Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, ötən gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək. Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.
Musavat.com xəbər verir ki, valideynlər və ekspertlər isə buna etiraz edirlər. Qeyd edirlər ki, DİM bu sualın cavabını şagirdlərin xeyrinə hesablasa belə, abituriyentlərin zaman itkisi, psixoloji vəziyyəti və bunun digər sual tapşırıqlarının yazılmasına təsiri nəzərə alınmır.
Nəzərə alsaq ki, hər il qəbul imtahanlarında hansısa fəndən səhvlərə yol verilir.
Təhsil eksperti Kamran Əsədovun mövzu ilə bağlı fikri diqqət çəkir:
"DİM deyir ki 8 min ekspertimiz var. Bəli, biz də gördük o “ekspertləri”. 5 günə 1 sual düz yaza bilməyən, amma minlərlə abituriyentin taleyini testin içinə basdıran “ekspertlər”. Ötən gün I ixtisas qrupu üzrə riyaziyyatda buraxılan texniki səhvə görə uşaq 5-10 dəqiqə vaxt itirib, təşvişə düşüb, zamanını planlaya bilməyib. DİM-sə deyir, “Sual düzgün cavablandırılmış sayılacaq”. DİM məsələni balla ölçür, bizsə ədalətlə. Bəs itirilən inam? Bəs pozulan psixoloji tarazlıq? Bəs 1 sualda ilişib qalan 1 illik zəhmət? 16 yaşlı uşaqdan mükəmməllik tələb edirsiniz, amma 30-40 yaşlı “ekspertləriniz” bir səhifəlik testi bacarıqsızlıqla hazırlayır. Bu artıq təkcə savadsızlıq deyil – bu təhsil cinayətidir. Cavabdeh kimdir?! Cəzalanan varmı?! Yoxsa hər dəfə bir “bağışlayın”la məsələ bağlanacaq?! Bu qədər məsuliyyətsizliklə siz heç kimin gələcəyinə toxunmağa layiq deyilsiniz”
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də sosial şəbəkədəki səhifəsində mövzu ilə bağlı fikrini bölüşüb:
“Burada bir sual yaranır, riyaziyyat sualında növbəti texniki səhv – məsuliyyət, yoxsa sistem problemi? Bunkerdə süni intellekt həllərin tətbiqi üçün zaman yetişib. Əslində bu, təəccüblü deyil. Son illərdə demək olar ki, hər imtahan sessiyasında bənzər hallar yaşanır. Bir neçə gün öncə keçirilən imtahanlarda da Tarix fənni üzrə problemin olduğu bildirilirdi. Özüm şahidəm ki, DİM bu proseslərə xüsusi diqqət ayırır. Bir neçə mərhələli nəzarət sistemi qurulur. Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən öncə də yoxlanılır. Amma imtahan günü bunkerdə hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayıb, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır. Bu qədər yoxalamalardan, təsdiqləmələrdən sonra yenidən səhvlərin olması çox düşündürücüdür. Bu artıq texniki səhv yox, sistem probleminin, bəlkə də insan amilinin və ya məsuliyyət boşluğunun göstəricisidir. Kiçik bir məsələ kimi görünsə də, əslində imtahan verən üçün, valideynləri üçün, onu yetişdirən müəllimlər və məktəb üçün ciddi problemdir. Abituriyent bu cür problemli bir tapşırığa xeyli vaxt sərf etməli olur, stress keçirir və bu itirilmiş zaman və başağrısı da yekun nəticəyə təsir edir.
Yəni DİM-in sonradan bunu "texniki səhv" deyib sakitcə üstündən keçməsi doğru yanaşma deyil.
Əlbəttə əminəm ki, DİM bütün bu halları araşdırır. Təqsirkarları kənarlaşdırır və daha məsuliyyətliləri prosesə cəlb etməyə çalışır. Lakin görünür ki, bütün bunlar yetərli olmur. Bəlkə də artıq bu mərhələyə də, texnologiyaların, süni intellektin cəlb olunmasının vaxtı çatıb? DİM-in yaxşı, peşəkar və təcrübəli İT komandası var. Qəbul ilə bağlı prosesləri nizamlayan, qiymətləndirməni həyata keçirən proqramları da özləri yazıblar. Belə olan halda düşünürəm ki , tapşırıqların texniki analizini, düzgünlüyünü və uyğunluğunu yoxlayan bir AI sisteminin tətbiqi həm şəffaflığı, həm də etibarı da artıra bilər”.
Afaq MİRAYİQ,
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ