Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə, daha konkret desək, İsrail-İran arasında baş verən dramatik hadisələr, hər iki tərəfdən mülki şəxslərin öldürülməsi fonunda Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal problemlərin həllində liderliyi öz üzərinə götürmək imkanında olmadığı bir daha təsdiqləndi. BMT-nin artıq mənasız quruma çevrildiyi, dünyada gedən proseslərə təsir imkanının olmadığı, hər hansı problemi həll etməyə gücü çatmadığı birmənalı şəkildə vurğulanır. BMT-nin qərarlarının icrasında ikili standartlar adi haldır və bu məsələdə böyük ölkələrin özəl maraqları həlledici amilə çevrilib. Reallıq göstərir ki, BMT dünyada artıq mənasız qurum kimi qəbul olunur, onun Təhlükəsizlik Şurası isə veto hüququ olan ölkələrin ambisiyalarından asılı vəziyyətə düşüb. Dünyada kolonial sistemin əsas simaları olan ölkələr BMT-nin bütün mexanizmlərini öz nəzarətlərində saxlayır, öz maraqlarına uyğun qərarların qəbul edilməsinə və onların icrasına çalışır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, BMT Təhlükəsizlik Şurasını İsrailin hücumunu pisləyən qətnaməni dərhal qəbul etməlidir. “Təhlükəsizlik Şurasının beş daimi üzvü də daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər bu hücumla bağlı mövqe tutmalı və onu pisləməlidirlər”, - Baqayi brifinqdə vurğulayıb.
Fakt budur ki, BMT bir beynəlxalq problemi həll edə bilmir. Bu təşkilat 5 dövlətin inhisarındadır. Təşkilatın Təhlükəsizlik Assambleyasının daimi üzvləri olaraq veto hüququna sahib olan ABŞ, Çin, Böyük Britaniya, Rusiya və Fransa BMT-də əsas söz sahibləridir və bütün dedikləri olur. Onlar öz mənafeləri əleyhinə bir qətnamə, qərar qəbul edilməli olanda, veto hüququndan istifadə edirlər, iş pozulur, qərar qəbul edilmir.
“BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”. Bu mövqeyi Prezident İlham Əliyev bir neçə dəfə yüksək tribunalardan səsləndirb. Dövlət başçısı deyib ki, burada bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir. İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daha konkret fikir irəli sürü. O bildirib ki, təşkilatda veto hüququna malik müsəlman ölkəsinin də təmsil olunmasına ehtiyac var: “Bu, zərurətdir”. Ərdoğanın sözlərinə görə, müsəlmanlar dünya əhalisinin dörddə birini təşkil edir: “Müsəlmanlar artıq qərar qəbul etmə prosesində iştirak etməlidirlər”.
Bu vəziyyət BMT-nin beş daimi üzvünün bu qurumu iflic vəziyyətə gətirdiyindən irəli gəlir? Bu həm də Prezident İlham Əliyevin TŞ-nin daimi üzvlərindən ən azı birinin müsəlman ölkəsi olmasının vacibliyi barədə bir neçə dəfə səsləndirdiyi təklifin gec-tez qəbul edilməsinin zəruri olduğunu ortaya çıxarırmı?
Abutalıb Səmədov
“Alyans”Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, aprelin əvvəllərində Tramp İranın ali dini liderinə müraciət elədi və ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təkliflərini qəbul etməsi üçün ona 60 gün müddət verdi. Keçən dövr ərzində beş görüş keçirildi. Altıncısı iyunun 15-də keçirilməli idi. Ancaq İyunun 12-də MAQATE-nin qətnaməsindən sonra İsrail ABŞ-ın razılığını alıb İranın nüvə obyektlərinə raket zərbələri endirdi: “İran cavab atəşi açdı və məlum oldu ki, həqiqətən də Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların bu cür hadisələrin qarşısını almaq imkanı yoxdur. Və bu vəziyyət bir daha BMT-də islahatlar keçirmək zərurətini ortaya qoydu və Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurası üzvlərindən birinin müsəlman ölkələrindən birinin nümayəndəsi olması təklifinin də nə qədər yerində olduğunu bir daha göstərdi. Başqa təkliflər də təbiidir ki, var. Hindistanın, Yaponiyanın və digər bir neçə ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təklifləri səslənin. Ancaq veto hüququ varsa, eyni proseslər gələcəkdə də davam edəcək. Veto hüququndan daimi üzvlər imtina eləyərlərmi? Yəqin ki, imtina eləməzlər. Belə şəraitdə BMT-nin və onun Təhlükəsizlik Şurasının həlledici məqamlarda ciddi qarşıdurmalar yaranan zaman hansısa real iş görməsi yenə də yəqin ki, mümkünsüz olacaq. Belə olmaması üçün təbiidir ki, çox ciddi düşünmək lazımdır, BMT-də necə islahatların keçirilməsi barədə ən düzgün qərar verilməlidir”.
Ekspert hesab edir ki, İran BMT-yə arxayın olmamalı, ona təklif olunan məqbul variantları qəbul eləməlidir: “Çünki İran açıq şəkildə deyir ki, bizim nüvə silahı istehsal eləmək fikrimiz yoxdur. Nüvə silahı üçün uranın 90 faiz zənginləşdirilməsi tələb olunur. İrana 3,67 faiz zənginləşdirməyə icazə verilir. Əlavə 20 faiz də dərman preparatları üçün İranın uranı zənginləşdirmək imkanı var. Ancaq 100 kiloqram 60 faiz zənginləşdirilmiş uranı var. O zaman İrana sual olunur ki, əgər siz nüvə silahı istehsal etmək istəmirsinizsə, niyə 60 faizə qədər zənginləşdirmisiniz? Bu cavabdan ABŞ-ın təklifinin qəbul olunması gərginliyi və dünyanın çox ciddi fəlakətlərlə üz-üzə qalmasının qarşısını ala bilər. Təklif edilir ki, atom elektrik stansiyaları üçün lazım olan təqribən 3,7 faiz zənginləşdirilmiş uran və eyni zamanda dərman preparatlarının istehsalı üçün tələb olunan 20 faizli uran ya Moskvadan alınsın, ya da bir müəssisə yaradılsın ki, ona da MAQATE nəzarət eləsin və həmin uran İrana kənardan gəlsin. Bu da bütün narahatlıqların aradan qalxmasına imkan verər. İran bunu qəbul etməsə, müharibəyə ABŞ da qoşulacaq və İran sağalması mümkün olmayan yaralar alacaq. Ümid edək ki, İran ağıllı hərəkət edəcək və özünü də, dünyanı da böyük fəlakətlərdən xilas edəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ