Onlayn ictimai-siyasi qəzet
Öncə ötən yazımda gedən bir səhvlə bağlı düzəliş verməliyəm, bu, daimi oxucularımızdan hörmətli Ruslan bəyin diqqətli gözlərindən yayınmamışdır. “Üstü zəmi biçərlər, Altı bulaq içərlər” tapmacasında yanlış olaraq, məntiqsiz şəkildə “bulaq” sözünün də yerinə tarla yazmışam və “Altı tarla içərlər” ifadəsi gedib. Görünür hazırda iqlim kəlləmayallaq olduğundan mən “tarlanı da içmək” kimi şüuraltı qərar qəbul etmişəm. Bu temada Anton Çexovun maraqlı afyorizmi vardır: “Havalar son günlər tez-tez dəyişir, əxlaqsızlıqla məşğuldur”.
Yeri gəlmişkən, bugünlərdə, lap dəqiq yazsam 5 iyunda su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunurdu, su idarəsində çalışan bir yoldaş Füzuli rayonundan şikayət yolladı, deyir məni ixtisara salmaq istəyirlər. Qəribə təbrik üsuludur, nə yazmaq olar, bilmirəm. Yəqin 26 iyunda zabitləri, 22 iyulda mətbuat işçilərini, 20 sentyabrda neftçiləri ixtisara salarlar. Rüşvətxor və korrupsionerlərimizin peşə bayramı yoxdur, rahat yaşaya bilərlər, onları ixtisar gözləmir. Şair demişkən: “Çalış öz xalqının işinə yara, Geysin əməlinlə dünya zərxara”. Həqiqətən zərxara geyinirik, hara baxsan sekond-hənd dükanları boy-boya verir, içərisi milli istehsalımızla dolub-daşır. Maşallah.
Bir az ona təskinlik tapırsan ki, dünyada sabitlik olan bölgələr demək olar yoxdur. Hərəsində bir cür dəlixanadır. Məsələn, ABŞ-ın müdiri Tramp müəllim çox yekəxana vədlər vermişdi, gopa basmışdı ki, guya Rusiya-Ukrayna savaşını 1 sutkaya həll edəcək. İndi isə o boşboğaz vədlərdən yalnız qeybət və qoca deyingənliyi qalıb. Deyir gərək Zelenski Rusiyaya heç zad atmasın, yoxsa Putin dəli olur, daha kəskin bomba yağdırır. Bir növ, “günah öləndədir” axmaqlığı. Ya da bizdə olur, görürsən hansısa bədbəxti gecə küçədə bıçaqlayırlar, camaat mızıldanır: “Sənin gecə vaxtı küçədə nə işin vardı? Demək burda nəsə başqa söhbət var”.
Bıçaq demişkən, dünən bu milli adətimiz haqda yazmışdım, xalqı mehribançılığa səsləmişdim. Sağ olsunlar, dərhal eşitdilər: bıçaqla bağlı daha 2 xəbər gəldi. Birində məktəblilər təhsil ocağına daxil olmaq üçün gözətçiyə bıçaq çəkib, ikincidə qayın gəlinin üzünə çapıq atmışdır. Ta mənim xahişim yoxdur, doğrayın bir-birinizi... Mümkün qədər tezləşdirin, dünyanın canı bizdən qurtarsın.
Trampın başqa biabırçılığı isə İlon Maskla aralarının sərinləməyidir. Tramp Maska vergi qoymaqla, Mask da Trampa gizli əxlaqsızlıq kassetləriylə (birbaşa!) xox gəlir. Halal olsun amerikalılara, bizi – dünyanın qara camaatını hər gün daha çox heyrətləndirirlər. Etiraf edim, mən son zamanlar “ABŞ-ın Aya astronavt göndərməsi yalandır, o çəkilişlər Hollivudda aparılıb” söhbətinə inanmağa başlamışam. Əks halda necə ola bilər ki, bu cür idiotların başçılıq elədiyi dövlət Aya uçmağı bacarsın? Bəlkə qazlı koladan çox içiblər, nəsil cırlaşması gedib, əvvəllər daha ağıllı olublar? Çətin suallardır.
Hərçənd, deyəsən Trampla Maskın arası düzələcək, dünən bu haqda işarələr vardı. Hər halda, “dəlinin dilindən dəli anlar”. İnşallah, təzədən dost olsunlar. Cəhənnəm, heç olmazsa bu münaqişə qızışmasın, yoxsa Rus-Ukrayna yalan olar. Bir gün də görərik Tramp deyir: “Bizim aramızı Bayden vurdu. Mən prezident olsaydım Trampla Mask dalaşmazdı”. Deməzmi? Kəsdiyimiz qoyunlara and olsun, deyər, bir zərrə utanmaz.
Ərazidən də zəhmətkeşlərin təklifləri gəlir. Yenə sadiq oxucularımızdan Vüsal müəllim təklif edir ki, əgər Trampla Maskın arası düzəlməsə barışıq üçün Manaf Ağayevə üz tutsunlar. Həqiqətən, Manaf müəllim son illərdə ölkəmizdə xeyli davalı manısları barışdırıbdır, sülh yaradıbdır. Guya Telli Borçalı ilə Aşıq Zülfiyyə münaqişəsinin Tramp Mask deyişməsindən fərqi nə qədərdir? Onları barışdıran, bunları lap qardaş eləyər.
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ