Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin 2017-ci ilin 20 sentyabrında BMT tribunasında etdiyi çıxışla bu il sentyabrın 25-də etdiyi çıxışın arasında təkcə çoxillik zaman fərqi yoxdur, həm də çoxlu başqa fərqlər də var.
Əsas fərq odur ki, 8 il əvvəl Azərbaycan ərazisinin 20 faizi işğal altında idi və BMT-nin tribunasında bu acı faktı səsləndirmək lazım idi. Dövlət başçısı həmin çıxışında bu həqiqətləri dilə gətirmişdi, BMT-nin Baş Assambleyasının iclasında iştirak edən yüzlərlə dövlət xadimi onun dediklərini sakitcə dinləmişdilər.
Ancaq onların işi tribunada çıxış edərək, ölkəsinin məruz qaldığı işğaldan danışan Prezidenti dinləməkdən o tərəfə keçmirdi.
Bu il isə yüzlərlə siyasətçi BMT tribunasında qalib ölkənin rəhbəri kimi çıxış edən İlham Əliyevin çıxışını fərqli şəkildə dinləyirdilər.
Bu çıxışda artıq BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi qətnamələrdən, Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərdən söhbət getmirdi, sadəcə, xatırladılırdı ki, 30 illik səmərəsiz danışıqlardan sonra Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edib və öz problemini həll etməyi bacarıb.
BMT belə yerdir. Bu təşkilat suda boğulanın xilasının öz əlində olduğu fikrini rəhbər tutur, kim onun ipi ilə quyuya enərsə, elə oradaca qalacaq.
Xüsusilə də ona görə ki, BMT-nin 5 həlledici qərar verənindən, hansısa qətnaməyə veto qoyanından üçü (ABŞ, Rusiya və Fransa) açıq-gizli şəkildə, birbaşa və dolayısı ilə Ermənistanın tərəfində idi. ATƏT-in Minsk qrupunun həmsədrləri olan bu dövlətlərin diplomatları yüz il sonra da “Qarabağ məsələsi”nin ədalətlə həll olunmasını təmin etməyəcəkdilər, vaxtı uzatdıqca uzadacaq, yavaş-yavaş Ermənistanın Qarabağ mahalı üzərindəki de-fakto nəzarətini de-yure etməyə çalışacaqdılar.
Ancaq zamanın gərdişi, Azərbaycan hökumətinin məqsədyönlü və prinsipial fəaliyyəti nəticəsində bu məsələ həllini tapdı: qısamüddətli müharibə işğalçıların ölkədən qovulması ilə nəticələndi. Prezident İlham Əliyevin dediyi kimi, “ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu”.
İndi ortada real nəticələr var. Ermənistan rəhbərliyi artıq anlayıb ki, qonşu dövlətə qarşı ərazi iddialarından vaz keçərək, dinc qonşuluq münasibətlərini inkişaf etdirmək, qalıcı sülhə nail olmaq, kommunikasiyaları, gediş-gəlişi, ticarəti, regional əməkdaşlığı bərpa etmək vacibdir.
Qafqazda geosiyasi vəziyyətin bu qədər sadələşməsi, sülh üçün real imkanların yaranması, söz yox ki, Azərbaycan dövlətinin yeritdiyi siyasətin nəticəsidir. Ermənistana qalsaydı, xaraba qoyduqları əraziləri tutub yüz il gözləyəcəkdilər. İndi isə Qarabağ dirçəlir, hər iki tərəfdən sərhəd zonasındakı əhali səksəkəsiz yaşayır.
Prezident İlham Əliyev bu nailiyyətlər barədə BMT tribunasından danışanda onu dinləyənlər ona görə məmnun qalırdılar ki, onlar həmin tribunadan giley-güzar dinləməkdən, hansısa qlobal problemin həllinə yardım edilməsi çağırışlarını eşitməkdən bezar olublar.
Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan rəhbərliyinin gəldiyi mövqe (sülh sazişinin imzalanmasına hazırlıq) regiondakı proseslərə dair rəy bildirən hər kəsin təqdirini qazanır, heç kəs “44 günlük müharibənin nəticələri ədalətsiz olub, bu halda sülh sazişinin imzalanması düzgün deyil” demir, deyə bilmir.
Çünki hamı anlayır ki, bir dövlət özünü yadelli işğalçıdan qorumaq, ərazi bütövlüyünü bərpa etmək, torpaqlarına soxulmuş xarici aqressorları qovmaq hüququna malikdir. Bu, müstəsna hüquqdur və heç bir mübahisənin predmeti deyil. 2020-ci ilin payızında və 2023-cü ilin sentyabr ayında aparılan hərbi əməliyyatın hüququ bazası məhz bu idi.
Ona görə də Azərbaycan Prezidenti BMT tribunasında əmin-arxayın şəkildə çıxış edə bilir.
Ermənistanın keçmiş rəhbərləri (Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan) 1991-93-cü illər arasında Azərbaycanın rayonlarını işğal edərkən və onu 2020-ci ilin sentyabr ayına qədər işğal altında saxlayarkən, Azərbaycan xalqına nə qədər böyük yamanlıq etmişdilərsə, o qədərini də Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə ediblər.
Onların avantürası təkcə Qarabağda yaşayan azərbaycanlıları yer-yurdlarından didərgin salmadı, 30 il fərqlə erməniləri də öz evlərini tərk etməyə məcbur qoydu. Artıq ermənilər sovet dövründə olduğu kimi azərbaycanlılarla iç-içə yaşamağın çətin, hətta mümkünsüz olduğu qənaətinə gəliblər və dünya birliyi də bu gerçəkliyi başa düşür.
30 illik işğal, Azərbaycanın hücuma məruz qalmış qəsəbə və kəndlərində (Xocalı, Qaradağlı Başlıbel, Meşəli, Kərkicahan, Ağdaban və s.) törədilən qətliamlar, əsir götürülmüş 4 min azərbaycanlının izsiz-tozsuz yoxa çıxarılması və digər hərbi cinayətlər Ermənistan dövlətini, dünya erməniliyini elə bir haqsız duruma qoyub ki, bu gün onlar BMT tribunasında nə deyəcəklərini, nə danışacaqlarını bilmirlər. Əslində həmin cinayətlərdə əli olanlar beynəlxalq Haaqa tribunalında cavab verməli idilər. Bunun əksinə, hazırda Bakıda məhkəməsi gedən və cinayətləri bir-bir sübut olunan hərbi canilərin azadlığa buraxılmasını tələb edən dairələr var.
İşğaldan azad olunan 750-dən artıq yaşayış məntəqəmizin xarabalıqlarını əks etdirən videogörüntülər və şəkillər BMT-də və ya istənilən instansiyada Ermənistanı müdafiə edənləri anındaca susdura bilər. Abad-abad şəhərləri atom bombası düşmüş Xirosimaya döndərənlərin danışacaq dili yoxdur.
İndi Azərbaycan dövləti öz gücü hesabına o xarabalıqları yenidən insan məskəninə çevirməkdə, məcburi köçkünləri dövlət proqramı əsasında geri qaytarmaqla məşğuldur və bu işdə BMT-nin “veto qoyanlar”ından heç bir dəstək görmür. Yalnız prezident Trampın təşəbbüsü ilə ABŞ-nin “907-ci düzəliş”in icrasının dayandırması haqda qərar verməsini qeyd etmək olar.
Prezident Əliyev BMT tribunasında bir çox başqa mövzularda da danışıb. Buraya enerji təhlükəsizliyindən tutmuş günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə qoyulan sərmayə, beynəlxalq nəqliyyat dəhlizləri, qeyri-neft sektorunun inkişafı, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılması, ekoloji problemlərin həllinə dair layihələr və bir çox başqa məsələlər daxildir.
Bir sözlə, 44 günlük müharibədəki zəfərimiz dövlətimizin dilini bütün tribunalarda uzun, sözünü kəsərli edib.
Araz Altaylı, Musavat.com
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ