qərb hərbi strateqlərinin birbaşa təlimatları ilə Ukrayna ordusu Rusiyanın Kursk Atom Elektrik Stansiyasına zərbə endirib. Və bununla da Kremlə açıq mesaj verilib ki, əgər, "qırmızı cizgiləri" açmağı sınaqdan keçirməyə cəsarət edərsə, Rusiya elə öz daxilində olan nüvə obyektləri vasitəsilə fəlakətin içinə salına bilər.

Digər tərəfdən, prezidenti Donald Tramp isə açıqlamasında vurğulayıb ki, Rusiya gərginliyi artırmaqda davam edərsə, ABŞ Şərqi Avropa ölkələrinin müdafiəsini dəstəkləyəcək. Bu, bir tərəfdən ABŞ-ın NATO üzrə öhdəliklərinə sadiqliyinin göstəricisi kimi qiymətləndirilir. Eyni zamanda, bu, həm də Ağ Evin səbrinin tükənməkdə olduğunu və bütün dünyanın Rusiyanın "neoimperialist kaprizlər"inə girov düşməsinə imkan vermək niyyətində olmadığını göstərir.

Bütün bunlara paralel olaraq, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın tərəfdaşlarının real təklifləri tam dəstəkləməsi Rusiya ilə müharibənin qısa müddətdə sona çatmasını daha da yaxınlaşdırar. prezident Volodimir Zelenskinin son aylarda əsas tezislərindən biri də məhz Ukrayna ordusunun Rusiyanin dərinliklərinə daha dağıdıcı zərbələr endirmək üçün daha genişmiqyaslı imkanlarla təmin olunmasıdır. Bəzi Qərb mənbələri Tramp administrasiyasının bu istiqamətdə rəsmi Kiyevə müəyyən dəstək verdiyini iddia etsə də, hələlik bunun açıq təsdiqi yoxdur.

5a0a5adc2897274fcea3e7214691e59c.jpg (123 KB)

Göründüyü kimi, ABŞ və Qərblə Rusiya arasında qarşıdurma artıq sərt ritorika ilə məhdudlaşmır. Əksinə, indi hər iki tərəf birbaşa hərbi toqquşmanı qətiyyən istisna etmir. Üstəlik Ağ Ev sahibi Donald Trampın "Rusiyanın dərinliklərinə daha sarsıdıcı zərbələrin vurulması"nın vacibliyini vurğulaması kollektiv Qərbin Kremllə birdəfəlik haqq-hesab çəkilməsinə yönəlik qərara çox yaxın olduğunu göstərir. Əgər, Kremlin iddia etdiyi kimi, "saxta bayraq" əməliyyatı həqiqətən baş verərsə, bu, NATO-Rusiya münasibətlərində "qırmızı cizgilər"in ləğv olunması anlamı daşıyacaq. Və ən pis halda, texniki səhv, yaxud yanlış qiymətləndirmə belə, tərəflər arasında birbaşa silahlı toqquşmalar ehtimalını artıra bilər.

Bununla belə, Kremlin  “Üçüncü dünya müharibəsi” xəbərdarlığı həm psixoloji, həm də siyasi təzyiq vasitəsi kimi də dəyərləndirilə bilər. Ancaq mövcud situasiyada ABŞ və Qərbin eyni hərbi ritorikada reaksiya verməsi situasiyanın hər an nəzarətdən çıxa biləcəyini göstərir. Çünki Kremlin hərbi təhdidləri qarşısında indi ABŞ-ın nəhayət ki, qətiyyətli mesajları Rusiyaya güzəştə gedilməyəcəyini təsdiqləyir. Yəni, son vaxtlara qədər bütün dünyanı təhdid etməyə çalışan Kreml indi NATO və Rusiya arasında müharibə ola biləcəyindən narahatlıq keçirmək məcburiyyətində qalıb. Və bu, o deməkdir ki, Kremlin pis günləri artıq arxada qalıb, çünki indi Rusiya üçün daha pis günlər başlayır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR