Onlayn ictimai-siyasi qəzet
Federal Ehtiyatlar Sistemi(FED) Ağ Evin ticarət siyasətinin ABŞ-da inflyasiyaya təsirini dəqiq müəyyən etmədən baza faiz dərəcəsini endirməyəcək. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu FED rəhbəri Cerom Pauell Avropa Mərkəzi Bankının (ECB) forumunda digər aparıcı qlobal mərkəz bankların rəhbərləri ilə keçirilən sessiya zamanı deyib: "Biz sadəcə olaraq özümüzə bir az vaxt veririk.
ABŞ iqtisadiyyatı güclü olaraq qaldığı müddətcə, daha çox öyrənmək və təsir daha dəqiq qiymətləndirmək üçün gözləmə mövqeyində qalmağı düşünürük".
Pauellin sözlərinə görə, FED rəsmilərinin əksəriyyəti bu ilin sonunda dərəcələri azaltmağın məqsədəuyğun olacağına inanır. O əlavə edib ki, bu qərar ABŞ mərkəzi bankının yaxından izlədiyi məlumatlardan asılı olacaq.
Eyni zamanda FED rəhbəri iyul iclasında uçot dərəcəsinin azaldılmasının mümkünlüyünü də istisna etməyib. Pauell qeyd edib ki, hazırda ABŞ-da istehlak qiymətlərinin dinamikası FED-in gözləntilərinə uyğundur. ABŞ mərkəzi bank rəhbərləri hesab edirlər ki, Vaşinqtonun ticarət siyasətinin təsirləri inflyasiya dinamikasında hələ də özünü göstərməyib və bunun yay aylarında hiss ediləcəyini gözləyirlər.
Qeyd edək ki, FED ötən ilin dekabrından baza dərəcəsini illik 4,25-4,5 faiz intervalında saxlayıb. Pouell hesab edir ki, bu faiz səviyyəsində FED-in siyasəti "orta dərəcədə məhdudlaşdırıcıdır".
İyulun 29-30-da keçiriləcək iclasda ABŞ mərkəzi bankının baza dərəcəsini azaltması ehtimalı hazırda bazar tərəfindən 21 faiz səviyyəsində qiymətləndirilir.
FED sədri kimi səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatan Pauell mütəmadi olaraq uçot dərəcəsinin azaldılmasını tələb edən ABŞ prezidenti Donald Trampın tənqidinə məruz qalır. Tramp onu “cənab çox ləng”, hətta “inadkar eşşək” adlandırıb.
Sintrada Trampın təzyiqi ilə bağlı sualı cavablandıran Pauell, "diqqətini işimi görməyə cəmlədiyini" söyləməklə izləyicilərin və sessiyanın digər iştirakçılarının alqışlarına səbəb olub: “"Əhəmiyyətli olan, Konqresin bizim qarşımıza qoyduğu məqsədlərə çatmaq üçün alətlərimizdən istifadə etməkdir - maksimum məşğulluq, qiymət sabitliyi, maliyyə sabitliyi. Və biz 100 faiz diqqətimizi məhz buna yönəldirik".
Musavat.com
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ