Deputatdan həyəcanlı çıxış
Deputat Ceyhun Məmmədov Milli Məclisdəki müzakirələr zamanı öncə komitə sədri Bahar Muradovaya illik məlumatın dolğun və peşəkar səviyyədə hazırlanmasına görə təşəkkürünü bildirdi.
Deputatın sözlərinə görə, bütün bunlar həm də onu göstərir ki, Komitə mövcud problemləri diqqətlə izləyir, həlli istiqamətində addımlar atmağa çalışır: “Qeyd olunanlarla yanaşı çıxışımda bir sıra məsələlərin üzərində durmaq istəyirəm. Öncə onu qeyd edim ki, bu məsələlərin həlli yalnız bir qurumun işi deyil. Sadalayacağım məsələlərə görə bütün cəmiyyət məsuliyyət daşıyır. Biz birlikdə bu məsələlərin həllinə çalışmalıyıq”. C.Məmmədov qadınlarla bağlı problemə diqqət çəkdi: “Bu gün cəmiyyətdə boşanmaların sayının sürətlə artması ciddi narahat doğurur. Mülki məhkəmələrdə işlərin çoxu boşanmalarla bağlıdır”.
Qeyd etdi ki, digər narahatlıq doğuran məsələlər erkən nikahlar, qohum nikahı və selektiv abortla bağlıdır. Deputat uşaqların törətdikləri cinayətlərlə bağlı da narahatlığını bölüşdü: “Eyni zamanda, son günlər ölkəmizdə uşaq və yeniyetmələr tərəfindən törədilən cinayətlər bir daha onu söyləməyə əsas verir ki, tərbiyə prosesinə yenidən baxmalı, uşaqların cinayətə bu qədər meyl göstərmələrinin səbəblərini ciddi öyrənməli, ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq. Əks halda gələcəkdə çox ciddi problemlərlə üz-üzə qalacağıq”.
Prosesə təsir göstərən səsəblər barədə danışan C.Məmmədov bunları söylədi: “Hesab edirəm bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Hesab edirəm televiziyalarımızda ailə dəyərlərinə mənfi təsir göstərə biləcək verilişlərin dayandırılmasına baxmağın vaxtı çoxdan çatıb. Bu istiqamətdə ciddi addımlar atmalıyıq.
Sonda çıxışımın sonunda bir daha bu məsələnin üzərində durmaq istəyirəm. Bütün bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətə şərikdir. Qanunların dəyişməsi yetərli deyil. İnsanların şüuru və məsələyə baxışı dəyişməlidir. Necə olur ki bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?“
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ