Onlayn ictimai-siyasi qəzet
Dünya hazırda məhz Qərbin yaratdığı müharibə və xaosla çalxalanır. ABŞ, Fransa və bütövlükdə Qərb onilliklərdir Əfqanıstandan İraqa, Suriyadan Liviyaya qədər müsəlman coğrafiyalarında müharibələr, çevrilişlər, bombalamalar təşkil edib. Nəticədə milyonlarla insan didərgin düşüb.
Amma indi həmin insanlar müharibədən, aclıqdan, bombalardan qaçıb məhz o “demokratiya” carçısı Qərbə – Avropaya üz tutanda onları sahildə bıçaqlarla qarşılayırlar.
Musavat.com-un məlumatına görə, Fransanın Qravlen bölgəsində Böyük Britaniyaya keçmək istəyən onlarla miqrantın olduğu şişmə “taksi qayıqları” polis tərəfindən qəsdən bıçaqlanaraq deşilib.
Fransa polisi bu “əməliyyatı” qayıqların yola çıxmasına cəmi bir neçə dəqiqə qalmış həyata keçirib və miqrantların La-Manşı keçməsinə imkan verməyib.
Bu tədbir Fransa hökumətinin Böyük Britaniyaya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün həyata keçirdiyi daha sərt nəzarət siyasətinin bir hissəsi hesab olunur. Amma əslində, bütün bunlar bir daha göstərir ki, Qərb dünyanın dörd bir yanında müharibə ocaqları yaradıb, sonra isə həmin müharibədən qaçan insanların qapısını möhkəm şəkildə üzlərinə bağlayır.
Hadisənin görüntülərində xilas jileti geyinmiş miqrantların qayığın batması qorxusu ilə necə təşviş içində olduqları, Fransa polislərinin isə sahildə sevinə-sevinə bu «xidmətlərini» necə nümayiş etdirdikləri əks olunur.
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ