Onlayn ictimai-siyasi qəzet
Bu gün Birinci Qarabağ Müharibəsi şəhidi Quliyev Abdulla Novruz oğlunun Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yasamal RİH başçısının müavini Orxan Məmmədov, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mərhumun yaxınları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Mərasimdə bildirilib ki, 26.10.1968-ci il təvəllüdlü Abdulla Quliyevin 08.05.1992-ci ildən Şuşa şəhərində itkin düşdüyü hesab olunurdu. Şanlı ordumuz tərəfindən işğaldan azad olunan torpaqlarımızda 33 ildən sonra tapılan şəhidin nəşi bu gün dərin ehtiramla torpağa tapşırıldı.
Dəfn mərasimində Azərbaycanın igid, qəhrəman oğullarının döyüş meydanlarında göstərdiyi şücaətlərdən, Vətən Müharibəsində əldə olunan şanlı qələbədən danışılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan düşmənə qalib gəlməklə ilahi ədaləti bərpa etdi, 30 illik vətən həsrətinə son qoyuldu.
Hazırda işğaldan azad olunan torpaqlarımız bir-birinin ardınca surətli şəkildə yenidən qurulur və soydaşlarımız Qarabağda azad, təhlükəsizlik şəraitində yaşamağa başlayıblar.
Mərasimdə şəhidin yaxınları da vurğulayıblar ki, hər zaman əzizləri Abdulla Quliyevin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar.
Bu arzularına çatdıqlarına, onun nəşinin tapılaraq gətirilib dəfn edilməsinə və dövlətimiz tərəfindən şəhid ailələrinə daimi diqqət və qayğının göstərildiyinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ