Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 22-də Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoqomonyan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda “BMT-80 İslahatları Çərçivəsində İnsan Hüquqlarının Təşviqi və Müdafiəsi” mövzusunda nazirlər səviyyəsində qapalı keçirilən dəyirmi masadakı çıxışında “insan hüquqlarının pozulması ilə mübarizə və həssas qrupların müdafiəsi zərurətindən” danışıb və insan haqları və həssas (zəif) qrupların müdafiəsi ilə bağlı çağırış edib.
Əslində, erməni diplomatın niyyətinin nə olduğu ortadadır. O, BMT tribunasından sui-istifadə edərək qəsdən bu məsələyə toxunub ki, bəlkə orda kimsə ermənilər haqqında danışar və onların “hüquqlarını müdafiə” edər. Amma görünür ki, gözlədiyi reaksiyanı almayıb və bu səbəbdən də məsələni üstüörtülü şəkildə dilə gətirib. Yəni Qarabağdan könüllü köçüb gedən ermənilərin adını çəkməyib, məsələyə ümumi yanaşıb ki, guya Ermənistan dünyadakı həssas qrupa aid olan əhalinin dərdini çəkir. Halbuki Ermənistan bir dövlət kimi 30 ildən çox bir müddət ərazində azərbaycanlıların hüquqlarını pozub, bu ölkənin təcavüzü nəticəsində nə qədər insan öz yurd-yuvasını itirib, qaçqına və məcburi köçkünə çevrilib.
Ermənistanın terroru nəticəsində on minlərlə insan həssas əhali qrupuna çevrilib. Başqasının hüquqlarını pozan, həssas qruplara rəhm etməyən bir dövlətin rəsmisinin BMT tribunasında bu mətləblərə toxunması doğrudan da gülünc görsənir. O yer qalmayıb ki, öz maraqlarını ifadə etmək üçün fürsət gəzməsinlər. Bu dəfə də elə ediblər, amma istədikləri mühiti görə bilməyiblər ki, Azərbaycana növbəti bir iftira atsınlar.
Bəs, Ermənistan xarici işlər nazirinin müavini BMT-də o cür çağırışı etməklə və xüsusilə də “həssas qruplar və insan haqları” barədə danışmaqla nə demək istəyir? Ola bilərmi ki, keçmiş “Dağlıq Qarabağdan” könüllü köçüb getmiş ermənilərin məsələsini deyir? İnsan haqları və zəif qruplar pərdəsi altında ermənilərin məsələsini yenidən gündəmə gətirmək niyyəti güdür?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın xarici işlər nazirinin müavininin “insan hüquqlarının pozulması ilə mübarizə və həssas qrupların müdafiəsi zərurətindən” danışarkən məhz Qarabağdan köçmüş ermənilərin məsələsini gündəmə gətirməyə cəhd etdiyi çox az ehtimal olunandır: “Çünki əgər belə bir niyyət olsaydı, o, həmin qrupla bağlı birbaşa ad çəkərək məsələ qaldırardı. İkinci bir tərəfdən, bundan az əvvəl Nikol Paşinyan Qarabağ erməniləri ilə bağlı məsələdən danışarkən onlara Ermənistan vətəndaşlığı veriləcəyini və məskunlaşmaları üçün bütün imkanların yaradılacağını deyib. Həmin ermənilərin böyük əksəriyyətinin onsuz da həm də Ermənistan vətəndaşı olduğunu nəzərə alsaq deyə bilərik ki, söhbət Suriyadan, Livandan və digər ərazilərdən Qarabağa köçürülmüş ermənilərdən gedir. Odur ki, Ermənistan Baş nazirinin və hökumətin bu məsələdə mövqeyi bəlli olduğu halda indi xarici işlər nazirinin müavininin bu məsələni gündəmə gətirmək istəməsi ağlabatan görünmür. Amma Qarabağ erməniləri ilə bağlı Ermənistan müxalifətinin manipulyasiya cəhdləri və bu istiqamətdə hakimiyyətə təzyiq göstərdikləri də məlumdur. Ola bilər ki, seçki kampaniyasının gedişində bu məsələnin gündəmə gətirilməsi, yəni hakimiyyətin Qarabağ erməniləri ilə bağlı beynəlxalq tribunalarda mövqe ortaya qoymaması ilə bağlı tənqidlər fonunda nazir müavini Abisoqomonyanın BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsindəki çıxışına ehtiyac duyulub. Seçki yaxınlaşdıqca mümkündür ki, hakimiyyət müxalifətə bəhanə verməmək üçün hərdən bu tipli məsələlərə toxunacaq və Qarabağdan köçmüş ermənilərlə bağlı fəaliyyətin həyata keçirildiyinə dair bəyanatlar səsləndirilsin. Yəni başqa sözlə desək, Abisoqomonyanın belə bir niyyəti olubsa da bu daxili auditoriya üçün hesablanmış niyyət olub”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ