İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Sənət və silah” sərgisi açıldı – Azərbaycan ənənəvi silahları rəssamların gözü ilə

Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində “Sənət və silah: Ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgi açılıb.

Musavat.com bildirir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan sərgi Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əminə Məlikova sərgi haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycan ənənəvi silahlarının tarixi, texnoloji və bədii inkişafını müasir rəssamların yaradıcılığı vasitəsilə təqdim olunur. Həmçinin qeyd edib ki, sərgidə 26 rəssam və heykəltəraşın müəllifi olduğu 30-a yaxın sənət əsəri nümayiş olunur.

Daha sonra sərginin kuratorları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova, “Polad naxışlar. Azərbaycan Milli Xalça Muzeyinin silah kolleksiyası” adlı kataloqun müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, sərgi və muzeyin silah kolleksiyasına həsr olunmuş ilk kataloq Azərbaycan silahşünaslıq irsinin, milli sənətkarlıq ənənələrinin və dövlətçilik tarixinin bədii kontekstdə təqdimatı, eləcə də milli-mədəni kimliyin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH Mərkəzinin tələbələri “Ədalətin silahı şər qüvvəyə qalib gəlir” adlı bədii-dramatik-xoreoqrafik kompozisiyanı təqdim ediblər.

Sonda yeni sərgi təqdim olunub. Ekspozisiyada kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVI–XIX əsrlərə aid nadir silah nümunələri də təqdim olunur. Bu eksponatlar arasında şahzadə Abbas Mirzə Qacar, Nəsrəddin şah Qacar, Səfəvi dövlətinin vilayətlərinin hakimlərindən birinə və Şəki xanına məxsus silahlar yer alır. Eyni zamanda, Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların, zülfüqar qılıncı və şaşkanın ənənəvi üsullarla hazırlanmış replikaları sərgilənir.

Sərgi noyabrın 16-dək davam edəcək.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR