Onlayn ictimai-siyasi qəzet
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni ticarət tariflərinin qlobal iqtisadiyyata təsirinin hələ tam şəkildə özünü göstərmədiyini bildirib.
Musavat.com xəbər verir ki, bu fikri o, “CBS News”a verdiyi müsahibədə səsləndirib.
Laqardın sözlərinə görə, hazırda ixracatçılar və idxalçılar azalan mənfəət marjası ilə barışmağa çalışsalar da, bu vəziyyət uzun çəkməyəcək:
“İxracatçı və idxalçının daşıdığı bu yük - mənfəət marjasının azalması - bir nöqtədə dözülməz olacaq. Onlar daha az qazanmaqla razılaşmaq istəmədikdə bu yük istehlakçının çiyninə düşəcək. Məsələ sadəcə zamandır”.
AMB rəhbəri bildirib ki, tariflər dünya iqtisadiyyatını dəyişdirən iki əsas amildən biridir, ikinci mühüm amil isə texnoloji transformasiyadır:
“Bu transformasiya bir neçə səbəbdən qaynaqlanır. Əvvəla, tariflər beynəlxalq ticarət xəritəsini dəyişib, yeni iqtisadi ittifaqlar yaradıb və dövlətlərin bir-biri ilə ticarət münasibətlərinə yeni forma verib. İkinci mühüm dəyişiklik isə süni intellektin təsiridir - məlumatların idarə edilməsindən tutmuş sosial əlaqələrə qədər hər sahədə bu təsiri görürük”.
Kristin Laqard həmçinin ABŞ və Çin arasında gedən ticarət müharibəsini şərh edərək onun müəyyən dərəcədə “poza teatrı” xarakteri daşıdığını deyib:
“Bu, hər iki tərəfin danışıqlarda istifadə etdiyi tipik taktikadır. Qol əzələlərini göstərmək, sərt danışmaq - bu, adi haldır. Amma nəticədə istər-istəməz hər iki tərəf danışıqlar masasına oturacaq, çünki bu, hər iki iqtisadiyyatın maraqlarına uyğundur”.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ