İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəbdən artıq ərəb olmamaqla şantaj edilmək...

Ölkəmizin 3 böyük dövlətin, 3 keçmiş imperiyanın arasında yerləşməsinin fəsadları barədə zaman-zaman yazmışıq. Ancaq yenə yeri gəlib.

Bu böyük dövlətlər Rusiya, İran və Türkiyədir. Onlardan biri (Rusiya) hələ də imperiyadır. Digər ikisində də isə böyük dövlətçilik təfəkkürü dominant olaraq qalır.

Ölkəmiz ayrı-ayrı vaxtlarda bu keçmiş imperiyaların tərkibində olub – birində çox, ikisində az.

Bu dövlətlərin üçünün də ölkəmizə qarşı xüsusi münasibəti var, yumşaq desək, bizə ərkləri ötür. Belə hesab edirlər.

Xalqımızın da bu dövlətlərə qarşı xüsusi münasibəti var. Rəğbət əmsalı ilə sıralasaq, sıralama belədir: Türkiyə, Rusiya, İran.

Türkiyə ölkəmizdə “qardaş ölkə” adlandırılır, Rusiya “keçmiş qardaş”dır və ölkəmzin bu yerə çatmasında, müstəqillik qazanmasında rola malikdir.

İran dövlətinə münasibətimiz Arazın o tayında yaşayan soydaşlarımıza Tehranın münasibətinə uyğundur. Orada soydaşlarımızın haqqı verilmir, danılır deyə İran dövləti ölkəmizdə sevimli deyil. (Hərçənd bir ara böyük rəğbət qrupları vardı).

Azərbaycan müstəqil dövlətdir və adları çəkilən dövlətlərin heç biri ilə konfedererasiya şəklində belə birləşmək, çulğaşmaq niyyətində deyil.

Bizim əsas məqsədimiz odur ki, bu üç böyük dövlətlə heçi-köçü ayrı olan qonşular kimi, dinc, yanaşı və mümkün qədər mehribancasına yaşayaq.

Təcrübə göstərir ki, ən doğrusu, ən optimalı budur. Bu, qardaş Türkiyəyə də aiddir. O birilərinə dünəndən.

Son aylar Türkiyənin bəzi siyasi dairələrində ölkəmizə yönəlik iddia və ittihamlar artıq əndişə doğuracaq səviyyədədir. Bunun tendensioz olması üzücüdür.

İndiyədək İran bizi İsrail dövləti ilə müəyyən ilıq ilişkilərdə olmağımız səbəbindən şantaj edirdi, artıq Türkiyədəki bəzi dairələr də eyni dili danışır.

Sovet dönəmində isə SSRİ rəhbərliyinin anti-İsrail kampaniyasında bu və ya digər dərəcədə iştirakımız olub. Ən azı SSRİ-dən yəhudi köçünə qarşı nəşr edilmiş “Ağ kitab” ana dilimizə çevrilib dərc edilmişdi.

İndinin özündə də İsrail Rusiyada 3 düşmən dövlətdən biri sayılır.

Belə anlaşılır ki, biz qonşu dövlətlərin iradəsinə boyun əyməli, müstəqil dövlət olaraq özümüzə müttəfiq, tərəfdaş seçməli deyilik, hər zaman böyük qonşuların dediyi ilə oturub-durmalıyıq.

İran və Türkiyənin İsrail düşmənçiliyi sırf dini baxışlara dayanır – zəminində regional nüfuz sahibi olmaq uğrunda mübarizə də var.

O torpaqlarda bizim eramızdan əvvəl başlanmış yaşayış uğrunda mübarizə hələ də davam edir və bir neçə yüz (bəlkə də min) il davam edəcəyi gözlənilir. Biz bəstə boyumuzla bu qovğanın ortasına girsək, nə olacaq, girməsək, nə olacaq.

O boyda ərəb dünyası var, 20-yə yaxın dövlətdir, qanları da birdir, dilləri də, dinləri də, hətta məzhəbləri də. Fələstinə ilk növbədə onlar həlledici yardım etməlidirlər.

Yeri gələndə, beyinləri çönəndə fələstinlilər də, onların məzhəbdaşları da bizə, şiələrə “rafizi” deyir, bizi (eləcə də İranı) müsəlman saymırlar, amma biz onlardan ötrü dünyanın ən qüdrətli iki dövləti ilə kəllə-kəlləyə gəlməliyik.

İsrail və Fələstinin arasında gedən müharibə dini motivə dayansa da, əslində, dava torpaq, ərazi davasıdır. Din davası olsaydı və qlobal cihadı zəruri etsəydi, böyük ərəb dövlətləri qeyrətli hərəkət edər, savaşa qalxardılar.

Amma onlar susurlar, gözləyirlər, İsraillə anlaşmağa çalışırlar, bu tərəfdə isə gah İran dövləti, gah da Türkiyədəki bəzi siyasi qruplar bizi İsraillə düşmən etmək istəyir.

İranda bizə qarşı bu kimi iddialar rəsmi dövlət mətbuatında yer alırsa, Türkiyədə sosial şəbəkələrin yerli seqmentində Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır.

Qardaş ölkənin bəzi ictimai-siyasi fəallarının axırıncı şərləməsi İsrailin baş naziri Binyamn Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı ilə bağlıdır.

Fəallar montaj edilmiş şəkillərlə “sübut ediblər” ki, guya Netanyahu çıxış edəndə Azərbaycan nümayəndə heyəti onu alqışlayıb. Halbuki bizimkilər öz prezidentimizin çıxışını alqışlayıblar.

Bu cür feyk xəbər və şəkillərlə şantaj edilməyimiz ilk dəfə deyil.

Bundan əvvəl Türkiyənin bəzi media qurumlarında İsrailin "Eurovision"dan uzaqlaşdırılacağı təqdirdə Azərbaycanın da guya bu yarışmadan imtina edəcəyini bildirməsi haqda yalan xəbər yayılıb və fəal trollar buna görə bərk hiddətləniblər.

Belə qardaşlıq olmaz. Qardaş qardaşı yalan xəbərlə şantaj etməz. Özünü böyük qardaş bilərək kiçik saydığını öz iradənə tabe etdirmək yolverilməzdir.

Bir daha qeyd edək: Azərbaycan müstəqil dövlətdir, öz maraqları, öz mənafeyi, öz dostlar dairəsi, rəqiblər çevrəsi var.

Konkret olaraq əgər hansısa dövlət birbaşa Türkiyəyə hücum edərsə, o zaman Azərbaycanın öz qardaşına hər cür dəstək verəcəyi şübhəsizdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR