İnsanlara hürriyət, millətlərə istiqlal!

Yox olan “Artsax”ın bankı necə yaşayır? – Ermənistanda separatizmin maliyyə izi

“"Artsax" adının nə qədim, nə də müasir erməni dilində heç bir mənası yoxdur. Bu ad sırf Qarabağla bağlıdır və Ermənistan tərəfindən saxtalaşdırılmış siyasi layihənin tərkib hissəsidir”.

Bunu Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ermənistan ərazisində fəaliyyət göstərən “Artsaxbank” adlı bankdan danışarkən bildirib.

İlham Əliyev Çingiz Qənizadəni təltif etdi - FOTO | Modern.az

Ekspertin sözlərinə görə, 2016-cı ilin noyabrında keçirilən qondarma “referendum”dan sonra separatçı rejim “Dağlıq Qarabağ” adını dəyişərək “Artsax Respublikası” kimi təqdim etməyə çalışdı:

“Bu addımın məqsədi həmin qanunsuz rejimi beynəlxalq ictimaiyyətə “müstəqil dövlət” kimi tanıtmaq idi. Bu gün Ermənistanda “Artsaxbank” kimi qurumların fəaliyyət göstərməsi həmin qanunsuzluğun davamıdır. Paşinyan hökuməti buna dərhal son qoymalıdır. Çünki əgər "Artsax" sözü Qarabağ anlamını daşıyırsa və Qarabağ Azərbaycan torpağıdırsa, bu ad niyə Ermənistanda yaşadılmalıdır? Bu, sülh prosesinə açıq zərbədir”.

Çingiz Qənizadə hesab edir ki, Azərbaycan tərəfi bu məsələni hökumətlərarası komissiyada qaldırmalıdır:

“Qarabağın adı ilə kommersiya fəaliyyəti aparmaq, “olmayan bir qurumu” iqtisadi müstəviyə daşımaq separatizmin və revanşizmin yeni formasıdır. Bu, həm siyasi, həm də hüquqi baxımdan yolverilməzdir”.

Qeyd edək ki, Ermənistan Mərkəzi Bankına tabe olan “Artsaxbank” hələ də aktiv fəaliyyət göstərir, müxtəlif kampaniyalar keçirir və maliyyə xidmətləri təklif edir. Bankın bu fəaliyyəti təkcə etik deyil, həm də beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilir.

Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü tam bərpa edib və ölkə ərazisində “Artsax” adlı heç bir inzibati vahid mövcud deyil. Buna baxmayaraq, Ermənistanda bu adın kommersiya məqsədilə saxlanması rəsmi İrəvanın hələ də köhnə separatçı təfəkkürdən qurtulmadığını göstərir.

Bu cür addımlar, ekspertlərin fikrincə, sülh prosesinə və regionda etimad mühitinin bərqərar olmasına ciddi zərbə vurur.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR