İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, erməni lobbisinin Vaşinqtonda gözlənilməz uğursuzluğudur”

ABŞ Konqresində daha bir anti-Azərbaycan plan fiaskoya uğrayıb.

Məlum olduğu kimi, ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi kaliforniyalı konqresmen Bred Şermanın təqdim etdiyi iki anti-Azərbaycan düzəlişi rədd edib. Şermanın təklifləri Türkiyənin Ermənistanla sərhədi açmayınca və Azərbaycanda saxlanılan erməni silahlılarını azad etməyincə yardımların dayandırılmasını, həmçinin ABŞ prezidentinin “907-ci düzəliş”i ləğv etmək səlahiyyətinin əlindən alınmasını nəzərdə tuturdu. Lakin təşəbbüs qəbul olunmadı və bu, erməni lobbisinin daha bir uğursuzluğu kimi qiymətləndirilir.

Erməni KİV-lərində bu məsələ xüsusilə Bred Şermanın təşəbbüslərinin uğursuzluğu kimi təqdim olunur. Onlar yazırlar: ABŞ Konqresinin Xarici İşlər Komitəsində Şermanın təqdim etdiyi düzəlişlərin qəbul olunmaması erməni lobbisinin “gözlənilməz uğursuzluğu”dur”.

Həmçinin Ermənistanda bu qərar “Vaşinqtonda erməni maraqlarının zəifləməsi” kimi dəyərləndirilir. Bəzi erməni analitikləri isə bunu həm də Azərbaycan-Türkiyə tandeminə diplomatik üstünlük kimi şərh edirlər.

Reopen.media-nın bu haqda məqaləsində qeyd olunur:

“Bu qəbul etməmələr erməni yönümlü bəzi təşəbbüslərin tamamilə istədiyi mənada irəli getməsinə imkan vermədi”.

Mövzu ilə bağlı siyasi şərhçi Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb.

MEHEMMED.jpg (68 KB)

Siyasi şərhçi qeyd edib ki, ABŞ-da erməni lobbisi 1990-cı illərdən başlayaraq daim Türkiyə və Azərbaycan əleyhinə, xüsusilə Azərbaycan əleyhinə Konqresdə müxtəlif qətnamələrin qəbul edilməsinə nail olub:

“Amma II Qarabağ müharibəsindən sonra Azərbaycanın beynəlxalq müstəvidə diplomatik fəallığının artması demək olar ki, erməni lobbisinin ABŞ-da təsirlərinin zəiflədilməsi istiqamətində atılan addımlara gətirib çıxarıb. Bu lobbinin ABŞ Konqresinə və administrasiyasına təsirləri neytrallaşdırılıb.

Təbii ki, Azərbaycanın əlində müxtəlif imkanlar var və bu imkanlar ABŞ-da işə salınır; erməni lobbisinin bütün təşəbbüsləri isə keçmir. Məhz Azərbaycan və Ermənistan arasında Donald Trampın vasitəsi ilə sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizinin açılması, Ermənistan-Azərbaycan arasında de-fakto sülhün əldə edilməsi, Türk-Ermənistan əlaqələrində yeni dövrün başlanması və Ağrıdağın şəklinin Ermənistan dövlət möhüründən çıxarılması artıq Azərbaycan-Ermənistan-Türkiyə arasında irəliləyişin olduğunu göstərir. Bu, normallaşma prosesinin başlaması deməkdir.

İndi erməni lobbisinin oradakı təşəbbüsləri birbaşa Rusiya maraqlarına xidmət edir. Onlar, düşünürəm, Rusiyanın yönləndirməsi ilə koordinasiyalı çalışır və Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmağa çalışırlar. Təbii ki, Vaşinqtonda da hesab edirlər ki, Cənubi Qafqazda artıq ABŞ-ın maraqlarına zidd addımlar atmaq olmaz, çünki bu, Rusiyanın və erməni lobbisinin maraqlarına uyğundur.

Erməni lobbisi daim belə problemlərdən istifadə edib, öz maliyyə imkanlarını genişləndirib və bu qərarlarda Ermənistanın maraqlarını nəzərə almır. Nümunə olaraq, Nikol Paşinyan sülhdən danışırsa, erməni diasporu Ermənistan-Azərbaycan münasibətlərinə xələl gətirəcək addımlar atırsa, təbii ki, bu, Ermənistan hakimiyyətini narahat edir. Yəni artıq bu kimi təşəbbüslər bundan sonra da ola bilər, amma ABŞ artıq buna icazə verməyəcək, çünki bu düzəlişlərin qəbul olunması Trampa qarşıdır. Tramp isə belə məsələlərə imza ata bilməz”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR