İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın geosiyasət lövhəsində gedişat dəyişir - bu ölkələr lokomotiv güclər olacaq

Yalçın Rəfiyev: “Azərbaycan çoxtərəfli münasibətlər sistemində fəallığını qorumağa çalışır”

Şəhla Cəlilzadə: “Qərb xüsusilə Mərkəzi Asiyaya yatırım etməklə orada oyun qaydalarını dəyişməyə çalışır”

Bu gün Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirə təşkil olunub.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bir sıra mühüm məsələlərə diqqət çəkib.

RAFA.jpeg (413 KB)

Y. Rəfiyev bildirib ki, Azərbaycan xarici siyasətdə çoxtərəfliliyə hər zaman üstünlük verib və bu prinsipi ən çox dəstəkləyən ölkələrdən biridir:

“Bunun bir çox praktiki nümunələri son illərdə, xüsusilə xarici siyasətimizdə özünü göstərib. Lakin hazırda bu proses, yəni çoxtərəflilik olduqca mürəkkəb bir dövrdən keçir. Ancaq bütün bunlara baxmayaraq, müəyyən proseslər, məsələn, Bakıda keçirilmiş COP29 tədbiri bir daha sübut edir ki, çoxtərəflilik hələ də işləkdir. Bu kimi beynəlxalq təşkilatların mövcudluğu və onların müəyyən qədər səmərəli fəaliyyəti dövlətlərarası münasibətlərə müsbət təsir göstərə bilir”.

Yalçın Rəfiyev qeyd edib ki, Qlobal Cənub inkişaf mərhələsindədir:

“Həm iqtisadi baxımdan, həm də siyasi nüfuzun və təsirin artması baxımından bu ölkələr yeni dövr yaşayırlar. Dünya əhalisinin 85 faizinin, qlobal ÜDM məhsulunun isə 39 faizinin cəmləşdiyi bu ölkələr - Qlobal Cənub dövlətləri hazırda həm iqtisadi, həm də siyasi transformasiya dövründən keçirlər. Bunun nümunəsini bir neçə beynəlxalq təşkilatın timsalında görmək mümkündür. Xüsusilə də son vaxtlar baş verən önəmli dəyişikliklərdən biri – “Böyük 20-lik” (G20) təşkilatının Afrika İttifaqını tamhüquqlu üzv kimi qəbul etməsidir. Bu, Afrikanın bir qitə olaraq artan nüfuzunun göstəricisidir.

Digər bir nümunə isə BRICS təşkilatıdır. Əvvəlcə 5 dövlətdən ibarət formatda yaradılmış bu təşkilat sonradan daha dörd tamhüquqlu üzv dövlətin qoşulması ilə genişlənib. Bu da BRICS-in artıq Qlobal Cənubun mühüm təmsilçilərindən birinə çevrildiyini göstərir”.

Xarici işlər nazirinin müavini vurğulayıb ki, Azərbaycan çoxtərəfli münasibətlər sistemində həmişə fəallığını qorumağa çalışan bir dövlətdir:

“Qeyd etdiyim Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyət, COP29-a ev sahibliyi və hazırda davam edən sədrliyimiz bu istiqamətdə atılan mühüm addımlardandır. Növbəti illərdə də bu mövqeyi qoruyub saxlamaq üçün bir sıra vacib hadisələrin şahidi olacağıq. Xüsusilə qeyd edilməlidir ki, gələn il Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və həmin vaxtdan etibarən iki illik müddət ərzində bu təşkilata sədrliyi həyata keçirəcək. Gələn il üçün isə bir sıra digər mühüm beynəlxalq tədbirlər planlaşdırılır. Bunlardan biri də BMT sistemi çərçivəsində təşkil edilən irimiqyaslı tədbirlərdən sayılan Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsidir. Bu qərar təxminən yeddi namizəd şəhər arasında aparılmış rəqabətli seçki nəticəsində qəbul olunub və Bakıya üstünlük verilib. Bütün bu nümunələr bir daha göstərir ki, Azərbaycan qlobal çoxtərəflilik sistemində mərkəzi rol oynamağa davam edir. Bu istiqamətdə fəaliyyət növbəti illərdə də sistemli şəkildə davam etdiriləcək”.

Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə Musavat.com-a şərhində bildirib ki, qloballaşan dünya nə Soyuq müharibə dövründə olduğu kimi ikiqütblüdür, nə də 1990-cı illərdə olduğu kimi ABŞ mərkəzlidir.

SEHLA SON.jpeg (512 KB)

Ekspertin fikrincə, artıq çoxqütblü dünyadan bəhs olunur:

“Onun fundamental hüquqi təməli, yəni Versal-Vaşinqton siyasi, yaxud Bretton-Vuds maliyyə sisteminə alternativ təməlləri hələ ki, qoyulmasa da, reallıq bundan ibarətdir ki, artıq Qərbin dominantlıq etdiyi sistemə alternativ yarada biləcək yeni güc mərkəzləri formalaşmaqdadır. Yəni dünya artıq sadəcə ABŞ-nin siyasi iradəsi ilə idarə olunmur. Burada biz Çini, Rusiyanı, Hindistanı, Braziliyanı, həmçinin müvafiq regional müstəvilərdə Türkiyəni, Yaponiyanı, Səudiyyə Ərəbistanını, Cənubi Afrikanı, İndoneziyanı görürük. Artıq bu dövlətlər söz sahibləri olaraq regionlarının geosiyasi strukturunu formalaşdırırlar. Bu aktorların hər biri Qlobal Cənubu təmsil edir. Necə ki, vaxtilə Qərb blokunun qarşısında Şərq bloku dayanırdı, bu gün də Qlobal Cənubun dayandığını demək olar.

Lakin Qlobal Cənubda bir neçə aparıcı güc var. Xüsusilə Çin, Hindistan, Braziliya Qlobal Cənubun lokomotiv gücləri rolunu oynayırlar. Onların yaratdıqları birliklər dünya geosiyasət lövhəsində gedişatı dəyişməyə qadirdir. Məsələn, Çinin liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı yeni təhlükəsizlik strukturu kimi gedərək genişlənməkdədir. Şanxay beşlisinə (Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan) 2001-ci ildə Özbəkistanın da qoşulması ilə formalaşan Şanxay Əməkdaşlıq Təşkilatı 2017-ci ildən bəri genişlənərək 10 üzv dövlət, 2 müşahidəçi, 14 dialoq ortağı və 4 qonaq ölkəni əhatə edir. BRICS isə, öz növbəsində, iqtisadi birlik olaraq 2009-cu ildə cəmi 5 üzvlə yaradılarkən, ötən 1 il (2024-2025) ərzində İran, Misir, Efiopiya, BƏƏ və İndoneziyanın təşkilata qoşulması ilə üzvlərinin sayını iki dəfə artırıb”.

Şəhla Cəlilzadə hesab edir ki, Qlobal Cənubun yüksəlişi və buradakı resurslar Qərb tərəfindən qısqanclıqla qarşılanmaqla yanaşı, Qərb xüsusilə Mərkəzi Asiyaya yatırım etməklə orada oyun qaydalarını dəyişməyə çalışır:

“Bu, Çinin liderliyində müvafiq dövlətlərin təhlükəsizlik və maliyyə-iqtisadi birliklərdə konsolidasiya olmasının qarşısının alınmasına yönəlib. Əks təqdirdə, Qərbin yaratdığı sistemə (hərbi-təhlükəsizlik birliyi olaraq NATO və iqtisadi-siyasi birlik olaraq Aİ) real alternativ formalaşa bilərdi. Belə ki, 2023 və 2024-cü illərdə keçirilən BRICS sammitlərində yeni vahid valyutanın yaradılması müzakirə olunmuşdu. Yeni ortaq valyuta hələ ki, mövcud olmasa da, Qərbin maliyyə hərəkətliliyi üçün yaratdığı alət olan SWIFT-ə alternativ ödəniş sistemi – milli valyutalarla ödəniş artıq işə salınıb. BRICS-in Çinin liderliyi ilə yaranan Yeni İnkişaf Bankı isə Dünya Bankının alternatividir. Beləliklə, dəyişən dünya nizamında biz yeni reallıqları müşahidə edirik.

Azərbaycan bu reallıqda hər iki qlobal güc arasında mühüm strateji bağlayıcı, qlobal körpü rolunu oynayır. Belə ki, biz, 1994-cü ildən bəri NATO ilə “Sülh naminə tərəfdaş” olduğumuz kimi, ŞƏT-də də dialoq ortaqlığımızı elan etmişik. Azərbaycan qlobal Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin strateji kəsişmə nöqtəsində yerləşən ən əhəmiyyətli ölkədir. Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, Qlobal Cənuba maddi və mənəvi dəstək göstərməyə çalışır. Maddi dəstək COP29 çərçivəsində Azərbaycanın vasitəçiliyi ilə nail olunan maliyyə yardımı ilə ölçülə bilər. Mənəvi dəstək isə Qoşulmama Hərəkatı çərçivəsində neo-kolonializmlə mübarizənin təşkili ilə qiymətləndirilə bilər.

Bütün bunların fonunda Azərbaycan Cənubi Qafqazın geosiyasi konfiqurasiyasının yaradıcısı və aparıcı dövləti olaraq qlobal miqyasda öz əhəmiyyətini getdikcə artırır. ŞƏT-də üzvlüyü ehtimal etməsəm də, BRICS-də üzvlük qlobal və regional siyasi proseslərin gələcək inkişafı kontekstində real olaraq dəyərləndirilə bilər. Bu istiqamətdə Azərbaycan ötən il ilkin siyasi iradəsini ortaya qoyub”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR