İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lukoil”in xarici biznesi Kremlin sahibinin dostu olan Timçenkonun əlinə keçir

Rusiya prezidenti Vladimir Putinin yaxın dostu Gennadi Timçenkonun nəzarətində olan “Gunvor” şirkəti, Qərb sanksiyalarına məruz qalan “Lukoil”in beynəlxalq aktivlərini almaq təklifi irəli sürüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Lukoil” bu təklifi qəbul edib və “Gunvor”dan başqa heç bir potensial alıcı ilə danışıqlar aparmamaq öhdəliyini götürüb. “Lukoil” həmçinin aktivlərin “Gunvor”a satılacağını təsdiqləyib.

Satışın obyekti Avstriyada qeydiyyatdan keçmiş “Lukoil International GmbH” şirkətinin 100% səhmləri olacaq. ABŞ Maliyyə Nazirliyi oktyabrın 2-də “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib. Nazirlik bu qərarı, Rusiyanın Ukraynada müharibəni dayandırmaq məqsədilə sülh prosesinə ciddi şəkildə sadiq olmaması ilə izah edib.

Sanksiyalar yalnız “Lukoil” və “Rosneft”in baş təşkilatlarına deyil, həm də onların törəmə şirkətlərinə — yanacaqdoldurma şəbəkələrinə, geoloji kəşfiyyat və hasilat şirkətlərinə, yataqları idarə edən və logistika ilə məşğul olan strukturlara da şamil olunub.

“Gunvor” şirkəti Timçenko və neft treyderi Turbyörn Törnkvist tərəfindən 1997-ci ildə yaradılıb. Şirkət neft və neft məhsulları ticarəti ilə məşğuldur, 2007-ci ildən etibarən isə həm Rusiyada, həm də xaricdə aktivlər toplayaraq enerji-logistika holdinqi formalaşdırır. Ona Novorossiysk mazut terminalı, Xəzərdəki Laqanski blok yataqları, Türkiyə və Panamadakı aktivlər, eləcə də Belçikanın Antverpen və Almaniyanın İngolştadt şəhərlərindəki neft emalı zavodları məxsusdur. “Gunvor” əvvəllər Ust-Luqa neft terminalına da sahib idi, lakin 2015-ci ilin iyulunda onu Andrey Bokaryevin strukturlarına satmışdı.

2014-cü ilin martına qədər “Gunvor Group”un 44%-i Timçenkoya, 44%-i isə Törnkvistə məxsus idi. Krımın ilhaqından sonra sanksiyalardan çəkinən Timçenko öz payını Törnkvistə satdığını bəyan etdi, lakin araşdırmalara görə şirkətə faktiki nəzarəti hələ də o həyata keçirir.

Araşdırmaçıların qeyd etdiyinə görə, Timçenko Rusiya neftinin satışı üçün treyderlərin tapılması ilə şəxsən məşğuldur — o cümlədən “Rosneft”in neftinin Qərb sanksiyalarından sonra gizli kanallar vasitəsilə satışını təşkil edir. “Vajnıye İstorii”nin məlumatına görə, Rusiya limanlarında “kölgə donanması”na məxsus tankerlerin yarıdan çoxu məhz onunla əlaqəli şəxslər tərəfindən idarə olunur.

Timçenkonun Rusiya vətəndaşlığından əlavə, Finlandiya vətəndaşlığı da var. Qərb sanksiyalarına baxmayaraq, o, qeyri-rəsmi vasitəçilərdən istifadə edərək sanksiyalardan yayınmağı bacarır. ABŞ Maliyyə Nazirliyi bir müddət əvvəl bildirmişdi ki, Putin “Gunvor” şirkətində pay sahibidir. Keçmişdə şirkətin səhmdarları arasında Putinin uşaqlıq dostu Pyotr Kolbin də yer alıb.

"Forbes" jurnalının məlumatına görə, Timçenko Rusiyanın altıncı ən varlı milyarderi sayılır. O, “Gunvor”dan başqa “Novatek”, “Stroytransqaz”, “Transoyl” və “Sibur” şirkətlərində də pay sahibidir. Onun Putinə yaxınlığını sübut edən daha bir fakt — Timçenkoya bağlı strukturların “Baltika” pivə şirkətinin alınmasını maliyyələşdirməsi və Putinin və Alina Kabayevanın oğullarına dərs deyən müəllimlərin maaşlarını ödəməsidir. Bu faktlar Aleksey Navalnının komandası tərəfindən aparılan araşdırma nəticəsində üzə çıxıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR