İnsanlara hürriyət, millətlərə istiqlal!

Dondurmalardan gələn TƏHLÜKƏ- Bunlara diqqət edin!

Yay aylarında istidən sərinləmək üçün ilk üz tutduğumuz məhsullardan biri dondurmadır. Uşaqların da, böyüklərin də sevimlisi olan bu məhsulun arxasında görünməz təhlükə gizlənə bilər. Dondurmaların tərkibində süd olmaması, əvəzində süd əvəzləyicisi adı ilə palma yağının üstünlük təşkil etdiyi də əsasən istehlakçı olaraq bir çoxlarını maraqlandırmır. Çoxumuz aldığımız dondurmanın üzərində yazılan tərkib hissələrini oxumuruq, oxusaq da “E nömrələri” ilə qeyd olunmuş maddələrin mənasını anlamırıq. Uşaqların, böyüklərin sevərək yediyi bu qidada sağlamlığa zərərli bir sıra maddələr var. Sərinlənmək üçün sağlamlığımıza bilmədən zərər veririk. “E nömrələrin” arxasında nələr yatır? Sağlam dondurmanın tərkibi necə olmalıdır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, bütün dondurma istehsalçıları bilməlidir ki, süd məhsulu olan dondurmalarda kərə yağı istifadə olunmalıdır. Bəzən dondurma yeyərkən boğazda acı dad hiss olunur. Bu dad  vaxtı keçmiş yağlardan qaynaqlanır:

“Bizim vətəndaşlara tövsiyəmiz odur ki, buraxılma tarixi ilə yaralılıq müddəti arasında qısa fərq olan dondurmalara üstünlük versinlər. Quruluşunda deformasiya olan dondurmalar istiliyə məruz qalıb, təkrar dondurulan məhsuldur. Bu da çirklənmiş dondurma hesab olunur, yemək üçün tövsiyə etmirik”.

Ekspert etiketlərin üzərində olan tərkib məlumatları mövzusunda bildirir ki, istehsalçı tərkibi haqqında bütün məlumatları mütləq qeyd etməlidir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daim etiket məlumatları ilə məhsulun tərkibini araşdırır, bəzilərini ifşa edir. Bu proses davam etməlidir.  Həmçinin  istehlakçılar şübhəli dondurmalara rast olan zaman “1003” qaynar xətti ilə AQTA-a məlumat verməlidir. Hazırda İqtisadiyyat Institutunda ərzaq mallarının etiket məlumatları barədə standart qəbul olunur. Azad İstehlakçılar Birliyi texniki komitənin üzvüdür və çalışırıq ki, etiket məlumatları istehlakçılar üçün başa düşülən olsun”.

Eyyub Hüseynov “etiketdə hansı qida əlavələrini gördükdə həmin məhsulu almaqdan imtina etməliyik” sualına belə cavab verib:

“Diqqətli olmamız lazım olan inqrediyentlər bunlardır: hidrogenləşdirilmiş yağlar, süni rəngvericilər (məsələn, E132), süni dadvericilər, E407 karraqenan, E441 jelatin, E120 karmin, E471 mono və diqliseridlər, tərkibində etil spirti olan xammallar, etil spirti istifadə edilərək istehsal olunan xammallar (hansı ki, “istihalə” (əslini dəyişmə) baş vermir, yəni etil spirti itmir). E132 - indigo karmin bir çox məhsullarda istifadə edilən mavi sintetik qida boyasıdır. Meyvə şirələri, limonadlar, yeyilə bilən buzlar, dondurmalar, şirniyyatlar, biskvit, tort, şokolad, dərman və kosmetika sektorlarında çox istifadə edilir. Araşdırmalara görə bəzi insanlarda kəskin allergik reaksiyalar yaradır. Hiperaktivlik, ürək bulanma, hipertəzyiq, dəri reaksiyaları, tənəffüs problemləri allergiyalara səbəb olur. Bunun Avstraliyada qida sənayesində istifadəsinə qadağa qoyulub. E407 - Karraqenan qırmızı dəniz yosunlarından alınan polisaxariddir, üç tipi vardır: (Kappa, Iota və Lambda). E407 və E407a kimi qida sənayesində geniş istifadə edilir. İstehsalında etil spirti istifadə edildiyi üçün şübhəlidir. E441 - jelatinin əsas xam maddəsi donuz, böyük və kiçikbaş heyvanların sümük  və dəriləridir. Bir çox funksiyasına görə qida sənayesində geniş istifadə edilir. Məsələn, meyvə şirələrində durulducu kimi də istifadə oluna bilir. Tamamilə bir heyvan mənşəli məhsuldur. Adətən istehsalında donuzdan alınan sümük və ya dəri  istifadə olunmayıbsa, ona “halal” sertifikatı verilir. Lakin realda isə istifadə olunan sümük və dərinin halal şərtlərlə istehsal olunan heyvanlardan olması mütləqdir. E120 - Karmin təbii rəng vericidir. Təbii burada o demək deyil ki, zərərsizdir. Əsasən Peruda istehsal olunur. Cochineal adlı böcəklərdən əldə edilir. Böcəklərin istifadəsi üçün 90 günlük yetişmə mərhələsinə çatmaqları lazımdır. Bu yaşa çatmış dişi böcəklərdən 3 fərqli metodla karmin istehsal olunur: böcəklərin isti suya salınması ilə onlardan rəng alınması, böcəkləri günəş işığı altında qurutma ilə, sobalarda qurutma ilə. Kolbasa və sosislərdə də geniş istifadə olunur. Böcəklər müsəlmanlar üçün haram olduğuna görə E120 əlavə edilmiş istənilən qidadan çəkinmək lazımdır. E471 isə mono və diqliseridlər yağ turşularıdır. Heyvan və bitki mənşəli ola bilər. Qliserin və yağ turşularından əldə edilir. Heyvan mənşəli olanlar halal istehsal şərtlərinə riayət edilmiş heyvanlardan alınmalıdır. Bitki mənşəli olanlarda isə GMO olmalı deyil".

Eyyub Hüseynov deyib ki, dondurma alarkən mütləq etiket məlumatlarını diqqətlə oxumaq lazımdır:  “Dondurma və meyvə buzu arasındakı fərq nədir? Dondurma ilə meyvə buzu arasındakı əsas fərq quru maddə miqdarındadır. Tam yağlı dondurmada ən azı 40 faiz, meyvə buzlarında isə ən azı 12 faiz quru maddə olur. Tam yağlı dondurmada süd yağının miqdarı ən az 12 faiz, meyvə buzlarında isə 0-2,5 faizdir. Dondurmanın əsas inqrediyenti süddür, meyvə buzlarında isə bu sudur”.

 

Mənzər NOVRUZLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR