İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkoloji Mərkəzdə "rüşvət resepti" - direktorla müavininə 8 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzinin rüşvət almaqda ittiham olunan sabiq baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Elşən Mustafayev son sözlə çıxış edib.

O, özünü təqsirli bilmədiyini, günahsız olduğunu deyib, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Elşən Mustafayev 3 il müəyyən müddətə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il, Zamin Əliyev 3 il müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin martında Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində Mərkəzin baş direktoru və müavini həbs edilib.

İttihama görə, Elşən Mustafayev 2023-cü ilin aprelindən baş direktor təyin olunduqdan sonra müavini Zamin Əliyevlə əlbir olaraq alkoqolizmdən və narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsinin təşkil edilməsi, müalicə olunma müddətinin uzadılması, müalicəsini birnəfərlik palatada davam etdirməsi, daha keyfiyyətli müalicə üçün xəstə yaxınlarından rüşvət alıb.

Bundan başqa, E.Mustafayev müavininin əli ilə Mərkəzin həkim-narkoloqlarından birindən işini davam etdirməsində maneə yaradılmaması və yaş həddi ilə bağlı təqaüd məsələsinin qabardılmaması məqsədilə pul istəyib. Belə ki, onun qarşısına xəstələrdən aldığı puldan rəhbərliyə çatdırılması tələbi qoyulub. Bu danışıqdan sonra həkimin evə buraxılarkən hər xəstədən aldığı 5 manat və yaxınlarının minnətdarlıq kimi 100 manat məbləğində etdikləri “hörmət”in 50 manatını Zamin Əliyevə verib.

Onların barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR