Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransanın Ukraynaya silahlı qüvvələr göndərməyə hazırlaşması ilə bağlı xəbərlərə sərt və eyni zamanda ironik tonda münasibət bildirib. O, Fransa prezidenti Emmanuel Makronun qərarını tənqid edərək bildirib ki, Paris öz hərbi ambisiyalarını nümayiş etdirmək əvəzinə, əvvəlcə öz mədəni irsini qorumağı öyrənməlidir.
Zaxarova jurnalistlərə açıqlamasında deyib:
“Yaxşı olardı ki, Makron bu əsgərlərdən ikisini mədəniyyət obyektlərinin mühafizəsi üçün göndərsin. Luvrdakı hadisə yenə təkrarlanmasın”.
Xatırladaq ki, oktyabrın 28-də Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan edib ki, Emmanuel Makronun göstərişi ilə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynaya göndərilmək üçün 2 min nəfərlik hərbi kontingent hazırlayır. Məlumatlara görə, həmin əsgərlər hazırda Polşanın Ukrayna ilə sərhəd bölgələrində yerləşdirilib, silah və texnika ilə təmin olunurlar. Planlara əsasən, bu qoşunların yaxın günlərdə Ukraynanın mərkəzi hissəsinə köçürülməsi nəzərdə tutulur.
Bu addım Avropada ciddi narahatlıqlar yaradıb. Bir çox siyasi müşahidəçilər hesab edir ki, Fransa bu addımı ilə ABŞ-dan asılı vəziyyətdən qurtulmaq, eyni zamanda Avropa İttifaqında “lider rolunu” ələ almaq niyyətindədir. Lakin Moskva üçün bu qərar açıq şəkildə eskalasiya deməkdir və Kreml dəfələrlə xəbərdarlıq edib ki, Fransa və ya digər NATO ölkələrinin hərbi iştirakının artırılması birbaşa münaqişənin genişlənməsinə gətirib çıxara bilər.
Fransada isə ictimai rəy birmənalı deyil. Bəzi siyasətçilər Makronun bu qərarını “Ukrayna ilə həmrəylik aktı” kimi qiymətləndirsələr də, digərləri bunun ölkəni yeni hərbi qarşıdurmanın içinə sürükləyə biləcəyindən ehtiyat edirlər. Makronun “Ukraynada sülhü təmin etmək üçün aktiv iştirak” bəyanatı isə əslində Qərb cəbhəsində Fransa diplomatiyasının öz mövqelərini bərpa etmək cəhdidir.
Moskvanın rəsmi cavabı hələlik diplomatik səviyyədədir, lakin Zaxarovanın ironik çıxışı göstərir ki, Kreml bu məsələyə ciddi reaksiya verməyə hazırlaşır. Rusiya tərəfi bu cür addımların “qırmızı xəttin” aşılması kimi qəbul ediləcəyini və nəticələrinin “təhlükəli” ola biləcəyini açıq şəkildə bəyan edir.
Bəs Makronun Ukraynaya 2 min fransız əsgər göndərmək planı Avropada yeni hərbi gərginliyin başlanğıcı sayıla bilərmi? Bu addım NATO-nun birbaşa münaqişəyə cəlb olunması deməkdirmi, yoxsa Fransa özbaşına hərəkət edir? Rusiya bu vəziyyətdə hansı cavab addımlarına əl ata bilər - diplomatik, yoxsa hərbi?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, Fransanın Ukraynaya hərbi qüvvə yeritməsi məsələsi yeni deyil:
“Əvvəllər də Fransa hökuməti Ukraynaya hərbi qüvvə göndərmək niyyətində idi. Hətta müəyyən qədər hərbi kontingentin göndərildiyi barədə məlumatlar da yayılmışdı. Lakin sonradan bu məlumatlar həm təkzib olundu, həm də prosesin ardı gəlmədi. Yəni, məsələ müəyyən dərəcədə gündəmdən düşdü.
Bununla belə, Emmanuel Makronun belə bir niyyəti, yəni, Ukraynaya hərbi qüvvə yerləşdirmək istəyi hər zaman aktual olub. Fransa Prezidenti bu məsələdə kifayət qədər israrlı və istəkli görünürdü. Bu isə, təbii ki, Rusiya tərəfinin ciddi narahatlığına səbəb ola bilər. Çünki üçüncü bir ölkənin münaqişəyə müdaxiləsi, xüsusən də Ukraynaya hərbi qüvvə göndərməsi, Rusiya ilə NATO arasında münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər.
Xatırladaq ki, Fransa NATO-nun əsas üzv dövlətlərindən biridir və dünyada ən böyük nüvə arsenalına malik ölkələrdən sayılır. Belə bir addım Moskva üçün birbaşa təhlükə kimi qəbul edilə bilər. Rusiya çalışır ki, NATO ölkələri ilə açıq qarşıdurmadan yayınsın, çünki bu, regional sabitlik üçün ciddi təhlükə yarada bilər”.
Politoloq bildirib ki, Fransanın bu davranışı Avropa ölkələri tərəfindən də birmənalı qarşılanmır:
“Avropa liderlərinin bir qismi Makronun bu cəhdlərini məsuliyyətsiz addım kimi qiymətləndirir. Onların fikrincə, bu cür davranışlar Avropa İttifaqını Rusiya ilə birbaşa qarşıdurmaya sürükləyə bilər. Buna görə də Makronun bu siyasəti Avropa siyasi dairələrində kifayət qədər tənqid olunur və mənfi fikirlər səsləndirilir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Makron iki fransız əsgərini muzey mühafizəsinə göndərsin, Luvrdakı hadisə təkrarlanmasın” açıqlaması da əslində Makrona ünvanlanan siyasi mesajdır. Bu, bir növ ironiya ilə deyilmiş xəbərdarlıqdır: “Əvvəlcə öz ölkəndəki problemləri həll et, təhlükəsizliyini təmin et, ondan sonra digər ölkələrin işinə qarış”.
Doğrudan da, son dövrlərdə Fransanın daxili siyasətində bir sıra problemlər müşahidə olunur. Təhlükəsizlik və iqtisadi sahələrdə müəyyən çətinliklər, sosial narazılıqlar artıb. Belə bir şəraitdə Makron hökumətinin xarici müdaxilələrə girişməsi müəyyən suallar doğurur. Bu xəbərlərin bir hissəsi dezinformasiya xarakteri daşıya bilər, çünki hələlik məsələ ilə bağlı rəsmi təsdiq yoxdur. Ola bilsin ki, bu iddialar Fransa ilə Rusiyanı qarşı-qarşıya gətirmək məqsədilə yayılır.
Lakin bir məsələ də var ki, Makronun özü bundan əvvəl dəfələrlə Ukraynaya fransız hərbi qüvvələrinin göndərilməsi ideyasını açıq şəkildə dəstəklədiyini bəyan edib. Bu baxımdan, yayılan məlumatların müəyyən əsasları ola bilər və prosesin hansı istiqamət alacağı yaxın günlərdə daha aydın görünəcək”.
Xalidə Gəray
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ