Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni baş nazirin təyin olunması imkanını nəzərdən keçirəcək. Musavat.com xəbər verir ki, nu barədə Yelisey sarayının açıqlamasında bildirilib.
“Respublika Prezidenti deputatların səsverməsinin nəticələrini nəzərə alır. Sabah o, baş nazir Fransua Bayru ilə görüşəcək və onun hökumətinin istefasını qəbul edəcək. Respublika Prezidenti yaxın günlərdə yeni baş naziri təyin edəcək”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Milli Assambleyanın (parlamentin aşağı palatası) əksər deputatları baş nazir Fransua Bayrunun proqram çıxışından sonra hökumətə etimad göstərməyiblər. LCI telekanalının məlumatına görə, Bayru çərşənbə axşamı səhər istefa ərizəsini prezidentə təqdim edəcək. Bu gün isə o, Matinyon sarayında nazirlərlə müşavirə keçirəcək.
Parlamentdə çıxışı zamanı Bayru ölkədə iqtisadi böhranı vurğulayaraq dövlət borcunun sürətli artımına diqqət çəkib. O, iyul ayında təqdim etdiyi dövlət xərclərinin məhdudlaşdırılması planını müdafiə edib. Həmin plana əsasən, 2026-cı ildə təxminən 44 milyard avro qənaət olunmalı idi. Bunun üçün pensiya və digər sosial ödənişlərin artırılmasından imtina nəzərdə tutulurdu.
Şahanə Rəhimli
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ