 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            
Balakənin icra başçısının həbsinin səbəbləri haqda informasiya məhduddur, amma 15 ilə yaxın bir müddətdə çox bərəkətli torpaqları olan rayona rəhbərlik edəndə hətta məşhur televiziya tamaşasındakı “Pinəçi Dadaşov”da nöqsan tapa bilərdi.
Təəssüf ki, 2020-2021-ci illərdə Biləsuvarın, Neftçalanın, İmişlinin, Cəlilabadın, Şəmkirin, Ağstafanın, Yevlaxın və Kürdəmirin icra başçılarının həbsi digərlərinə dərs olmadı. Yayda Balakənə qonşu Qaxın da icra başçı qandallanıb.Musa Şəkiliyev qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur...

İnsan psixologiyasında “gözü çıxmış qardaşın aqibətindən nəticə çıxarmaq” kimi instink var. Amma sanki həbsxana “balaca padşahları” qorxutmur. Çox maraqlıdır, niyə?Axı bu adamlar sıradan biriləri deyirlər, aralarında dövət qulluğunda çalışmış təcrübəli kadrlar da var, üstəlik təyinat alarkən hətta “yeddi arxa dönənini” də araşdırılır. Bəs, bu adamlar niyə həbsdən qorxmurlar, niyə ailələrini məhkəmə, sonra isə həbsxana qapılarına salırlar, oğul-uşaqlarını rüsvay edirlər?Bir iddia budur ki,dövlət əmlakına uzanan əlləri kəsmək üçün AzərbaycanınCinayət Məcəlləsindəkimüvafiq maddənin sanksiyasını ağırlaşdırmaq lazımdır. SSRİ dövründə 88-ci maddənin birinci bəndinin (dövlət əmlakını mənimsəmə) sanksiyasındahətta güllələnmə də vardı. Halbuki ozaman mənimsəməyə indiki ilə müqayisədə nə çox böyük məbləğ, nə də məsələn, elə rayonun birinci katibinin dövlət puluna indiki kimi asan çıxış imkanı olub. İndi isə hırsız və arsız bəzi icra başçıları, nazirlərin, eləcə də komitə sədrlərinin milyonları bir tenderdə qatlayıb ciblərinə qoymaq imkanı var. Güllələnmə cəzası daha yoxdur, amma toplumda olan rəy də budur ki, dövlət puluna xor baxanlara ağır cəza verilmir, üstəlik cəzanın çəkilməmiş hissəsindən də tez azad edilmək imkanları da var. Bu, artıq birbaşa məhkəmə sisteminin məsuliyyətidir.

Faktlara baxaq: Yevlağın sabiq başçısı Qoca Səmədova 7 il 3 ay həbs cəzasıverilmişdi, 2023-cü ildə yanvarında Şəki Apelyasiya Məhkəməsi bu müddəti 6 ilə endirdi, həmin ilin iyulunda xəstəlik səbəbindən azadlığa buraxıldı. Neftçalanın sabiq başçısı İsmayıl Vəliyevə 10 il iş verilmişdi, Ali Məhkəmə ötən il bu cəzanı 6 il 2 aya endirib.Kürdəmirin sabiq başçısı cəmi 5 il əvvəl həbs edilmişdi, məhkəmə ona 8 il 6 ay həbs cəzası kəsdi, Şirvan Apelyasiya Məhkəməsi bu müddəti 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya qədər azaltdı. Məlum, 2025-ci ilin fevralında Cəfərovun cəzaçəkmə müddəti başa çatdı və azadlığa çıxdı...
Əlbəttə ki, dövlətə vurulmuş ziyanın ödənilməsi kimi yüngülləşdirici hallar, həbsdə “özünü nümunəvi aparmaq” da var. Amma belə faktlar cəmiyyətdə narazılıq doğurur, dövlət puluna çıxışı olanları isə “əşi, 3-5 il yatıb azadlığa çıxaram” kimi fikirlərə salır...
Korrupsiya istənilən dövlət üçün təkcə pul yeyintisi deyil. Bu cür mütəşəkkil oğru dəstələri dövlətə qarşı istənilən cinayətə meyllənə də bilərlər. “Ramiz Mehdiyevin 50 nəfərlik Dövlət Şurası” yaratmaq kimi sərsəm fikirlərə düşməsi bunun ən son və pis nümunəsidir. Onun bu illər ərzində topladığıqeyri-qanuni sərvətə güvənərək, elə həm də təyinatına dəstək verdiyi icra başçılardan aldğı rüşvətlə o qədər şişdi ki, özünü aynada “siyasət divi kimi gördü”, təqaüdə çıxandan sonra da belə axmaq işlərə baş qoşdu. Mehdiyev məmur maaşı ilə dolansaydı, işdən uzaqlaşdırıldıqdan sonra qocalıq təqaüdü ilə dolansaydı, heç yuxuda da belə “idarəetmə şurası” yaratmağa cəsarət etməzdi. Yəni korrupsiya, dövlətin pulunu oğurlamaq elə bir bəladır ki, onun nəticələri tez-gecdövləti içəridən zəiflədir, sonra da ən böyük zərbəsi də, necə deyərlər “darbesi” də dövlətə dəyir.

Pisi həm də odur ki, məsələn, Beynəlxalq Bankda dövlətin pulunu(dövlətin təminat verdiyi pulları) milyon-milyon kartlarına yükləyənlər hələ də onu başqa bir dövlətdə xımır-xımır xərcləyirlər, bəziləri nazir(komitə sədri) işlədiyi dönəmdə dövlətin pulunu həzm-rabedən keçirib, indi də rahat yaşayırlar. Onların da həbsləri çoxlarına dərs olmayacaqdı, necə ki, sabiq mədəniyyət naziri, müavinləri rüşvət ittihamı ilə həbs edilən, özü isə “puldan filan qədərini ona vermişdik” desələr də, məsuliyyətdənkənarda qalan Əbülfəs Qarayevin yerinə gətirilən(adını unutmuşam) də bir neçə ay sonra işdən uzaqlaşdırıldı, səbəb aşağı-yuxarı yenə dövlətin cibinə uzanan əl idi...
...Bir neçə ay əvvəl qonşu rayonlara rəhbərlik edən Şəkiliyevlə Rzayev yəqin ki, bu dəfə də saxlanıldıqları təcridxanada yanaşı kameralarda oturublar. Biriləri heç olmasa, belə qonşuluqadan, bu tale(sizlik)dən nəticə çıxarsınlar, dövlətin puluna xor baxmasınlar ...
Nazim SABİROĞLU, 
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ