Onlayn ictimai-siyasi qəzet
"Vətən müharibəsində Qələbəmizin 5-ci ili, yeni siyasi təqvimin parlaq günü-8 noyabr ümumxalq bayramı qarşısındayıq. Əsrlər boyu dövlətçilik tarixində ağır sınaqlardan keçən azərbaycanlılar şərəflə qazandıqları Zəfəri təkcə ərazi bütövlüyü və suverenlik hadisəsi kimi deyil, həm də qalib yüz ilin, yeni milli və siyasi kimliyin başlanğıcı kimi qəbul edirlər.
Qələbəmizdən sonra “Konstitusiya və suverenlik ili”nin elanı məhz Vətən müharibəsinin nəticəsidir, əks halda, 10 və 20 illik dönəmlər kimi fərqli statusda keçirilərdi. İndi bütövləşən Ali Qanunumuz milli hüquqlarımızın zirvəsidir, yeni dünya nizamına verilən ən güclü mesajdır."
Musavat.com xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransda açılış nitqində deyib.
Millət vəkilinin çıxışının tam mətnini təqdim edirik:
Gəlin, birlikdə xatırlayaq: 107 il əvvəl Şərqdə ilk respublika quran babalarımız müasir dünyada geniş yayılan Ali Qanun qəbul etməyə imkan tapmadılar. Bolşevik işğalından əvvəl, 1921-ci ildə ilk Konstitusiya sənədi ilə respublika quruluşunu saxlayan sovet Azərbaycanı, totalitar sistemin tərkibinə daxil olandan sonra-1925 və 37-ci illərdə Stalinin ideoloji qəliblərinə tam yerləşdirildi, Sovetlər birliyinin Konstitusiyasını qəbul etdi. Lakin sərt mərkəzləşən sistemdə belə, ikinci dünya müharibəsindən sonra milli dövlətlərin formalaşması üçün mədəni-siyasi intibahın qarşısını kəsmək mümkün olmadı. Xüsusilə, böyük siyasi lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövrü, 1978-ci ildə qəbul edilən Konstitusiya mənsub olduğu ideoloji quruluşun çərçivələrini aşdı, gələcək müstəqilliyin təminatçısı oldu. Ulu öndər sübut etdi ki, xalqa xidmət mənsub olduğun siyasi formasiyadan və hüquqi çərçivələrdən asılı deyil.
Ötən əsrin sonunda Sovetlər birliyinin iflası siyasi xəritəyə çıxan yeni milli respublikaları ağır imtahanlar qarşısında qoydu. 1991-ci ilin 30 avqust və 18 oktyabrında elan olunan Konstitusiya bəyannaməsi və aktı xalqımızın faktiki azadlığını, siyasi müstəqilliyini özündə ehtiva etsə də torpaqlarımızın işğalı natamam suverenlik yaratdı. Elə həmin sənədlərdə Ana qanunun hazırlanması qarşıya vəzifə kimi qoyulmuşdu. Lakin bir-birini əvəzləyən hakimiyyətlər dövlətimizin konstitusion saslarını yarada bilmədilər. Ona görə də milli Konstitusiyamız müstəqilliyin elanından düz 4 il sonra, 1995-ci ildə ölkəmizdə hərbi-siyasi xaosa son qoyulduqdan sonra gerçəkləşdi.
Beləliklə, bəşəri dəyərləri, insan hüquq və azadlıqlarını 20 faiz ərazi itkisi, 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində bəyan etmişiksə, deməli, Ana Qanunumuz işğala qarşı ilk ümumxalq proqramıdır, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizəmizin hüquqi, siyasi və hərbi Baş planıdır.
1995-ci il iyunun 5-də Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından 12 noyabr referendumuna qədər sənədin ümumxalq müzakirələrinə şəxsən özü rəhbərlik etdiyi üçün Konstitusiyamızın banisi Ulu öndərdir. Ana Qanunumuz Heydər Əliyevin dövlət kitabıdır.
Sənəd təkcə dünyəvi hüquqi prinsipləri deyil, həm də milli-mənəvi dəyərləri, 1918-ci ildə qəbul olunan İstiqlal Bəyannaməsini və keçdiyimiz yolun varisliyini özündə əks etdirir. Etnik separatçılıqdan əziyyət çəkən və imperiyalar tərkibində olan bir ölkə üçün birləşdirici dövlət quruluşu tapmaq gerçəkdən siyasi uzaqgörənlik və qətiyyət tələb edirdi.
Bəli, Heydər Əliyevin şəxsiyyəti konstitusion bir sistem idi. O, sovet və ya başqa müstəmləkə keçmişinə qayıtmağa imkan vermədi, dini və milli kimliyimizi bayrağımızda əks olunan müasirliklə, dünyəviliklə peşəkarlıqla uzlaşdırdı, qonşu ölkələrin yaşıl, yaxud çarizmdən qalan qırmızı rəngli quruluşlarına yer tanımadı.
Ulu Öndər xilas etdiyi ölkədə konstitusion siyasi varisliyi təmin edən şəxsiyyət kimi də tarixə daxil oldu. Şeverdnadze Gürcüstanı və başqa keçmiş sovet ölkələrində hakimiyyət transformasiyaları qanlı oldu.
2003-cü ildə İlham Əliyevin prezident seçilməsi bir vaxtlar Ceferson Amerikasında olduğu kimi konstitusion keçid, Ulu Öndərdən sonra məchulluq istəyənlərə millətimizin layiqli cavabı və gələcək Zəfərimizin əsası oldu. Beləliklə, nə 2005-ci ilin məxməri inqilabı, nə də sonrakı dövrdə xarici siyasi müdaxilə və təzyiqlər, milli iradəni Brüssel, Strasburq, Moskva və digər paytaxtlardan yönləndirmək cəhdləri fayda vermədi.
Müqayisə üçün, qədim dövlətçilik ənənələri ilə öyünən Britaniya qeyri-yazılı Konstitusiyaya malikdir, yəni, hər hansı fundamental dəyişikliklər üçün xüsusi prosedurlar tələb olunmur.
Bəşəriyyətə çoxlu inqilablar bəxş edən Fransada isə xalq 24 dəfə milli Konstitusiyasını dəyişərək, nəhayət, 5-ci respublikanı qurub.
Göründüyü kimi, Konstitusiya yalnız qanunlar toplusu deyil, bir millətin ideallarının və hüquqi kimliyinin pasportudur!
Məğlubiyyət dövründə Konstitusiyamızda ərazi bütövlüyü kağız üzərində mövcud idi. Ana qanunda “ərazilər toxunulmazdır”, yazılsa da reallıqda 20 faiz torpaqlarımız oğurlanmışdı. De-yure onlar vardı, de-fakto mövcud deyildi. Konstitusiyamız pozulan milli huquqlarımızın simvoluydu. Hamı deyirdi- bunlar bir gün tam reallaşacaq!
O zaman Konstitusiyamızda yazılan “Azərbaycan Respublikası unitar dövlətdir” əvəzinə, torpaqlarımızın üstündə ikinci separatçı quruluş, ikinci konstitusiya və ikinci saxta prezident təsisatı mövcud idi. Belə dualizm düz 30 il davam etdi.
Beləliklə, Ana qanunumuzdan müharibə haqqımız doğuldu. İndi Konstitusiyamızda yazılan “Azərbaycan vahid və bölünməz dövlətdir” müddəası sənəddə yox, torpaqda qanla möhürlənib. Zəfər qanunu şəhidlərimiz təsdiqlədi. Biz savaşa müasir hərbi texnologiyalardan qabaq, hüquqla silahlanmışdıq. Ordumuz güclü idi, lakin haqlı olduğumuz üçün qalib gəldik.
İndi Konstitusiyamız da Şuşa kimi azaddır. Qarabağ tarixdə ilk dəfə, dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır. Bakı ərazi itkilərinin günahkarlarına yox, işğalçı qüvvələrin məhkəmə salonuna çevrilib. Azərbaycanın taleyi yad paytaxtlarda bizsiz həll olunmur, öz torpaqlarımızda müəyyənləşir. “Erməni məsələsi” tariximizdə ilk dəfə dinc və könüllü şəkildə ölkə ərazisindən kənara çıxıb və milli dövlətçiliyimiz üçün mina rolunu itirib.
İndi ərazi bütövlüyümüz bütövlüyümüzün ərazisidir. 2020-ci ilin silahlı savaşı xarici himayəli işğala son qoyduğuna görə əsil milli azadlıq hadisəsidir. Yəni, müstəqillik, təkcə sovetlərdən qurtulmaq deyil, həm də beynəlmiləl güclərin 30 ildə birgə caynağından xilas olmaqdır. Vətən müharibəsi Qurtuluş savaşı olduğu üçün 8 noyabr Şuşa və 20 sentyabr Xankəndi Zəfəri milli azadlıq günləridir.
Bəli, ən böyük suverenlik müstəqil, xaricdən idarə olunmayan liderə, güclü dövlətə və yenilməz xalqa malik olmaqdır.
Qələbəmiz 90-cı illər işğalının və ərazi iddialarının proqramına çevrilən Ermənistan Konstitusiyasını da dəyişir. Konstitsiyamız da döyüşür- İrəvanda on illərdir düşmənçilik qanunları, kilsənin savaş ayinləri, nifaq kitabları, işğal dərslikləri dinc qonşuluq və əminamanlıq aktları ilə əvəzlənir.
Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Vilsona təvəqqe edirdi. Bu günsə ABŞ Prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını gizlətmir. Yüz ildə millətimizin statusu dəyişib, indi Kürəkçaya deyil, 8 avqust 2025-ci ildə Vaşinqtonda Qələbə Zirvəsinə-tariximizin ən böyük suverenlik hadisəsinə şahidlik edirik.
Lakin dünya yeni çağırışlar qarşısındadır. Bəşəriyyət rəqəmsal əsarət, saxta informasiya və hibrid hücumlar, xalqların mədəni və ideoloji müstəqilliyinə edilən qəsdlərlə üzə-üzədir.
O üzdən Prezident qarşıya yeni milli ideologiyanı hazırlamağı qoyub. Müasir dövrdə suverenliyə ən böyük təhlükə silahlı ordulardan çox, xaricdən yönləndirilən şəbəkəli, sünu intellektlə, hi-tech korporasiyaları ilə birgə hibrid hücumlardır.
Sosial Tədqiqatlar Mərkəzi yarandığı gündən salam sinemaçıların, hüseynuyyun və zeynəbinyunçuların, Mehdinin ordusu adı ilə Londonda səfirliyimizə hücum edənlərin və ölkəmizi şimal, cənub təbəələyində görənlərin suverenliyimizə qəsd etmək, Qələbəmizi mənimsəmək və xaricidən idarə olunan hakimiyyət qurmaq planlarını aşkara çıxarıb.
“Silikon vadisi” beyin mərkəzlərinin yaratdıqları “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi – OCCRP, USAİD, NED, NDİ və digər təzyiq institutları ölkəmizi 27 sentyabra qaytarmağa çalışanların bitməyən siyahısıdır. Biz onları “işğal partiyası” adlandırırıq!
Rəcəb Tayyib Ərdoğan haqlı olaraq suverenlik haqqında deyir:” sitat-fiziki və mavi vətən kimi, rəqəmsal və informasiya suverenliyini, kibervətəni qorumalıyıq-sitatın sonu. Bəli, biz 44 gündə olduğu kimi, “Vətən informasiya müharibəsi” aparmalıyıq.
İki gün öncə, dövlət başçısı bütün xalqımıza dildə suverenlik çağırışı etdi. Bəli, tarixi bölünmələrin nıticəsində Azərbaycan qonşuları azərbaycanlılar olan dövlətə çevrilib. Ona görə də sərhədlərimizi aşan milli dilimizin statusu yüksəldikcə, qələbəmizin coğrafiyası genişlənəcək, bizi öz dil, yaxud siyasi dünyasına daxil etmək istəyənlərin qarşısında sipərə çevriləcək.
Zəfər yeni milli ideologiyamızdır və biz Qurtuluşdan Böyük Qayıdışa, müdafiədən yeni quruculuq dövrünə keçirik.
Sülhün inşası və bölgədə qalıcı barış suverenliyimizi daha gücləndirəcək. Azərbaycanın regionda qurduğu qalib geosiyasi arxitektura regionu bütövləşdirəcək.
Qələbədən sonra Azərbaycanın beynəlxalq və daxili statusunun dəyişməsi, ərazi bütövlüyündə yeni inzibati-idarəetmə mexanizmləri, Qarabağın reinteqrasiyası, idarəçilik sisteminin modernləşdirilməsi, milli həmrəyliyin güclənməsi- “vahid Azərbaycan” ideyası qalib Konstitusiyamızın qarşısında gələcək hədəflərdir.
Gəlin, elə edək ki, hüquq təkcə döyüşdə xatırlanmansın, həm də gündəlik ədalətdə özünü sübut etsin. Gəlin, konstitusiyaları müharibələr üçün deyil, barış və birgə gələcəyin sülh kitabına çevirək.
Prezident azad torpaqlarda hər evin açarını daimi qayıdışın simvolu kimi tədim edir və “siz yurdunuzda əbədi yaşayacaqsınız”, söyləyir. Qarabağda ucalan hər məktəb, hər mədəniyyət mərkəzi milli suverenliyin simvoludur. Buradan dünyaya yayılan mesaj aydındır: Azərbaycan gələcəyini özü qurur.
Bir daha hər birinizə deyirik:
8 noyabr Zəfərimiz mübarək olsun!
9 noyabr Bayraq günümüz Şuşa kimi müqəddəs və Göylərdə olsun!
12 noyabr Konstitusion bütövlüyümüz hər bir azərbaycanlıya uğur və firavanlıq gətirsin!
Diqqətinizə görə təşəkkür edirik.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ