Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Respublikasının “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanununa əsasən, 18 yaşı tamam olmuş və tam fəaliyyət qabiliyyətinə malik hər bir vətəndaş ölümündən sonra öz orqanlarını bağışlamaq barədə könüllü qərar verə bilər. Bu qərar donor reyestrində qeydiyyata alınarsa və ya yazılı şəkildə rəsmiləşdirilərsə, hüquqi qüvvəyə malik sayılır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, vətəndaş vəfat etdikdə, orqan bağışlanması ilə bağlı onun sağlığında verdiyi qərar ailəsinə yalnız məlumat xarakterində bildirilir və ailədən əlavə razılıq tələb olunmur: “Qanun burada şəxsin öz bədəni üzərində verdiyi iradəni əsas götürür və bu iradə üstün hüquqi statusa malikdir. Yəni, vətəndaş sağlığında orqanlarını bağışlamaq barədə qərar veribsə, ailənin etirazı həmin qərarı ləğv etmir”.
Y.Abbasova qeyd edib ki, orqanların götürülməsi yalnız beyin ölümü rəsmi şəkildə təsdiqləndikdən sonra və müvafiq tibbi komissiyanın qərarı ilə həyata keçirilir: “Bu mərhələdə ailə ilə izahat və psixoloji dəstək işi aparılır. Məqsəd şəffaflıq, etibar və insan iradəsinə hörmət prinsiplərinin qorunmasıdır”.
Sonda Mərkəzin sədri vurğulayıb ki, vətəndaşın orqan bağışlamaq barədə sağlığında ifadə etdiyi iradə həlledici hesab olunur: “Ailə üzvləri isə proses barədə məlumatlandırılır. Bu yanaşma transplantasiya sisteminin həm etik, həm də hüquqi cəhətdən düzgün işləməsini təmin edir.
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ