Onlayn ictimai-siyasi qəzet
“Mən Xalq diplomatiyasının gücünə həmişə inanmışam. Əgər erməni yazıçılar istəyərlərsə, təşəbbüs göstərərlərsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam”.
Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
Xalq yazıçısı bildirib ki, qarşı tərəfdən təklif olarsa, dəyərləndirəcək: “Erməni yazıçıların belə niyyəti varsa, qoy, bizə müraciət etsinlər. Mən görüşüb müzakirələr apararam. Lakin özüm ilk təşəbbüsü göstərmək fikrində deyiləm. Açığını desəm, hazırda erməni yazıçılarla hansısa əlaqəm yoxdur, çoxdandır başqa ölkələrdə keçirilən tədbirlərdə də qarşılaşmırıq.
Əgər görüş xoş niyyətlidirsə və hansısa təxribat yoxdursa, niyə pis baxım ki. Azərbaycan tərəfi həmişə səmimi olub, onlardan da bunu gözləyirəm. Xalq diplomatiyası mütləq olmalıdır”.
Qeyd edək ki, oktyabrın 21-də Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.
Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova (“1news.az” saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin “Qadınlar Sülh və Əmin-amanlıq” Mərkəzinin rəhbəri) təmsil ediblər. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyətinin də Azərbaycana səfəri gözlənilir.
Şahanə Rəhimli
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ